Öpüşlər insan toxunuşunun ən məşhur ifadələrindən biridir. Lakin alimlər hələ də onun necə yarandığı barədə mübahisə edirlər.
Qaynarinfo xəbər verir ki, britaniyalı bir alimin yeni araşdırması öpüşlərin mənşəyinin insanabənzər meymunların bir-birinə qayğı göstərməsi ilə əlaqəli ola biləcəyini göstərib.
Onun nəticələri "Evolutionary Anthropology” adlı elmi jurnalda dərc edilib.
Voris Universitetindən Adriano R. Lameyra öpüşlərin mənşəyinə dair mövcud hipotezləri təhlil edib.
O müəyyən edib ki, insanabənzər meymunlar üçün sosial əlaqələr qurmaq və qorumaq üçün əsas vasitə "grooming" – bir-birinin tüklərinə qulluq etmək olub. Bu "prosedur"un sonunda meymunlar dodaqlarını uzadaraq tüklərindən zibil və ya parazitləri təmizləmək üçün yüngül əmmə hərəkəti edirdilər.
Alimin fikrincə, grooming, erkən insanlar üçün də mədəniyyətin bir hissəsi ola bilərdi. Zaman keçdikcə, bədənlərindəki tükləri itirdikcə, bu cür qulluğa ehtiyac azalıb. Lakin "grooming seansları" sosial əlaqələrin bir ifadəsi olaraq qalmağa davam edib.
Alim bu təxminini "son groomer öpüşü hipotezi" adlandırıb.
Tədqiqat göstərir ki, insanabənzər meymunlar və insanlar üçün öpüş sosial və ailə əlaqələrini simvolik olaraq göstərir və onları gücləndirir.
Digər primatlar isə sosial əlaqələrdə başqa üsullardan istifadə edirlər. Məsələn, kapuçinlər bəyəndiklərinin gözlərinə və burunlarına barmaqlarını soxurlar.
Grooming hipotezini yoxlamaq üçün alim gələcək tədqiqatların bu proses zamanı insanabənzər meymunların davranışının ətraflı təsvirinə yönəldilməsini tövsiyə edir.
Alpər