EN

Vətən müharibəsinin 32-ci günü: Zəngilan, Cəbrayıl və Qubadlının bir neçə kəndi işğaldan azad edilir

2020-ci il oktyabrın 28-i, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz ikinci günü.

seher.media xatırladır ki, humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan ordusu cəbhənin müxtəlif istiqamətlərində ordumuzun yerləşdiyi mövqeləri və cəbhə zonasına yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutur. Döyüş əməliyyatları, əsasən, cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində davam edir. Gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də bir ədəd "Osa" zenit-raket kompleksi, üç ədəd "BM-21" "Qrad" yaylım atəşli reaktiv sistemi, altı ədəd "D-30", beş ədəd "D-20" və bir ədəd "D-44" topu, iki ədəd 2A36 "Qiasint-B" topu, bir ədəd 120 mm çaplı minaatan, bir ədəd "Konkurs" tank əleyhinə raket kompleksi və altı ədəd avtomobil texnikası məhv edilir və sıradan çıxarılır.

Döyüş meydanında məğlub olması ilə barışa bilməyən düşmən, yenə də mənfur xislətinə uyğun olaraq, mülki əhalinin yaşadığı ərazilərə hücumlarını davam etdirir, Tərtər, Ağcabədi, Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı artilleriya atəşinə tutulur. Günorta saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinə qarşı yenidən "Smerç" raketlərindən istifadə edilərək zərbələr endirilir. Hadisə nəticəsində 21 nəfər həlak olur, 70-dən artıq şəxs isə yaralanır, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyir. Mülki əhali arasında xidmət aparan Fövqəladə Hallar Nazirliyinin bir əməkdaşı raket atəşi nəticəsində həlak olur, bir əməkdaşı isə ağır yaralanır.

Lakin heç bir addım xalqımızı haqq yolundan döndərə bilmir. Ordumuzun düşməni döyüş meydanında məğlub etdiyi bu günlərdə xalq öz həmrəyliyini qoruyub-saxlayır. Elə həmin gün Prezident İlham Əliyev Bərdə sakinlərinin qisasının yerdə qalmayacağını, döyüş meydanında işğalçılara layiqli cavab veriləcəyini sosial şəbəkə hesabından bildirir:

"Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralıların şəfa tapmasını diləyirəm. Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək".

Ordumuz da düşmənin Bərdədə iki gün ard-arda törətdiyi qanlı terrorun qurbanı olan şəhidlərimizin qisasını ön cəbhədə alır. Elə həmin gün dövlət başçısının Rusiyanın "İnterfaks" agentliyinə müsahibəsində dediyi kimi:

"Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. İşğal edilmiş ərazilərin xeyli hissəsi bu bir ay ərzində azad olundu. Erməni tərəfinin təqribən 30 il ərzində işğal olunmuş torpaqlarda möhkəmləndirilmiş rayonlar yaratmasını nəzərə alsaq, orada bir neçə müdafiə xətti var idi. Ərazinin relyefi də erməni tərəfi üçün daha əlverişlidir, çünki ora dağlıq ərazidir və bizim hərbi qulluqçular əks-hücum əməliyyatlarını həyata keçirərkən həm mühəndis qurğularını, həm də dağlıq relyefi adlamalı olurdular. Buna görə də bütün bu amillər nəzərə alınmaqla ölkəmizin ərazilərinin xeyli hissəsi bir ay ərzində azad edildi və bu göstərir ki, Azərbaycan Ordusunun dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilməsi əbəs deyildi. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır. Həm peşəkarlıq, həm təlim, həm döyüş qabiliyyəti, ən başlıcası - mənəvi döyüş ruhu, əlbəttə ki, Azərbaycan Ordusunun texniki təchizatı da çox cəhətdən bizim uğurumuza kömək edib. Biz Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərini, Xocavənd rayonunun bir hissəsini azad etmişik. Azərbaycan Ordusunun uğurlu fəaliyyəti, uğurla irəliləməsi davam edir. Bu bir ay ərzində mən dəfələrlə demişəm ki, biz bu münaqişənin nizamlanmasının hərbi mərhələdən siyasi mərhələyə keçməsini istəyirik. Lakin təəssüf ki, erməni tərəfi atəşkəs rejimini artıq üçüncü dəfə kobud şəkildə pozaraq, bizim azad etdiyimiz əraziləri yenidən işğal etməyə cəhd göstərərək, qarşıdurmanı davam etməyə doğru yönəldir. Buna görə sizin sualınıza bir daha cavab verirəm - hərbi-siyasi nizamlama yeganə mümkün yoldur. Biz istərdik ki, hərbi faza danışıqlar masası arxasında başa çatsın, Azərbaycan ərazilərinin bundan sonra da işğaldan azad olunması məsələləri həll edilsin".

Bütün bunların fonunda Ali Baş Komandandan növbəti qələbə xəbər gəlir:

"Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Əbilcə, Qılıcan kəndlərini işğaldan azad etmişdir.

Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

Beləliklə, müharibənin 32-ci günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfində olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verir.

Mərahim Nəsib

Chosen
75
2
seher.media

10Sources