EN

Vyetnam məktəbliləri üçün Azərbaycan mətbəxinin təqdimatı olub

Azərbaycanın Vyetnamdakı səfirliyi cari ilin sentyabrında baş vermiş “Yaqi” qasırğasından zərər çəkən Yenbay əyalətinin məktəbliləri üçün mətbəximizin təqdimatını keçirib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, səfirlikdən bildiriblər ki, əyalətin Mu Canq Cai rayonunda Qazaxıstan səfirliyi ilə birlikdə təşkil edilmiş “Uşaqlar üçün kulinariya” tədbiri Vyetnamın sabiq Prezidenti Ho Şi Minin Azərbaycana və Qazaxıstana səfərinin 65 illiyinə həsr olunub. Tədbir Hanoy Ticarət və Turizm Kolleci, “Nha Tranq Bay” qrupu və Dünya Barbekü Assosiasiyasının nümayəndəsinin dəstəyi ilə həyata keçirilib.

Əyalətin Xalq Komitəsinin sədri Tran Huy Tuan burada yaşayan etnik azlıqların mədəniyyətindən, bölgənin ekoloji mühiti və rəngarəng təbiətindən danışıb. O, qasırğanın bölgəyə ciddi ziyan vurmaqla yanaşı, əhali və uşaqlara sarsıntı verdiyini vurğulayıb.

Azərbaycan səfiri Şövqi Mehdizadə Vyetnam lideri Ho Şi Minin 1959-cu ildə Bakıya və Ulu Öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama tarixi səfərlərinin iki xalq arasında dostluq münasibətlərinin əsasını qoyduğunu vurğulayıb. O, Ho Şi Minin Azərbaycana və Qazaxıstana səfərinin 65 illik yubileyi ilə əlaqədar keçirilən bu tədbirin Ümummilli Lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini qismində Vyetnama tarixi səfərinin ildönümü günlərinə təsadüf etdiyini, Ulu Öndərin Vyetnam xalqının əsl dostu olduğunu bildirib.

Dünya Barbekü Assosiasiyasının nümayəndəsi, tanınmış beynəlxalq aşpaz, həmyerlimiz David İsrafilov Azərbaycan mətbəxinin nümunələrinin təqdimatını edib, 350 şagirdin iştirakı ilə kulinariya yarışı təşkil olunub, qaliblərə hədiyyələr verilib. Hər bir şagirdə Azərbaycan və Vyetnam bayraqlarını əks etdirən kulinariya önlüyü təqdim olunub. Bundan başqa, məktəblilərə qida və məktəb ləvazimatları hədiyyə edilib.

Chosen
16
1
sia.az

2Sources