Avstraliyanın Kvinslend Universitetinin alimləri müəyyən ediblər ki, uşaqlarda astmanın kəskinləşməsinə valideynlərin maddi sıxıntılar üzündən yaşadıqları stress səbəb ola bilər. Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələri "Wiley Online Library"də dərc olunub.Astma bronxial hiperreaktivlik, öskürək, nəfəs darlığı və boğulma hücumları ilə müşayiət olunan tənəffüs yollarının vaxtaşırı daralmasıdır. Bütün halların təxminən yarısı 10 yaşdan kiçik uşaqlarda diaqnoz qoyulur.Ailə münasibətləri kimi psixososial faktorlar və astmanın kəskinləşməsi riski arasındakı əlaqəni araşdırmaq üçün tədqiqatçılar uşaqlı 3900 ailə üzərində araşdırma aparıblar. Alimlər subyektlərin sağlamlıq vəziyyəti haqqında məlumat toplayıb, uşaqlarda astma simptomlarının ilk dəfə göründüyü yaşı qeydə alıb və onların intensivliyini qiymətləndiriblər. Bundan əlavə, tədqiqatçılar uşaqların həyatları boyu stressli vəziyyətlərlə nə qədər tez-tez qarşılaşdıqlarını müəyyən ediblər.Nəticələr göstərib ki, anaları depressiyaya meyilli olan uşaqlarda astma və onun ağırlaşmalarına 55% daha çox rast gəlinir. O da məlum olub ki, maddi sıxıntıların yaratdığı valideyn stressi uşaqlarda bu xəstəliyin yaranmasına səbəb ola bilər.