EN

Finlandiyada Rusiyanın əmlaklarına həbs qoyulub

Bu addım Ukrayna şirkətlərinin tələbi ilə atılıb

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Finlandiya rəsmi Moskva ilə əlaqələrə ehtiyatla yanaşır. Finlandiya NATO-ya üzv olduqdan sonra Rusiyaya münasibətlərə alyansın mövqeyi kontektindən çıxış edir. Nəzərə alaq ki, bu dövlət Rusiya ilə sərhədi olan NATO ölkəsidir.

Finlandiya Rusiya ilə sərhəddə məhdudiyyət tətbiq edir

İndiyə qədər rəsmi Helsinki sözügedən müharibə başlayandan sonra Rusiyaya qarşı sanksiyalara qoşulmaqla kifayətlənməyib. Bu ölkə bir müddət Rusiya ilə sərhdələri tam bağlamışdı, sonradan isə müəyyən məhdudiyyətlərlə sərhədlər açılıb. Oktyabrın 24-də isə Finlandiya Rusiya ilə sərhəddəki iki müvəqqəti keçid məntəqəsini tamamilə bağlayıb. Bu barədə Finlandiyanın sərhəd xidməti məlumat yayıb. Söhbət “Parikkala” və “İnari” nəzarət-buraxılış məntəqələrindən gedir. “Belə müvəqqəti keçid məntəqələrinin açılması və bağlanması barədə qərar Finlandiya və Rusiya sərhəd xidmətlərinin rəisləri tərəfindən qəbul olunur”, - deyə mətbuat üçün açıqlamada bildirilib. Finlandiya sərhəd keçidlərində məhdudiyyətlər tətbiq etməyə 2023-cü ilin noyabrında - üçüncü ölkələrdən qaçqınların nəzarətsiz axını fonunda başlayıb.

Tələbi hansı şirkətlər irəli sürüb?

Rəsmi Helsinki Moskvanı sığınacaq axtaranları sərhədə yönləndirməkdə ittiham edib. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova isə Avropa İttifaqında yaranmış miqrasiya böhranında Rusiyanın əli olması barədə ittihamları rədd edərək, bunu Qərbin ikili standartları adlandırıb.

Daha bir addım isə Finlandiyada Rusiya əmlakına qarşı atılan addımlardır. Belə ki, bugünlərdə Rusiyanın Finlandiyadakı 5 daşınmaz əmlakına həbs qoyulub. Bu barədə “Helsingin Sanomat” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, oktyabrın 28-də Rusiyanın iddialara məruz qalan daha beş daşınmaz əmlak obyektini aşkar etmək mümkün olub, onlardan üçü Aland adalarında yerləşir. Qeyd olunur ki, Helsinkinin mərkəzində yaşayış binası və Lauttasaari ərazisində ofis binası, həmçinin Aland adalarında dəniz kənarındakı torpaq sahəsi də daxil olmaqla, üç obyekt üzərində həbs qoyulub. Bu əmlaklar Finlandiya məhkəməsinin qərarı ilə müsadirə olunub.

Müsadirə qərarları altı Ukrayna şirkətinin tələbi əsasında qəbul edilib. Qərarlardan aydın olur ki, ərizələr avqustun 7-də Rusiya Federasiyasına qarşı Helsinki məhkəməsinə “Ukrqazvydobuvannya” Səhmdar Cəmiyyəti, “Ukrtransqaz” Səhmdar Cəmiyyəti, “Ukrtransnafta” Səhmdar Cəmiyyəti, “Çernomornefteqaz” Milli Səhmdar Cəmiyyəti, Ukraynanın Naftogaz Səhmdar Cəmiyyəti, “Ukrayna Qazı” törəmə şirkəti adından daxil olub: “Rayon məhkəməsi Rusiya Federasiyasının daşınar və (və ya) daşınmaz əmlakının ərizəçilərin göstərdiyi məbləğdə - 4 222 875 858,81 ABŞ dolları, 23 889 036,26 ABŞ dolları və 882 435,90 avro məbləğində müsadirə edilməsi barədə qərar çıxarır”.

Finlandiyaya nota verilib

Rusiya səfirliyindən əvvəlcə TASS agentliyinə bildirilib ki, RF mülkiyyətinin həbsinə dair Finlandiya hakimiyyətindən rəsmi bildiriş almayıblar və hazırda bununla bağlı araşdırma aparılır. Daha sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Ukraynanın tələbi ilə Finlandiyadakı əmlakının müsadirə edilməsi ilə bağlı məhkəməyə müraciət edəcək.

Eləcə də, Rusiya Finlandiya səfirliyinə və bu ölkənin Xarici İşlər Nazirliyinə respublika hakimiyyətinin beynəlxalq hüququn müddəalarını kobud şəkildə pozan hərəkətlərinə kəskin etirazını bildirən nota göndərib. Səfirlik Finlandiyadakı Rusiyaya məxsus daşınmaz əmlakının müsadirəsi ilə bağlı vəziyyəti aydınlaşdırmaq üçün işlərini davam etdirir. Verilən məlumatlarda qeyd olunur ki, səfirlik Finlandiya Məhkəmə İcraçıları Xidmətinin qərarına yenidən baxılacağını gözləyir.

N.BAYRAMLI

Chosen
38
12
yeniazerbaycan.com

10Sources