EN

Razi Nurullayev: “O vəsaitlərin necə xərclənməsini araşdırmaq yaxşı olardı”

“Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnaməni pisləyirəm, rəhbərlik etdiyim Milli Cəbhə Partiyası qətnaməni pisləyən bəyanat da qəbul edərək yayımlayıb”.

Musavat.com bildirir ki, bunu deputat Razi Nurullayev Milli Məclisdəki çıxışında deyib.

O qeyd edib ki, Bakıya yağan yağışlar nəticəsində hər il yüzlərlə insan ziyan çəkir:

“Hər il də aidiyyəti dövlət qurumları normadan artıq yağan yağıntıları bağlayır. Normadan artıq yağan yağıntı küçələrdə üç saat qalsın, lap 10 saat qalsın və sonra axıb getsin. Amma küçələr, evlər günlərlə su altında qalır, vətəndaşların ev əşyaları suda üzür. Demək ki, bu, tam olaraq normadan artıq yağan yağıntı ilə əlaqədar deyil. ARB TV-də bir reportaja baxdım ki, 4-5 gündür evlər suyun altında qalıb, onlarla maraqlanan da olmayıb.

Yenə də sağ olsun dövlət nümayəndələri, küçələrdə idilər və fəlakətin qarşısını almaq üçün çalışırdılar. Amma dünən yağan yağıntı da sübut etdi ki, Allah eləməsin, 4-5 saat, hələ günlər demirəm güclü leysan yağsa, bizi kürüyüb Xəzərə tökər. Hərçənd ki, 2016-cı ildə yağış suları ilə mübarizə üçün dövlət səviyyəsində işçi qrup yaradılmışdı. Həmin işçi qrup və ya onların varisi gördüyü işləri açıqlasa, biz də rahat olardıq”.

Razi Nurullayev bildirib ki, 2003-cü ildən bu günə qədər 3,5-4 milyard manata yaxın vəsait ayrılıb:

“O vəsaitlərin necə xərclənməsini araşdırmaq yaxşı olardı. İndi baxaq, bütün bu fəlakətlər bizə hansı vacib addımların atılmasını zəruri edir? Birinci növbədə sığorta sisteminin lazım gələrsə lap sərt şəkildə tətbiq edilməsini. Vətəndaş evini, əşyasını itirir, sonra gözləyir ki, görək dövlət ona ev, mebel verəcəkmi, təmir edəcəkmi? Dünyanın heç harasında bunu hökumət etmir, sığorta şirkətləri edir. Evi yanan, evi uçan, evi yağışlara qərq olan, bütün ev əşyalarını itirən vətəndaş sosial şəbəkələrdə göz yaşı tökür. Çünki çarəsizdir, amma heç kim gedib 50-100 manat verib evini sığorta etdirmək istəmir. Biz dövlətin üzərinə düşən yükü azaltmaq üçün və vətəndaş məmuniyyətini təmin etmək məqsədilə ölkəboyu sığorta sisteminin tətbiqinə nail olmalıyıq. Zorla, güclə olsa belə”.

E.Paşasoy,
Musavat.com

Chosen
13
1
musavat.com

2Sources