EN

Gürcüstan üçün vaxt verildi - Bir həftəyə...

Gürcüstanda seçkilər əvvəldən təxmin edildiyi səviyyədə yekunlaşdı. Seçkilərdən əvvəl keçirilən sorğularda da göstərilirdi ki, Gürcü Arzusu Partiyası təxminən 55-56 faizə yaxın səs toplaya bilər.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, bu, Qallup təşkilatının keçirdiyi sorğu idi:

“Təbii ki, bir çox təşkilat, sorğu mərkəzləri də belə rəy sorğuları keçirmişdi. Adətən bu sorğular həm də manipulyasiya xarakteri daşıyır deyə, yalnız onun üzərindən məsələlərə qiymət vermək doğru olmaz. Gürcüstanda keçirilən seçkilərlə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun açıqlamasında qeyd olundu ki, təşkilatçılıq, şəraitin yaradılması və sair kimi məsələlər müsbət qiymətləndirilir. Eyni zamanda bəzi məqamlar da tənqid olundu. Hesab edirəm ki, bu tənqidlər üçün müəyyən əsaslar olsa da, ümumilikdə nəticələrə təsir etmədi. Ən azı ötən seçkilərlə bu seçkiləri müqayisə etdikdə, əslində müxalifətin də aldığı səslər çox ciddi şəkildə fərqlənmir. Nəzərə alsaq ki, müxalifət də bir neçə bloklar halında seçkilərə qatılmışdı. Ancaq vahid strategiya olmaması, yalnız hakimiyyəti tənqid etməsi və digər məsələlərə görə həmin təbliğat kompaniyası sıravi vətəndaşa çox da böyük təsir etmədi”.

Oqtay Qasımov bildirib ki, bu seçkilərdəki nəticələr ümumən Gürcüstan cəmiyyətinin əhval ruhiyyəsini özündə əks etdirir:

“Gürcüstanda təxminən 7-8 faiz səsi olan azərbaycanlı seçicilərin əksəriyyəti Gürcü arzusu partiyasına səs verdi. Bunun da çox müxtəlif səbəbləri var. Bu səbəblərdən biri də məhz Qərbin son illər Azərbaycana qarşı yürütdüyü qərəzli siyasətdir. Bu siyasətin Gürcüstanda da həyata keçiriləcəyi təqdirdə bölgədə daha ciddi problemlərin yaranacağı ilə bağlı müəyyən düşüncələr də yer aldı ki, bu da azərbaycanlı seçiciləri hazırkı Gürcüstan hökumətinə səs verməyə təşviq etdi. Bu da seçkilərdə kifayət qədər ciddi öz rolunu oynadı. Yəni Gürcü arzusunun səs almasında soydaşlarımızın əhəmiyyətli rolunu xüsusi qeyd etmək lazımdır. Düzdür, hakimiyyət Tiflisdə müxalifətdən geri qaldı. O cümlədən xaricdə yaşayan Gürcüstan vətəndaşları daha çox müxalifətə səs verdi. Bu da aşağı-yuxarı anlaşılandır.

Çünki Qərb tərəfindən dəstəklənən və maliyyələşdirilən qeyri-hökumət təşkilatlarının və siyasi partiyaların, ictimai təşkilatların mütləq əksəriyyəti Tiflisdə yerləşdiyindən belə bir nəticənin olacağı gözlənilən idi. Bundan sonrakı proseslərə gəldikdə, artıq öncədən ehtimal olunan ssenarilər işə düşə bilər. Belə ki, həm seçkilərdə qələbə çalmamış, parlamentə düşən müxalif bloklar, eyni zamanda Gürcüstanın prezidenti, hansı ki Gürcüstan hakimiyyətində "Troya atı" kimi dəyərləndirilə bilər. Gürcüstan dövlətini içəridən sarsıtmaq missiyasını həyata keçirdir. Onun da çağırışları oldu və etirazlara xalqı səslədi, seçkilərin qeyri-legitim olduğunu elan etdi. Bu, əslində gözlənilən variant idi. Seçkilər başlamamışdan öncə də bu variantlar üzərində ehtimallar irəli sürülürdü.

Sual olunur ki, Gürcüstanda bundan sonrakı gəlişmələr necə olacaq? Düşünürəm ki, hazırda hər iki tərəfin verdiyi bəyanatlara diqqət etdikdə, görünən odur ki, tərəflər hansısa bir məsələdə kompromisə gəlməkdən hələlik uzaqdırlar. Həmçinin Gürcüstan hökumətinin nümayəndələrinin də açıqlamalarına diqqət etdikdə onların hansısa güzəştə getməyəcəklərini və dövlət çevrilişi cəhdlərinin qarşısının sərt şəkildə alınacağını bəyan ediblər. O baxımdan Gürcüstan prezidenti etiraz mitinqinə əhalini səsləyib. Hər halda yaxın bir neçə gün həlledici hesab oluna bilər. Belə ki, etirazçıların sayı və onların davranışları gələcək üçün müəyyən proqnozlar verməyə əsas yarada bilər. Əgər yaxın bu həftə içində gürcü müxalifəti genişmiqyaslı və iddialı, həm də inadlı dirəniş göstərəcəksə, onda hökumətlə hansısa bir məsələdə bəlkə də anlaşa bilərlər. Amma faktiki olaraq hazırda Gürcüstanda “kim-kimi” sualı qoyulduğundan və proses bu cür anlaşıldığından tərəflərin bundan sonrakı münasibəti ölkə üçün kifayət qədər gərgin bir gələcək vəd edir".


Müəllif: Əsəd Məmmədəliyev
Chosen
101
50
teleqraf.com

10Sources