Qandan qaçmaq mümkün oldu: sülhməramlı rolunda “Boka”nın prezidenti, əfsanəvi argentinalı futbolçu Xuan Roman Rikelme çıxış etdi.
Prezidentin sifətinə qaz sıxdılar
Qonaq fanatlarla “Boka”nı dəstəkləyən “La-12” qruplaşması arasındakı münaqişənin əsas səbəbinin nə olduğu bilinməsə də, hansısa məqamda hər kəsə elə gəldi ki, böyük fəlakətdən qaçmaq mümkün olmayacaq. “Ximnasiya”nın azarkeşləri fasilədə kresloları yerindən qoparmağa başladı, həmçinin onları qalan tribunalardan ayıran məhəccərləri qırmağa çalışdı. “Boka”nın ultrası da buna reaksiya göstərdi, qonaq azarkeşlərin olduğu aşağı oturacaqlara doğru yönəldi.
Çox güman, hər şey böyük, Argentina futboluna kölgə salacaq toqquşma ilə bitəcəkdi. “La-12” qruplaşmasını bütün yollarla sakitləşdirmək lazım idi. Polis rezin güllələr və gözyaşardıcı qaz hazırlamışdı, ailələrinin davanın mərkəzinə düşəcəyini anlayan hər iki komandanın futbolçuları isə fanatlardan dayanmağı xahiş edirdi.
Bu xahiş bir o qədər işə yaramadı. Belədə qəfil olaya “Boka”nın prezidenti Rikelme müdaxilə etdi – o, iki yoldaşı ilə birgə lojasını tərk edərək dərhal aşağı endi, şəxsən özü dəliyə dönən yerli azarkeşləri uzaqlaşdırmağa çalışdı. Bu zaman Rikelme hətta gözyaşardıcı qaza da məruz qaldı – polislər, çox güman, klubun əfsanəsinin fanat olduğunu düşündülər. Ancaq o, buna fikir vermədi və kütləni sakitləşdirməyi davam etdirərək son nəticədə “La-12” qruplaşmasını yerində oturmağın vacibliyinə inandıra bildi.
Tezliklə ehtiraslar sakitləşdi və oyun bərpa olundu: qalib gələn “Boka Xuniors” (əsas vaxtda 1:1, penalti seriyasında 2:1) ölkə kubokunun yarımfinalına vəsiqə qazandı.
Rikelme yox, bəs kim?
Məhz Rikelmenin davanın qarşısını almağı bacarmasında təəccüblü heç nə yoxdu. Argentinada çoxlarının Toreador adlandırdığı Rikelme “Boka”nın gerçək əfsanəsidi. Kluba futbolçu kimi illərini verib, üçü Libartadores kuboku olmaqla çoxlu titul qazanıb.
Sabiq yarımmüdafiəçi karyerasını bitirəndən dərhal sonra bir gün “Boka”nın prezidenti olmaq istədiyini etiraf edib. Və hədəfinə doğru bir neçə il irəliləyib. 2019-cu ildə vitse-prezident olan Rikelme ötənilki prezident seçkisində qələbə qazanıb.
Buenos-Ayresdə Rikelmenin şərəfinə heykəli də qoyulub. Məşhur futbol adamı açılış mərasimində göz yaşını saxlaya bilməyib:
“Heç vaxt belə bir mərasimi təsəvvür etməzdim, bu, bir futbolçu üçün ən böyük emosiyadı. Mənim üçün çox böyük qürurdu. Mən və ailəm heç vaxt bunu unutmayacağıq. Daim minnətdar olacağıq. Bostero (“Boka” fanatlarına belə deyirlər – red.) kimi doğulmuşam, bostero kimi də öləcəyəm”.