EN

Əgər Özbəkistanla sazişdə bu bənd olsaydı... - Deputat

Azərbaycan Türk Dövlətləri Təşkilatının yaranmasında müstəsna rol oynayıb. Azərbaycan türk dövlətləri ilə ikitərəfli əlaqələrin inkişafı üçün ciddi səylər göstərir. Bu qeyd olunmalı və təqdir edilməlidir. Amma hesab edirəm ki, biz daha sıx hərbi əməkdaşlıq və daha sıx iqtisadi inteqrasiya haqqında düşünməliyik.

Axar.az xəbər verir ki, bu sözləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsi barədə layihəsinin müzakirəsi zamanı deyib.

“Əlbəttə, 4-cü maddədə qeyd olunsaydı ki, “tərəflərdən birinə qarşı hücum digərinə qarşı hücum kimi qiymətləndirilir”, - bu, çox yaxşı olardı. Biz bilirik ki, bir çox müttəfiq dövlətlər (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, NATO) bu qaydada fəaliyyət göstərir, təhlükəsizliklərinə təhlükə yarandıqda bir-birini müdafiə edirlər. Əlbəttə, bu təkcə bizdən asılı olan məsələ deyil. Amma hesab edirəm ki, türk dövlətləri gələcəkdə ümumi təhlükəsizlik məsələsində daha yaxından iştirak etməlidirlər.

Bundan başqa, 7-ci maddə iqtisadi əməkdaşlığı nəzərdə tutur. Əgər Avropa dövlətləri və müxtəlif xalqlar bir-biri ilə sıx əməkdaşlıq edir, inteqrasiya olunub, AB modelində ittifaq yaradıblarsa, türk dövlətləri niyə bunu eləməsin? Kapitalın, işçi qüvvəsinin sərbəst hərəkət etdiyi bir ümumi bazarın yaradılması istiqamətində də danışıqlar aparmalıyıq. Belə olduğu təqdirdə hesab edirəm ki, bu, hər bir türk ölkəsinin sürətli inkişafına və onların təhlükəsizliyinə daha ciddi yardım göstərmiş olardı. Məncə, bu istiqamətdə Türkiyə-Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinə dair müqavilə son olmamalıdır, onun ardı gəlməlidir. Biz digər türk dövlətləri ilə də oxşar və bir-birinə daha ciddi dəstək nəzərdə tutan müqavilələr imzalamalıyıq”, - o qeyd edib.

Chosen
17
5
axar.az

7Sources