EN

Zaman hakim, tarix isə yaddaşdır

Dövlət başçısı İlham Əliyev bu əminliyi şərtləndirən amillər sırasında belə bir çağırışı edir ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar, bu torpaqlar unudulmayıb və unudulmayacaq

“Əlbəttə ki, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq… Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək.” Dövlət başçısı İlham Əliyev tariximizin ayrı-ayrı dövrlərinin təhlili əsasında bildirir ki, xalqımız XX əsrdə üç deportasiya dalğasına məruz qalmışdır. 1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Əlbəttə ki, Vətən sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq, o torpaqları görməyən Qərbi azərbaycanlıların sonrakı nəsilləri Vətən həsrəti ilə yaşayırlar.

Ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bütün tarixi, dini abidələrimizi yerlə-yeksan edib, dağıdıblar. Azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix, sənədlər, xəritələr var. Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir. İndiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, Azərbaycan həqiqətləri əsaslı şəkildə dünya ictimaiyyətinə çatdırılsın. Tarixin inkarı, yalanın həqiqət üzərində qələbəsi qeyri-mümkündür. Azərbaycan hər zaman real faktlara, tarixi həqiqətlərə söykənən təbliğatını davam etdirməklə ədalətin zəfər çalacağına böyük əminliklə yanaşıb və bu gün də təbliğat işini daha da gücləndirir.

Hər bir hədəf keçilən yola nəzər salmağı bir zərurət kimi qarşıya qoyur. Bunun üçün 30 illik işğal dövrünə nəzər salmaq kifayətdir. Azərbaycan dünya güclərinin ikili standartlara əsaslanan siyasətinə baxmayaraq ən yüksək tribunalardan erməni yalanlarını ifşa etdi. İşğala məruz qalan tərəfin Azərbaycan xalqı, ermənilərin isə tarixi saxtalaşdırmaqla məşğul olduğu əsaslı şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra Qarabağın tacı Şuşadan bu reallığı bir daha bəyan etdi ki, işğal dövründə bir çoxlarımız, həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, bu vəziyyətə düşməzdik. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü, səbirli olmaq, ədalətə inanmaq və ona nail olmaq üçün çalışmaq, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır: “Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq.”

Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Ən əsası zaman hadisələrin düzgün dəyərləndirilməsi baxımından zəngin mənbədir. Azərbaycanın illərdir apardığı informasiya mübarizəsinin əsas tərkib hissələrindən biri budur ki, dünya bugünkü Ermənistan dövlətinin tarixi Azərbaycan torpaqlarında yarandığını bilməlidir. Tarixi faktlar təsdiqləyir ki, XIX əsrdə çar Rusiyası tərəfindən Osmanlı və İran ərazisindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması prosesinə başlanılıb. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşib. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib.

Saxta tarix yazıb bu günə qədər bunu həqiqət kimi beynəlxalq ictimaiyyətə sırımaq üçün dəridən-qabıqdan çıxan ermənilər və onların dəstəkçiləri hər halda tarixin real həqiqətlərə, faktlara əsaslandığının fərqindədirlər. Tarix faktlara əsaslanmaqla yanaşı, saxtakarlığı da sevmir. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər.

Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratmış, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır. Xalqımıza qarşı aparılan soyqırımı siyasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar sovet mətbuatında ermənilər tərəfindən təhrif olunur və ictimai fikir çaşdırılırdı. Sonrakı dövrdə ermənilər azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atıblar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olublar. SSRİ Nazirlər Sovetinin bu qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktları olub. Bu qərarlar əsasında 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki doğma torpaqlarından kütləvi surətdə və zorakılıqla sürgün olunub. Əsrin əvvəllərində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq qovulub. Azərbaycanlıların hüquqları kobudcasına pozulub, onlara qarşı sərt repressiyalar həyata keçirilib.

1905-1907, 1918-1920, 1948-1953- cü illərdə Rusiya imperiyasının havadarlığı ilə həyata keçirilən qırğınların son nöqtəsi olan 1988-ci il hadisələri daha faciəli olmuşdur. Bədnam Mixail Qorbaçovun yenidənqurma və aşkarlıq proseslərindən istifadə edən Ermənistanda görünməmiş anti-Azərbaycan kampaniyası başladı. 1988-ci ildən Qərbi Azərbaycanda ilk mərhələ kimi kütləvi hədələr, qətllər, kəndlərin dağıdılması, 70 nəfərin - 21 qadın və 6 uşağın öldürülməsi ilə nəticələnən Qukark faciəsi, Vardenis (40 nəfərin öldürülməsi) olayları yaddan çıxmayıb. Yerevanda, Masisdə, Kalinində, Kacaranda, Qafanda, Kirovakanda, Gorusda, Sisyanda, Amasiya və Alaverdidə törədilmiş qanlı hadisələr 250 min soydaşımızın qədim Azərbaycan torpaqları olan doğma yurdlarını tərk etməsi ilə nəticələndi. Beləliklə, əsrlər boyu, mərhələlərlə həyata keçirilən soydaşlarımızın Qərbi Azərbaycandan zorla köçürülməsi siyasəti, ötən əsrin 80-ci illərinin sonlarında daha da şiddətlənən və qanlı olaylarla müşahidə olunan deportasiya və soyqırımları düşünülmüş şəkildə Ermənistan dövlətinin rəhbərliyi altında təşkil olunurdu. Ermənilərin törətdikləri soyqırımları zamanı qətlə yetirilənlərin, dağıdılan kəndlərin, tarixi abidələrin sayını hesablamaqla qurtarmaz. Bu gün Quba məzarlığındakı dəhşətləri seyr edən xarici qonaqlar belə erməni vəhşiliyinin qurbanlarının taleyinə soyuqqanlı yanaşa bilmirlər. Qubada, Bakının köhnə məhəllələrindən sayılan Çəmbərəkənddə aşkarlanan, kütləvi qırğınları əks etdirən məzarlıqlar erməni vəhşiliyinin illərdən bəri gizli qalan yeganə ünvanı deyil.

Bütün məhrumiyyətlərə, deportasiyalara baxmayaraq, 1988-ci ilə qədər Ermənistanda azərbaycanlıların yaşadıqları ərazi respublika ərazisinin (29.8 min kv.km.) 25 faizini, yaxud təqribən 7.5 min kv. km-ni təşkil edib.

1988-ci ildə ortaya atılan Qarabağ münaqişəsinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qeyri-konstitusion qərarını və Moskvanın əslində bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyətində qaldı. Ölkəmizdə keçirilən mitinqlərdə torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənsə də, Azərbaycan rəhbərliyi öz mövqeyindən əl çəkmədi. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı öldürüldü, yaralandı, digər fiziki təzyiqlərə məruz qaldı.

Separatçı ermənilərin Qarabağda başladığı avantürist hərəkatın nəticəsi olaraq bir milyondan artıq soydaşımız erməni qəsbkarlar tərəfindən öz doğma yurd-yuvalarından didərgin salındı. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid oldu, xəsarət aldı.

Bunlar tarixi faktlardır. Bu faktları ört-basdır etmək qeyri-mümkündür. İnkaredilməz həqiqət budur ki, Azərbaycan müstəqillik qazandıqdan, daha dəqiq desək, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra tariximizin obyektiv mənzərəsinin yaradılması üçün imkanlar əldə olundu. Ümummilli Liderin fəaliyyətinin əsas tərkib hissələrindən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması oldu. Ulu Öndərin xarici ölkələrə elə bir səfəri yox idi ki, orada Qarabağ münaqişəsinə, Azərbaycan həqiqətlərinə diqqət yönəldilməsin. Erməni yalanlarını faktlar əsasında dünya ictimaiyyətinin diqqətinə çatdıran Ümummilli Lider Heydər Əliyevin diaspor quruculuğuna verdiyi önəm də bu istəkdən qaynaqlanırdı. Azərbaycan həqiqətləri beynəlxalq ictimaiyyətə əsaslı şəkildə çatdırılmalı, ermənilərin iç üzü onlara göstərilməlidir. Tarixin saxtalaşdırılmasına yol verməmək tapşırığı da Ulu Öndərin tariximizə verdiyi dəyərdən irəli gəlirdi. Məhz Ümummilli Liderin tapşırıqlarına uyğun olaraq faktların dili ilə xeyli sayda kitablar çap olundu və müxtəlif dillərə tərcümə olunaraq dünyaya çatırıldı. Ulu Öndərin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildi və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Bu günün çağırışı dünyanın bu tarixi həqiqətlərə həqiqət gözü ilə baxıb düzgün, ədalətli mövqe nümayiş etdirməsidir. Ötən 21 ildə də Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin əsas çağırışlarından biri budur ki, tarixi araşdırmaların miqyası daha da genişləndirilsin, yeni faktlar və sənədlər toplansın.

Ermənilərin Cənubi Qafqazda törətdikləri soyqırımı və deportasiya siyasətinin bir məqsədi olduğu hər kəsə məlumdur - Nəyin bahasına olursa- olsun Azərbaycan torpaqlarında məskunlaşmaq. Dövlət başçısı İlham Əliyev tarixi faktlara əsaslanaraq dəfələrlə öz çıxışlarında indiki Ermənistanın tarixi Azərbaycan torpaqlarında yarandığını bəyan edib. Tarixi Zəfərimizdən əvvəl də Prezident İlham Əliyevin çıxışlarının mahiyyətində bu çağırış dayanırdı ki, İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfərimiz 30 ilin işğalına son qoydu, ərazi bütövlüyümüz bərpa edildi. Dövlətimizin qətiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, xalqımızın birliyi, həmrəyliyi sayəsində qazandığımız möhtəşəm Zəfər Ermənistana və ona havadarlıq edən dövlətlərə bir daha sübut etdi ki, ədalət və beynəlxalq hüquq var və bunun təsdiqi üçün səylər göstərməli, tarixi faktlara əsaslanan təbliğat gücləndirilməlidir. Bir daha sübut olundu ki, tarixi həqiqətləri inkar etmək qeyri-mümkündür. Tarixi Zəfərimiz növbəti zəfərlərə yol açdı. Ötən ilin sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Tarixi ədalətə söykənən siyasətimiz uğurlarımızın davamlılığını təmin edir, yeni hədəflərə yol açır.

Cənab İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi, eyni zamanda, postmünaqişə dövründə xalqa hər bir müraciətində bu məqamı xüsusi qeyd edirdi ki, tarixçilər baş verənlər barədə daha yaxşı məlumatlıdırlar. Bu çağırışın özü təbii ki, özlüyündə belə bir tələbi ortaya qoyur ki, yeni tariximiz daha dolğun şəkildə yazılmalı, İkinci Qarabağ müharibəsinə gedən yol düzgün təhlil edilməli, Ermənistanın yeni ərazilər uğrunda müharibə planları daha ətraflı şəkildə beynəlxalq ictimaiyyətə çatdırılmalı, bir sözlə, tarixin saxtalaşdırılmasına yol verilməməlidir. Dövlətimizin başçısı İlham Əliyevin sərəncamları əsasında Zəfər Günü ilə yanaşı, Anım Gününün təsis edilməsi, Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması və sair kimi biri-birindən mühüm addımlar həqiqətlərimizin təbliğində əhəmiyyətli rol oynayacaq. Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılır. Zəfərimiz böyük qətiyyətin, ədalətə və beynəlxalq hüquqa söykənən siyasətin təqdimatı oldu.

Daim gündəmdə olan Qərbi Azərbaycana qayıdış məsələsi tarixi Zəfərimizdən sonra günümüzün əsas hədəfinə çevrilib. Dövlət başçısı İlham Əliyev 2022-ci il 24 dekabr tarixində Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bu çağırışı etdi ki, bizim işimiz tarix üzərində qurulmalıdır. Hüquqi tərəfə gəldikdə, birlikdə fikirləşməliyik, beynəlxalq hüquqşünaslar cəlb edilməlidir. Azərbaycan dövləti burada da kömək göstərəcək. Onlar bu qayıdış istəyini və hüququnu beynəlxalq müstəvidə necə reallaşdırmağın yolunu göstərəcəklər.

Müzəffər Ali Baş Komandan İlham Əliyev, eyni zamanda, belə bir çağırışı da edir ki, bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız Böyük Qayıdış Proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar: “Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik. Çünki bu gün Şuşada, Laçında, Xankəndidə, Xocalıda, Füzulidə uşaqlar, məktəblilər məktəbə gedirlər. Birinci dərs günü bunu göstərdi. Yəni, sözün əsl mənasında, bütün bu bölgələrdə və bütün Azərbaycanda bayram ab-havası idi. Qərbi Azərbaycandan olan soydaşlarımız da əminəm ki, eyni hissləri yaşayacaqlar. Hər şey bizim əlimizdədir.”

Yeganə Əliyeva, “İki sahil”

Chosen
68
ikisahil.az

1Sources