EN

Qurban Qurbanov: "Asan penalti idi"

"Çox vacib qalibiyyət idi. İlk hissədə çox yaxşı müdafiə olunmuş komandaya qarşı oynayırdıq."

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 11-ci turunda “Şamaxı” ilə oyunda qazanılan 3:0 hesablı qələbəni şərh edib: "Şamaxı" çox sıx, çox kompakt oynayırdı. Ona görə ilk hissədə bir, ya iki qol epizodumuz oldu. İkinci hissə daha açıq oyun getdi. Futbolçularımıza oynamaq daha rahat oldu. Vacib qələbə idi. Hər qələbə çempionatdakı yerimizi qoruyub-saxlamağımız üçün vacibdir. Ayxan Abbasova və komandasına uğurlar arzulayıram. Oyunun əvvəlində mənə və komandama dəstək olan azarkeşlərimizə təşəkkür edirəm".

Qurbanov "Şamaxı"nın qapısına təyin olunan penaltini asan adlandırıb: "Əfsuslar olsun ki, nə qədər futboldan danışılırsa, bir o qədər də hakimlikdən danışılır. Bu, heç yaxşı hal deyil. Dünya futboluna baxsaq, hər yerdə eyni ssenaridir. Bəzən biz də anlaya bilmirik ki, bizim düşüncəmizlə düzdür demək, hansı epizodda hakimin qərarının düzgün olduğunu düşünmək olar. Elə qaydalar deyirlər ki, biz onu bilmirik, görməmişik, eşitməmişik. Kitabla elə şeylər deyirlər ki, belə qalırıq. Bəli, elə bugünkü penalti də yüngül, asan penalti idi. Amma ümumən avrokuboklardakı son oyunda gördüklərimdən sonra öz hakimlərimizə deyəcək söz yoxdur. İşlərini görürlər. Həmişə tərəfdarı olmuşam ki, bəsit sarı, qırmızı kartlar verilməsin. Çünki hər bir komanda həftəboyu hazırlaşır ki, hansısa oyun üslubunu qursun, rəqabət göstərsin. Ancaq görürsən ki, bəsit sarı vərəqə oyunçunu ehtiyatlandırır və ikinci sarı vərəqədən sonra komanda azlıqda qalır, bütün planlar pozulur. Burada həm futbolçuların, məşqçinin, rəhbərliyin əziyyəti heç olub gedir. Futbol çox kapriz idman növüdür. Hakimlik də ağır peşədir. Hamımız mən qarışıq gedək hakimliyin üstünə, onlar da çətinlik çəkə bilərlər. Futbol mübarizə oyunudur. Bugünkü oyunun tempi o qədər dayandı ki, futbolçularım bəlkə yorğun idilər. Amma yorğun halda da, tempi gərək qaldırmaq qabiliyyətində olsunlar. Oyun sanki çox dayandı, pauzalar çox idi. Hakimlərdə də, bizdə də, futbolumuzda da temp qalxmalıdır. Çox cüzi olaraq hakimləri qınayıram. Çünki onların peşəsi çox ağırdır, qayda-qanunlar var".

"Qarabağ"ın baş məşqçisi Avropa kuboklarında uğursuz nəticələrin ruh düşkünlüyü yaratdığını etiraf edib: "Hər məğlubiyyətdən sonra istər-istəməz ruh düşkünlüyü olur. Amma bizim işimiz bir günlə, 1-2 oyunla bitmir. İlboyu oyunlarımız, mübarizəmiz davam edir. Belə hallarla biz hər il üzləşirik. Çalışmışıq ki, məğlubiyyətləri doğru qəbul edərək, səhvlərimizi özümüz görərək onları aradan qaldıraq. Bu vəziyyətdən də çıxmağa çalışırıq. İnanıram ki, qarşıdakı oyunlarda bu məqam bizim üçün bir o qədər də psixoloji sarıdan mane olmayacaq. Biz peşəkarıq, peşəkar kimi davranmağa çalışırıq. Meydana çıxmışıqsa, məğlubiyyətdən də qaça bilmərik. Əksinə, digər oyunlara necə hazırlaşacağıqsa, onu tez bir zamanda ələ almaq lazımdır. Ruh düşkünlüyü olsa da...Belə oyunlardan sonra həmişə olacaq. Çalışırıq ki, digər oyunlarda bunu hiss etməyək".

Qeyd edək ki, "Qarabağ" keçirdiyi 10 oyunda 9 qələbə qazanıb. 27 xal toplayan son çempion vahid liderdir.

İdman.biz

Chosen
34
9
idman.biz

10Sources