EN

Liviya yığmasına texniki məğlubiyyət verildi

Afrika Futbol Konfederasiyasının (CAF) İntizam Şurası Liviya yığmasını texniki məğlubiyyətlə cəzalandırmaq haqda qərar verib.

Arena.az bu barədə Afrika Futbol Konfederasiyasının rəsmi saytına istinadən məlumat verir.

Buna səbəb Liviya hökuməti tərəfindən bu ölkənin yığma komandasının Nigeriya millisi ilə Afrika Millətlər Kubokunun seçmə mərhələsinin oyunu ərəfəsində yaratdığı qalmaqaldır. Üstəlik Liviya Futbol Federasiyası (LFF) da 50 min ABŞ dolları məbləğində cərimələnib.

Xatırladaq ki, oktyabrın 14-də Nigeriya yığması Liviya millisi ilə oyun üçün Liviyaya uçmuşdu. Təyyarə eniş etməzdən dərhal əvvəl, təcili olaraq, tərk edilmiş başqa bir hava limanına yönəldilib. Nigeriyalılar oradan təyinat nöqtəsinə – gərəkli şəhərə bir neçə saata çatmalı olsalar da, ev sahibi ölkə onları nəqliyyatla da təmin etməyib. Üstəlik, yaxınlıqdakı otellərə nigeriyalıları yerləşdirmək qadağan edilib. Nigeriya komandası hava limanında 13 saatdan çox vaxt keçirib.

Bu hal Nigeriya yığması tərəfindən anlaşılmazlıqla qarşılanıb və ölkənin futbol rəhbərliyi müvafiq ünvanlara şikayətlə müraciət edib.

Maraqlıdır ki, liviyalılar bu davranışlarına maraqlı əsas tapıblar. Bildirilib ki, “hörmətsizlik marafonunu” ilk dəfə Nigeriya başladıb. Liviyalı futbolçuların bu tarixdən bir neçə gün əvvəl Nigeriyada pis qarşılandığı, hava limanında bir neçə saat saxlandığı iddia edilir.

Chosen
25
arena.az

1Sources