Bakı Kənar Dairəvi yolda qopan süxur kütləsinin daşınması həyata keçirilir.
Bu barədə Day.Az-a Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev deyib.
Onun sözlərinə görə, süxurun yerdəyişməsi prosesi 3 gün öncə başlayıb.
"Bu gün prosesin son mərhələsi olub. Səhər saatlarında əraziyə baxış keçirilib və müvafiq araşdırma aparılıb. Yamacın üst hissəsində, helikopter meydançasının arxasında asılı karniz struktur süxur kütləsi qoparaq 50 sm yerini dəyişib və stabil vəziyyətdə qalıb. Bunun yol infrastrukturuna təhlükə törədə biləcəyi nəzərə alınaraq müvafiq qurumlar tərəfindən bu süxur kütləsinin daşınması həyata keçirilir. Yol infrastrukturunda heç bir problem olmamış, nəqliyyatın hərəkətinə maneə yaranmayıb", - deyə o bildirib.
Xatırladaq ki, daha əvvəl Daxili İşlər Nazirliyindən bildirilib ki, bu gün saat 16 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən Bakı Kənar Dairəvi yolunun 6-cı kilometrliyində iri qaya parçalarının yola doğru sürüşməsi müşahidə edildiyindən dərhal aidiyyəti üzrə məlumat verilməklə ərazi nəzarətə götürülüb.
DYP əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə ehtimal olunan təhlükənin qarşısının alınması, eləcə də nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində qabaqlayıcı tədbirlər görülür, hərəkətin nizamlanması həyata keçirilir.