Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq çərçivəsində COP29 ilə əlaqədar Atletlər kəndində gələcək qonaqların təhlükəsizliyinin təmin edilməsi, təcili tibbi yardım xidmətlərinin təşkil olunması və tibb məntəqəsinin qurulmasına dair işlər görülüb.
İqtisadiyyat.az xəbər verir ki, bunu COP29 çərçivəsində tibbi xidmətin təşkilinə dair brifinqdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, tədbir zamanı təcili tibbi yardım göstərəcək 60 briqada (həkim, orta tibb işçisi, sürücü) üçün nəzərdə tutulan əməkdaşların siyahısı hazırlanıb, eləcə də nəzərdə tutulan 60 ədəd yeni ambulans (İVECO markalı) artıq təhkim olunub:
"Onu da qeyd edim ki, COP29 tədbiri ilə bağlı həm ayrılmış otellərdə, həm də tədbirin keçirildiyi məkanda təcili və təxirəsalınmaz tibbi yardım briqadaları xidmət edəcək. Bütün nöqtələr üzrə ambulanslar hərəkət edəcəyi halda isə, əvəzedici ehtiyat ambulans və briqadalar da hazır vəziyyətə gətirilib.Təcili və təxirəsalınmaz tibbi yardım (TTTY) xidməti göstərəcək heyət üçün nəzərdə tutulan təməl və təkmil həyat dəstəyi üzrə təlimlər keçirilib, 488 nəfər artıq təlimləri uğurla başa vurub. Bura daxildir həkimlər, orta tibb işçiləri və sürücülər. Dil bilgilərini təkmilləşdirmək üçün ingilis dili kurslarında isə 331 nəfər iştirak edib".
V.Qurbanov bildirib ki, bundan başqa, təcili və təxirəsalınmaz tibbi yardımın Mərkəzi Çağrı Xidmətinə daxil olan müraciətləri operativ yönləndirmək üçün bir sıra addımlar atılıb. COP29 tədbirinə hazırlıq üçün ingilis dilini bilən işçilərdən ibarət növbələr qurulub. Bütün kompüterlər sazlanıb, yeni call-center avadanlıqları təmin olunub. Bundan əlavə, data serverə baxış keçirilib, gələcəkdə baş verə biləcək texniki nasazlığın qarşısını almaq məqsədilə server yeni ötürücü qurğularla təchiz olunub.