EN

Qvardiola özündən sonrakı “Mançester Siti”dən danışdı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə klubundan ayrılmasının mümkün nəticələri barədə söhbət açıb.

Arena.az “Daily Mail” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mançester Yunayted”də nə baş verdiyini bilmirəm, amma burada elə olmayacaq. Bir və ya iki nəfərin getməsi işlərin tənəzzülə uğradığı demək olarsa, bu, klub üçün pis əlamət olardı. Ola bilsin ki, bəzi xətalar olacaq, amma onlar tez bir zamanda çözüləcək. Rəhbərlik nə etmək gərək olduğunu dəqiq bilir. Onlar sakit və səbrli qalacaqlar. Buna isə heç bir şübhəm yoxdur”, deyə “Pep” vurğulayıb.

Xatırladaq ki, Xosep Qvardiola 2016-cı ilin iyul ayından “Mançester Siti”ni çalışdırır. “Şəhərlilər” bu müddətdə “Pep”in rəhbərliyi altında 486 oyun keçiriblər, 360 qələbə qazanıblar, 60 heç-heçə ediblər, 66 məğlubiyyətə üzülüblər. Top fərqi isə 1235:436 nisbətindədir.

Bu müddətdə “Pep” “Mançester Siti”nin futbol tarixinin ən şanlı salnaməsini yaradıb. Qvardiola “şəhərlilər”ə 6 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 3 dəfə İngiltərə Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazandırıb.

Xatırladaq ki, “Pep” “Mançester Siti”dən öncə “Barselona” və “Bayern”i də uğurla çalışdıraraq, çoxlu qənimətlər qazandırıb.

9 turdan sonra Qvardiolanın “Mançester Siti”si 23 xalla Premyer Liqanın yarış cədvəlinə şərti olaraq başçılıq edir. 8 oyundan 21 xalla 2-ci pillədə qərarlaşmış “Liverpul” mümkün lider qismindədir.

Chosen
51
21
arena.az

10Sources