EN

“Gürcüstanda sabitliyin olması region dövlətlərinin də marağındadır” - ŞƏRH OLUNDU

“Gürcüstanda baş tutan parlament seçkiləri gərgin keçməsi ilə diqqəti cəlb edirdi. Çünki Qərb burada öz məqsədlərinə çatmağa çalışırdı, lakin gözlənilən baş vermədi. Gürcü əhalisi növbəti dəfə “Gürcü Arzusu”na etimadını göstərdi. Burada ənənəvi dəyərlərə, sabit siyasi-iqtisadi münasibətlərin formalaşmasına səs verdilər. Bu da çox önəmli göstəricisidir. Çünki Gürcüstanda sabitliyin olması region dövlətlərinin də marağındadır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, region dövlətləri Cənubi Qafqazda ümumi ortaq fikirlərin və baxışların formalaşması üçün əlindən gələni etməlidirlər: “Eyni zamanda xüsusi diqqət çəkən məqam Gürcüstanda olan soydaşlarımızın seçki prosesində aktiv fəaliyyətidir. Bu barədə artıq bir neçə gündür ki, yerli mediada məlumatlar dərc olunur, ekspertlər bu faktı şərh edirlər. Üç yüz min azərbaycanlının yaşadığı Gürcüstanda həmvətənlərimizin ölkənin ictimai-siyasi həyatında rol oynamaları, öz siyasi iradələrini nümayiş etdirmələri böyük göstərici hesab oluna bilər. Çünki əvvəlki dövrlərdə daha çox apolitik mövqe nümayiş etdirən soydaşlarımız zaman keçdikcə daha çox siyasi proseslərdə iştirak edirlər.

Ümumi hakim partiyaya verilən səslərin 7-8 faizini soydaşlarımızın səsi təşkil edir. Bu kifayət qədər önəmli göstəricidir. Bunun qarşılığında hesab edirəm ki, gürcü hakimiyyəti soydaşlarımızın problemləri ilə daha yaxından maraqlanmalı, onların qayğılarını ödəmək üçün praktiki addımlar atmalıdır. Digər tərəfdən Gürcüstandakı seçki prosesi göstərdi ki, Qərbin müxtəlif metodlar vasitəsilə vətəndaş cəmiyyəti, QHT-lər, media seqmentindən fəal iş aparması nəticəsiz qaldı və əhali daha çox sabit inkişafa, tərəqqiyə səs verdi”.

Müəllif: Səbinə Hüseynli
Chosen
25
sia.az

1Sources