Əgər Qərb indi Gürcü Arzusunun liderlərinə sanksiyalar tətbiq etsə, Belarus ssenarisi təkrarlana bilər. Qərbdə heç kim bunu istəmir, çünki belə olan halda Gürcüstan həqiqətən də Rusiyanın tabeliyinə qayıdacaq.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistan mediasına açıqlamasında gürcü politoloq Tornike Şaraşenidze seçkilərdən sonrakı vəziyyəti şərh edərkən deyib.
“Gürcüstan hakimiyyəti artıq göstərdi ki, onlar sanksiyalardan və etirazlardan qorxmurlar. Qərb bundan sonra nə etməlidir? Gürcüstanı təcrid etmək? Bu, Qərbin bütün Cənubi Qafqazı itirməsinə gətirib çıxaracaq, çünki Gürcüstan coğrafi baxımdan regionun açarıdır. Ermənistan üzünü Qərbə çevirdiyi üçün Gürcüstan hakimiyyəti bu məsələdə çox yaxşı oynayır. Qərb Gürcüstanı itirsə, Ermənistanı da itirəcək, İrəvan da Rusiyaya üz tutacaq. Gürcüstan hakimiyyəti bununla oynayır və Qərbi Tiflisin şərtləri ilə Gürcüstanın Avropaya inteqrasiyasını davam etdirməyə çağırır”, - ekspert vurğulayıb.
Onun sözlərinə görə, Ukraynanın sayəsində Gürcüstan üçün fürsət pəncərəsi açılıb:
“Ukraynada müharibə başa çatdıqdan sonra AB əvvəlcə Ukraynanı qəbul etməli, sonra Gürcüstanı müzakirə etməlidir. Amma bunun nə vaxt baş verəcəyini heç kim bilmir. Nə qədər ki, bizim ərazimizdə, Cənubi Osetiya adlanan ərazidə Rusiyanın hərbi bazası var, Gürcüstanın NATO-ya qəbulu mümkün deyil. Gürcüstanın NATO-ya gedən yolunda əsas maneə demokratiya yox, Rusiya qoşunlarının orada olmasıdır. Onlar Gürcüstanı NATO-ya qəbul etmək istəyirlər, bu, faydalı, lakin çətindir, çünki burada rus qoşunları faktoru var”.