EN

Razi Nurullayev: “Bakıda yüzlərlə insan yağışdan ziyan çəkir”

“Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnaməni pisləyirəm,  rəhbərlik etdiyim Milli Cəbhə Partiyası qətnaməni pisləyən bəyanat da qəbul edərək yayımlamışdır”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

Eyni zamanda deputat Bakıya yağan yağışlar nəticəsində hər il yüzlərlə insanın ziyan çəkdiyini də bildirib:

“Hər il də bunu aidiyyəti dövlət qurumları normadan artıq yağan yağıntılarla bağlayır. Amma sual olunur ki, normadan artıq yağan yağıntı küçələrdə üç saat qalsın, lap 10 saat qalsın və sonra axıb getsin. Amma küçələr, evlər günlərlə su altında qalır, vətəndaşların ev əşyaları suda üzür.

Demək bu tam olaraq normadan artıq yağan yağıntı ilə əlaqədar deyil. ARB TV-də bir reportaja baxdım ki, 4-5 gündür evlər suyun altında qalıb, heç onlarla maraqlanan da olmayıb. 

Yenə də sağ olsun dövlət nümayəndələri,  küçələrdə idilər və fəlakətin qarşısını almaq üçün çalışırdılar. Amma dünən yağan yağıntı da sübut etdi ki, Allah eləməsin, 4-5 saat, hələ günlər demirəm güclü leysan yağsa, bizi kürüyüb Xəzərə tökər. Hərçənd ki, 2016-cı ildə yağış suları ilə mübarizə üçün dövlət səviyyəsində işçi qrup yaradılmışdı.

Həmin işçi qrup və ya onların varisi gördüyü işləri açıqlasa, biz də rahat olardıq. 2003-cü ildən bu günə qədər 3.5 - 4 milyard manata yaxın vəsait ayrılıb. O vəsaitlərin necə xərclənməsini araşdırmaq yaxşı olardı”.

R.Nurullayev əlavə edib ki, bütün bu fəlakətlər bir neçə vacib addımların atılmasını zəruri edir:

“Birinci növbədə sığorta sisteminin lazım gələrsə, lap sərt şəkildə tətbiq edilsin. Vətəndaş evini, əşyasını itirir, sonra gözləyir ki, görək dövlət ona ev, mebel verəcəkmi, təmir edəcəkmi? Dünyanın heç bir yerində bunu hökumət etmir, sığorta şirkətləri edir. Evi yanan, evi uçan, evi yağışlara qərq olan, bütün ev əşyalarını itirən vətəndaş sosial şəbəkələrdə gözyaşı tökür.

Çünki çarəsizdir, amma heç kim gedib 50-100 manat verib evini sığorta etdirmək istəmir. Biz dövlətin üzərinə düşən yükü azaltmaq üçün və vətəndaş məmuniyyətini təmin etmək məqsədilə ölkə boyu sığorta sisteminin tətbiqinə nail olmalıyıq. Zorla olsa belə”.

Chosen
34
1
cebheinfo.az

2Sources