EN

5 min nəfər işdən azad ediləcək? - Hamı gözləyir

  "Bağçalarda işləyən pedaqoji və tərbiyəçi-müəllim heyətindən təxminən 5 min nəfərin ixtisaslarında bu sahə ilə uyğunsuzluqları var". 

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov deyib. Onun sözlərinə görə, onlar arasında keçirilən diaqnostik qiymətləndirmənin nəticəsi təhlil edilir: 

"Yekunla bağlı ictimaiyyətə yaxın vaxtlarda əlavə məlumat veriləcək". Onun sözlərinə görə, bu gün ölkədə 100 mindən çox uşaq ənənəvi bağçalarda təhsil alır: 

“Məktəbəqədər təhsil müəssisələrində kadr potensialının yaxşılaşdırılması əsas hədəflərdəndir. Bu istiqamətdə tədbirlər həyata keçirilir. Son iki ildə mərkəzləşmiş qaydada bağçalara təyin olunan tərbiyəçi müəllimlərin sayı 677 nəfərdir. 

Yeni təyin olunan bağça müdirlərinin sayı isə 79 nəfərdir". Qeyd edək ki, bağçada çalışan pedaqoji və tərbiyəçi-müəllim heyətinin ixtisasının çalışdığı sahəyə uyğun olması vacib amildir. Bu problemin həlli istiqamətində mühüm addımlar atılmalıdır. 

Hazırda bu sahədə çalışan və ixtisasında uyğunsuzluq olan 5 min nəfərin taleyi necə olacaq?   

Təhsil üzrə ekspert Kamran Əsədov “Cebheinfo.az”-a bildirib ki, bağçalarda çalışan təxminən 5 min nəfər tərbiyəçi və pedaqoji heyətin ixtisaslarının bağça sahəsi ilə uyğun gəlməməsi ciddi problemdir və bu, bağçalardakı təhsil və tərbiyənin keyfiyyətinə birbaşa təsir göstərir: 

“Belə bir uyğunsuzluq bağça təhsilinin səmərəliliyini azalda və uşaqların düzgün inkişafını təhlükə altına ala bilər. Xüsusilə, uşaq yaşlarında verilən təhsil gələcək akademik, eləcə də sosial həyata əhəmiyyətli təsir göstərir və bağçalarda ixtisaslaşmış, təcrübəli kadrların işləməsi bu məqsədə nail olmaq üçün əsas şərtdir. 

İxtisas uyğunsuzluğuna malik olan bu heyətin aqibəti ilə bağlı müxtəlif yanaşmalar mümkündür. Bu şəxslərin bağçalarda müvəqqəti olaraq çalışmaq imkanları olsa da, onların peşəkar inkişafının təmin olunması üçün xüsusi təlim və kurslara cəlb edilmələri zəruridir. Azərbaycanda artıq bəzi ixtisasartırma kursları var, lakin bu cür proqramların daha geniş şəkildə həyata keçirilməsi və uyğun olmayan ixtisasların bağça tələblərinə uyğunlaşdırılması bu problemi qismən də olsa həll edə bilər". 

Digər tərəfdən, dünya təcrübəsi göstərir ki, uşaqlarla işləyən tərbiyəçilər üçün xüsusi təlimlər və sertifikatlaşdırma sistemləri vacibdir:

"Məsələn, Finlandiya və Danimarka kimi ölkələrdə bağça təhsili ilə məşğul olan bütün işçilər uşaq inkişafı və təhsili sahəsində müəyyən dərəcədə ixtisaslaşma tələb edən ciddi hazırlıqdan keçirlər. 

Onlar müntəzəm olaraq bilik və bacarıqlarının yenilənməsi üçün xüsusi təlimlərdən keçirlər, bu da onların işə uyğunluğunu təmin edir, keyfiyyəti yüksəldir. Azərbaycan üçün də belə sertifikatlaşdırma və ixtisasartırma təlimləri müsbət nəticə verə bilər.

Əgər bu şəxslər müvəqqəti olaraq çalışmaqda davam edəcəklərsə, bağçalarda çalışan və ixtisas uyğunsuzluğu olan işçilərin uşaq təhsili, psixologiyası ilə bağlı mütəmadi olaraq peşəkar inkişaf proqramlarına cəlb olunması vacibdir. Bu, yalnız işçilərin ixtisas səviyyəsini artırmaz, həm də uşaqların keyfiyyətli təlim və tərbiyə almasına zəmin yaradar". 

Ekspertin fikrincə, alternativ isə yeni ixtisaslı kadrların yetişdirilməsi və bağçalarda işə qəbul edilərək ixtisas uyğunluğunun tam təmin olunmasıdır:

"Belə bir yanaşma həm işçi heyətinin peşəkarlığını artırar, həm də bağçalarda təhsil və tərbiyənin keyfiyyətini təmin edərək gələcək nəslin inkişafına mühüm töhfə verə bilər”.
   

Chosen
9
10
referans.az

10Sources