İtkin düşmüş hesab edilən şəxslərin ailə üzvlərinin Ağdam, Xocalı, Xankəndi və Şuşa şəhərlərinə növbəti səfəri təşkil olunub.
Vətəninfo.az-ın məlumatına görə, səfər “Qarabağ itkin ailələri” İctimai Birliyinin təşəbbüsü ilə gerçəkləşib.
İtkin düşmüş hesab edilən şəxslərin ailələrinə mənsub olan 40-a yaxın nümayəndənin qatıldığı səfər Ağdam Şəhidlər Xiyabanını ziyarətlə başlayıb, bu məkan barədə onlara məlumat verilib. İşğalda olduğu müddətdə qəbiristanlığın ermənilər tərəfindən tamamilə dağıdılmasına, məzar qalıqlarının məhv edilməsinə dair faktlar barədə məlumat verilib.
Itkin ailələrinin üzvləri səfər çərçivəsində daha sonra Xocalı şəhərində olublar. Təqribən 33 il itkin sayılan və qalıqları kütləvi məzarlıqdan tapılaraq şəxsiyyətləri müəyyən edilən Xocalı sakinlərinin dəfn edildiyi Şəhidlər Xiyabanı ziyarət olunub. İtkin hesab edilən ailələrin yaxınları Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhuna ehtiramlarını bildirərək dualar oxuyublar.
Səfərin davamında Xankəndiyə gələn qonaqlar şəhərin görməli yerlərinə baş çəkiblər. Onlar Xankəndinin Zəfər Meydanından beynəlxalq təşkilatlara səslənərək onlardan erməni zülmünə məruz qalan azərbaycanlılara qarşı ədalətli mövqe tutmağı tələb ediblər.
Səfərin yekununda “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova qeyd edib ki, itkin düşmüş şəxslərin faciəsi Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır nəticələrindən sadəcə, biridir:
“Birinci Qarabağ müharibəsi nəticəsində 30 ildən artıqdır ki, dörd minə qədər azərbaycanlı itkin düşmüş şəxs hesab olunur. Onların arasında mülki şəxslər, o cümlədən, uşaqlar və qadınlar da var. 2020-ci ildə baş verən Vətən müharibəsində isə altı azərbaycanlı itkin düşüb”.
Səfərdə iştirak edən itkin ailələrinin üzvləri BMT, Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər beynəlxalq təsisatlar tərəfindən azərbaycanlı itkinlərin taleyinin müəyyən olunması istiqamətində təsirli addımlar atılmadığını, Ermənistandan həmin şəxslərlə bağlı məlumatların ciddi şəkildə tələb edilmədiyini bildiriblər.
Onlar qeyd ediblər ki, Azərbaycana qarşı müharibə cinayətləri törətmiş şəxslərdən heç biri Ermənistanda bu günə qədər nəinki məsuliyyətə cəlb olunmayıb, əksinə, qəhrəmanlaşdırılıb. İtkin ailələrinin üzvləri bildiriblər ki, Ermənistan Azərbaycanla sülhə nail olmaq istəyirsə, əsir və girov götürülmüş azərbaycanlılara münasibətdə törədilmiş vəhşilikləri qətiyyətlə pisləməli və günahkarları cəzalandırmalıdır.
Səfər iştirakçıları itkinlər probleminin qlobal mahiyyətini nəzərə alaraq, BMT-nin itkin düşmüş şəxslərlə bağlı xüsusi məruzəçi təyin etməsinə böyük ehtiyac olduğunu diqqətə çatdırıblar. İtkin ailələrinin üzvləri son vaxtlar aşkarlanan kütləvi məzarlıqlarda 155 nəfər itkinin qalıqlarının tapıldığını vurğulayaraq, doğmalarının taleyinə aydınlıq gətirilməsi məsələsində Azərbaycan dövlətinin fəaliyyətini yüksək qiymətləndiriblər.
Xatırladaq ki, Prezident İlham Əliyev 2024-cü il il oktyabrın 1-də “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində azərbaycanlı itkin ailələrinin müraciətlərinə beynəlxalq təşkilatların etinasız münasibətini kəskin şəkildə pisləyib:
“Bu günədək dövlət qurumlarımız, itkin düşmüş şəxslərin doğmaları, vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən müxtəlif beynəlxalq təşkilatlara dəfələrlə müraciətlər edilsə də, əfsuslar olsun ki, bu məsələdə də ikili standartlarla üzləşirik. Aidiyyəti beynəlxalq qurumlar bu müraciətlərə səssiz qalmamalı və qətiyyətli addımlar atmalıdır”.
İtgin ailələri bu mövzuda, Azərbaycana dəstək məqsədi ilə dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara davamlı çağırış edirlər.
Qeyd edək ki, haqqında danışılan səfər “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin tərəfdaşlığı ilə həyata keçirilib.