EN

"8-ci kilometr bazarı"nda nə baş verir? - reportaj

Ticarətçilər deyir ki, COP29-dan sonra işlərini davam etdirəcəklər, icra hakimiyyəti isə...

Bir müddət əvvəl bağlanmaq xəbəri ilə gündəmə gələn Bakının məşhur “8-ci kilometr bazarı”nda indi də küçə ticarətinin yığışdırılmasına başlanılıb. “Yeni Müsavat”ın əməkdaşı olaraq üz tutduğumuz zaman ərazidə piştaxtaların sökülərək boşaldığının şahidi olduq. Bazar viran qalmış xarabalığı xatırladırdı. Satıcılar isə əsəbi halda əşyalarını toplayır, yaxınlaşan, sual verənlərin üstünə elə çımxırır, sanki bütün acıqlarını onlardan çıxaracaqlar. Onları hiddətləndirən isə söküntü ilə bağlı yalnız bir neçə gün öncə xəbər tutmalarıdır: “Bizə deyildi ki, üç gün vaxtınız var, bura sökülməlidir. Guya COP29 tədbirinə görə sökülür. Bizə təsəlli verirlər ki, noyabrın 20-dən sonra işimizi davam etdirə biləcəyik. Bunu bir ay əvvəldən deyərdilər ki, biz də işimizi bilərdik, bu qədər mal almazdıq. İndi bunları aparaq hara tökək?!” - deyə satıcılardan biri bildirdi.

Arabaçı Rəşad yaxınlaşıb olanları daha ətraflı izah etməyə çalışır: “Bura hər gün nə qədər adam evinə bir tikə çörək pulu aparmaq üçün gəlir. Təsəvvür edin, 20 min manatlıq mallar heyif oldu, nə qədər ziyana düşdülər. Burada çox adamın banklara xeyli borcu var. Kirayə qalanlarımız var. Necə dolanacaqlar, uşaqlarını necə saxlayacaqlar, nə ilə kirayə pulunu ödəyəcəklər, heç bunu düşünən var?” 

Bazarda tör-töküntülərin içi ilə keçərək ağlayan ağsaçlı satıcı qadına da yaxınlaşırıq: “Xocavənd rayonunun Qaradağlı kəndindənəm. Beş şəhidim var, indiyə kimi birinin belə adını çəkməmişəm. Dövlətim 32 ildən sonra mənim qardaşımın sümüklərini tapıb mənə verdi, mən dövlətimdən narazı deyiləm. Heç vaxt da heç nə istəməmişəm. Yer pulu istəyiblər vermişəm, başımı aşağı salıb çörək pulumu qazanmışam. İndi baxın, burada cavanları görürsünüz, bunlara şərait yaradılsın. Qəfil gəliblər ki, üç gün ərzində buranı yığışdırın. Başqa yer də göstərmirlər ki, gedin orada işinizi görün. İndi oğlumla burada küçədə qalmışıq. Heç olmasa əvvəldən deyərdilər, bu qədər mal almazdıq, bu qədər ziyana düşməzdik”.

Digər satıcı da söhbətə qoşularaq giley-güzarını bildirir: “Oğlumun da pulunu alıb bura mal almışdım, 25 mindən çox pul qoymuşuq, nə qədər ziyana düşdük. Mallarımız küçədə qalıb, hara aparaq, bilmirik. Bundan sonra necə dolanacağıq sualını verirsiniz, bu suala özümüz də cavab tapa bilməmişik”.

7c2f4046-3081-4ed3-bef4-30839e0986ab

“Günə 25-30 manat yer haqqı alırdılar. Başqa yerdə işimiz də yoxdur. Fikirləşirik ki, necə dolanacağıq. Bəziləri mallarını ayın 20-nə kimi buradakı mağazalarda saxlayacaq, çoxu evinə aparıb. Bura rayondan gələnlər var. Mən özüm gürcüstanlıyam, illərdir burada işləyirəm. COP29-a görə sökürlər ki, xarici qonaqlar gələcək, ərazini səliqəyə salırlar. Deyirlər, 20-dən sonra açılacaq. "Diqlas" da təzədən tikilir, buradakı bir çox mağazaların ora köçürüləcəyi deyilir", - deyə xanım satıcı bildirdi.  

Satıcıların şikayəti ilə bağlı Nizami Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətindən “Yeni Müsavat”ın sorğusuna cavab olaraq bildirildi ki, “8-ci km bazarı” ətrafında, Naxçıvanski küçəsi boyunca ərazidə olan qanunsuz küçə ticarətinin və antisanitar vəziyyətin aradan qaldırılması ilə bağlı tədbirlər görülür: “Qanunsuz quraşdırılmış şəhərin ümumi görünüşünə xələl gətirən köşklər götürülür. İşlər yekunlaşdıqdan sonra ərazidə təmizlik, abadlıq və yaşıllıq işlərinin aparılması nəzərdə tutulur. Qeyd edək ki, bir ay öncə Naxçıvanski küçəsi boyunca qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərə ərazidə abadlıq işlərinin aparılacağı barədə xəbərdarlıq edilib”.

Eyyub

Eyyub Hüseynov 

İqtisadçı Eyyub Hüseynov “Yeni Müsavat”a yaranmış mövcud vəziyyəti şərh edərkən bir sıra məqamlara aydınlıq gətirib: “Uzun illər Nizami rayonunda yaşamış sakin kimi həmin bazardan daima istifadə edirəm, evimiz o əraziyə çox yaxındır. Həmin ərazidə küçə ticarəti çox bərbad vəziyyətdə aparılırdı. Heç bir sanitar normalara riayət edilmirdi. Bəzən zibil qutularının yanında ət məhsulları, digər ərzaq məhsulları satılırdı. Bəzən istehlakçıları tərəzidə də aldadırdılar. O ərazi açıq satış olduğu üçün kəskin çürüntü, tullantı qoxuları gəlirdi. Daim orada palçıq olurdu, çünki ərzaq məhsulları su ilə yuyulurdu. Heç bir sanitar normalara, qida təhlükəsizliyi normalarına cavab vermirdi. Bəzən orada, açıq havada ictimai iaşə fəaliyyəti həyata keçirilirdi. Səs-küy çox olurdu. Yaxınlıqdakı  binalarda yaşayışı dözümsüz hala gətirmişdi. Bu baxımdan ərazinin yığışdırılması, qaydaya salınması müsbət addım kimi qiymətləndirilməlidir. Əlbəttə, orada fəaliyyət göstərən, küçə ticarəti ilə məşğul olan sahibkarlara əlavə yer ayrılsın. Yeni ticarət mərkəzi açıla bilər, onlar güzəştlərlə müəyyən müddət fəaliyyət göstərə bilərlər, gəlir əldə edə bilərlər. Ticarət mərkəzləri yaxında da qurula bilər. Orada fəaliyyət göstərən sahibkarların hüquqlarının qorunması üçün bazarın ən münasib yer bazarın içində ola bilər. Ümumiyyətlə, bazarın içində də boş yerlər olurdu, lakin insanlar nədənsə çöldə ticarət edirdilər. Bazarın içində də müəyyən şərait yaradıla bilər. Bu hal aidiyyəti qurumlar tərəfindən öz həllini tapa bilər”.     

27759b77-1487-4c93-baaf-a94bb5644ad9.jpg

Qeyd edək ki, "8-ci kilometr bazarı" ilə bağlı müxtəlif məlumatlar yayılıb. Ötən əsrin 90-cı illərində bazarın Bakının sabiq meri mərhum Rəfael Allahverdiyevin nəzarətində olduğu bildirilir. Sonradan bazarı keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin yaxınları idarə etməyə başlayıb. Həmin vaxtdan bazar iki yerə bölünüb. Sənaye bazarı özəlləşdirilmək üçün Dövlət Əmlak Komitəsinə (hazırda Xidmət-red.) verilib. “Kolxoz” bazarı isə başqa bir qruplaşmanın sərəncamına keçib.

2005-ci ildən sonra bazar uğrunda daha bir qruplaşma mübarizəyə başlayıb. Qruplaşmaya rəhbərlik edən M.Əliyev hətta bu məqsədlə bir neçə dəfə  bazarı bağlatdırmağa cəhd edib. Bundan əlavə, bazarın köçürülməsi məsələsi də gündəmə gəlib. "8-ci kilometr bazarı"nın uzun illər yüksək vəzifəli şəxslər arasında bölüşdürülə bilmədiyi qeyd edilir. Bazar ətrafında yaranan söz-söhbətlər çox zaman mətbuatda da yer alıb. “Vosmoy” bazarı uğrunda savaşın təfərrüatları isə Akif Çovdarovun həbsindən sonra ortaya çıxmışdı.

Afaq MİRAYİQ,
Fotolar müəllifindir
“Yeni Müsavat”

Chosen
20
musavat.com

1Sources