EN

“Gürcü xalqı öz gələcək inkişafı ilə bağlı düzgün qərar qəbul etdi” - ŞƏRH OLUNDU

“Gürcüstanda baş tutan parlament seçkiləri həm Gürcüstan, həm də region üçün olduqca təsirli siyasi hadisə idi. Bu seçki başlıca olaraq Gürcüstanla Qərb arasında münasibətlərin gərginləşməsi fonunda baş tutdu. Gürcüstan parlamenti tərəfindən “Xarici təsirlərin şəffaflığı haqqında” qanun qəbul edildikdən sonra Qərb siyasi dairələri Gürcüstanla münasibətlərə yenidən baxılacağı, hətta Gürcüstanın Avropa İttifaqına namizədliyi məsələsinin də yenidən nəzərdən keçiriləcəyini səsləndirirdilər. Bütövlükdə isə Gürcüstan parlamenti ənənəvi dəyərlərin qorunması, eyni zamanda xarici müdaxilələrin qarşısının alınması məsələsində əzmkarlıq nümayiş etdirdi. Sözügedən qanun layihəsi qəbul edildikdən sonra gəlirlərinin 20 faizdən çoxu kənardan gələn qeyri-hökumət təşkilatları xarici agentlər kimi qeydiyyatdan keçməli idi. Bu da Qərbdə çox ciddi qıcıq yaradırdı. Çünki Qərb siyasi dairələri məhz öz nəzarətlərində olan, mailiyyələşdirdikləri QHT-lər vasitəsilə Gürcüstanın siyasi həyatına müdaxilə etmək imkanlarına sahib idilər. Bu səbəbdən də Qərb Gürcüstanda parlament seçkilərinə ayrıca hazırlaşırdı, hətta iğtişaşların baş verəcəyi, çevriliş cəhdlərinin olacağı barəsində təsəvvür də formalaşmışdı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

O bildirib ki, Gürcüstanda baş tutan parlament seçkiləri hakim “Gürcüstan Arzusu” partiyasının inamlı qələbə qazanması bir daha nümayiş etdirdi ki, gürcü xalqı öz gələcək inkişafı ilə bağlı düzgün qərar qəbul etdi: “Bu çox vacib siyasi qərar idi. Gürcüstanda yaşayan azərbaycanlılar da seçkilərin nəticələrinə ciddi təsir göstərdi. Belə ki, orada yaşayan 300 min soydaşımız hakim “Gürcü Arzusu” partiyasının qələbəsinə 7-8 faiz səsi ilə töhfə verdi. Bu mənada azərbaycanlıların Gürcüstanda hakim “Gürcü Arzusu” partiyasını dəstəkləməsi bir sıra istiqamətlərdə müsbət qiymətləndirilməlidir. İlk növbədə orada yaşayan soydaşlarımız da “Gürcü Arzusu” partiyasını dəstəkləməklə ənənəvi dəyərlərə sadiqliyini nümayiş etdirdilər. Bu dəyərlərin qorunması istiqamətində növbəti mərhələdə də fəaliyyətin həyata keçirilməsi imkanlarını yaratmış oldular. Yəni, “Gürcü Arzusu” partiyası bundan sonra da hökuməti idarə etməklə ailə və ənənəvi dəyərləri daha da inamla qoruyacaqlar. Cənubi Qafqaz üçün zidd olan dəyərlərin Gürcüstanda və regionda yayılmasının qarşısı alınacaq.

Eyni zamanda Gürcüstanda yaşayan azərbaycanlılar “Gürcü Arzusu” partiyasını dəstəkləməklə, bütövlükdə Cənubi Qafqaz regionunun gələcək təhlükəsizliyinin etibarlı təmin olunması istiqamətində çox mühüm mövqe nümayiş etdirmiş oldular. Belə ki, Gürcüstanda Qərbin dəstəklədiyi siyasi qüvvələr qalib gəldiyi təqdirdə, bu zaman Qərbin regiona təhlükəli müdaxilələri üçün real şərait yaranmış olardı. Bunun da region üçün nə dərəcədə təhlükəli olduğunu təsəvvür etmək çətin deyil. Beləliklə, Gürcüstanda yaşayan soydaşlarımız öz mövqeləri ilə Cənubi Qafqazın gələcək sabitliyi və təhlükəsizliyini qorudular.

Digər tərəfdən Gürcüstanda hazırki hökumətlə Azərbaycan arasında çox konstruktiv əlaqələr mövcuddur, siyasi əlaqələr dinamik şəkildə inkişaf edir, həm də iki ölkə arasında iqtisadi əməkdaşlıq davamlı inkişafdadır. Ardıcıl olaraq beynəlxalq platformalarda da Gürcüstan və Azərbaycan biri-birinin mövqeyini səmimiyyətlə dəstəkləyirlər. Gürcüstandakı soydaşlarımız “Gürcü Arzusu” partiyasını dəstəkləməklə, həm də Azərbaycan-Gürcüstan münasibətlərinin hazırki inkişaf səviyyəsinin davam etdirilməsinə dəstək verdilər”.

Müəllif: Səbinə Hüseynli
Chosen
23
46
sia.az

10Sources