EN

COP29 iqlim maliyyələşdirilməsi üzrə ambisiyalı nəticələrin əldə olunmasına təkan verməlidir -Saymon Stil

COP29 sammiti iqlim maliyyələşdirilməsi üzrə əhəmiyyətli nəticələr əldə olunmasını təmin etməlidir.

“İki sahil” xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil 2024-cü il üçün Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) üzrə icmal hesabatı ilə əlaqədar bəyanatında bildirib.

Onun sözlərinə görə, bu gün dərc olunan NDC üzrə icmal hesabat dönüş nöqtəsi olmalıdır ki, bu da “yetərsizlik dövrünə son qoyacaq və sürətlənmənin yeni mərhələsinə start verəcək”.

"Bu, gələn il bütün ölkələr tərəfindən daha iddialı milli iqlim planlarının təqdim edilməsi fonunda baş verir. Düzgün yanaşma ilə bu yeni milli iqlim planları yalnız iqlim xaosunun qarşısını almaqla kifayətlənməyəcək, həm də hər bir ölkədə rifahın təmin olunmasına yol açaraq insanları yeni səviyyəyə qaldıra bilər”, - bəyanatda qeyd olunur.

S.Stil vurğulayıb ki, yeni ambisiyalı milli iqlim planları investisiyaların cəlb edilməsi, iqtisadi artım, iş yerlərinin açılması, çirklənmənin azaldılması, insanların sağlamlığının yaxşılaşdırılması və təmiz enerji təminatının artırılması kimi bir çox müsbət dəyişikliyə töhfə verə bilər.

"Gözlənildiyi kimi, ölkələr hazırda gələn il təqdim ediləcək yeni NDC-lərin hazırlanması üzərində işlədikləri üçün bu ilki hesabat gələn il gözlənilən və tələb olunanlarla müqayisədə yalnız kiçik bir irəliləyiş göstərir. Növbəti iqlim planları iqlim dəyişikliyi ilə mübarizədə daha geniş və iddialı tədbirlər təmin etməlidir”, - icraçı katib əlavə edib.

S.Stilin sözlərinə görə, bu yeni iqlim planları əsrin ən mühüm siyasi sənədlərindən biri olacağından, BMT İqlim Katibliyi gələn il ölkələrə NDC-lərin icrasında dəstək olmaq və ictimaiyyəti onların həyata keçirilməsinə cəlb etmək üçün bir sıra tədbirlər təşkil edəcək.

"COP29 iqlim mübarizəsində çox mühüm məqamdır və bugünkü hesabatın nəticələri COP29-un uğur qazanmasının vacibliyini bir daha xatırladır. Ölkələrin nümayəndələri Bakıya gələrək COP28-də "BƏƏ Konsensusu"nda qeyd edilən vədləri - bərpa olunan enerji mənbələrinin üçqat artırılması, qlobal uyğunlaşma hədəflərinin müəyyən edilməsi, bütün növ qalıq yanacaqlardan keçid və digər tədbirləri real nəticələrə çevirmək üçün hazır olmalıdırlar. COP29 təşəbbüskar COP olmalı və inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını nəzərə alaraq konkret və ambisiyalı iqlim maliyyələşdirilməsi nəticələrinin əldə olunmasını təmin etməlidir, çünki bu cür dəstək hər bir ölkənin və qlobal iqtisadiyyatın iqlim dəyişikliyinin mənfi təsirlərindən qorunmasında əsas əhəmiyyət kəsb edir”, - Stil əlavə edib.

Chosen
33
7
ikisahil.az

8Sources