EN

Məlumatları nazirin şəxsən özünə çatdırırıq - İctimai Şura sədri ilə MÜSAHİBƏ

Azərbaycan Prezidentinin 16 yanvar 2014-cü il tarixli Fərmanı ilə “İctimai iştirakçılıq haqqında” qanun qəbul edilib. 2014-cü il iyunun 1-dən qüvvəyə minən qanunun məqsədi mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə qurumlarının fəaliyyətinə ictimai nəzarətin təmin edilməsi, vətəndaşların və vətəndaş cəmiyyət institutlarının rəyinin nəzərə alınmasıdır. Qanuna müvafiq olaraq bütün nazirliklər yanında İctimai şuralar yaradılıb. Bəs həmin şuralar necə işləyir, nazirliklər onlarla hesablaşırmı?

Modern.az saytı nazirliklər yanında İctimai şuraların sədrləri ilə silsilə müsahibələrə davam edir.
 

Budəfəki müsahibimiz  Daxili İşlər Nazirliyi yanında İctmai Şuranın sədri Əliməmməd Nuriyevdir.

 

Əliməmməd müəllim, müşahidələr göstərir ki, Azərbaycanda İctimai şuralara birmənalı münasibət yoxdur. Bu da ondan irəli gəlir ki, nazirlik və ya komitə yanında yaradılan İctimai şuralar daha çox həmin qurumun müdafiəçisi qismində çıxış edir. Siz bununla bağlı nə deyə bilərsiniz? İctimai şuralar necə işləməlidir ki, ictimai nüfuz qazana bilsin.
 

- Azərbaycanda İctimai şuralara birmənalı münasibət olmaması bir çox səbəblərdən qaynaqlana bilər. Bunun üçün öncə İctimai şuraların yaradılma məqsədini və funksiyalarını incələmək lazımdır. İctimai şuralar dövlət orqanlarının fəaliyyətində şəffaflığı təmin etmək, ictimai nəzarət mexanizmini gücləndirmək və vətəndaş cəmiyyətinin maraqlarını təmsil etmək məqsədilə yaradılır. İctimai şuraların ilkin funksiuyası dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarət etməklə onların hesabatlılığını artırmaq və şəffaflığı təmin etməkdir. Bu prosesin məqsədi dövlət qurumlarının qərar və fəaliyyətində cəmiyyətə faydalı olmasını təmin etməkdir. Lakin bəzi hallarda şuraların fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş məqsədlərdən uzaqlaşır və əsasən həmin dövlət qurumunun maraqlarını müdafiə edən struktura çevrilir. Bu, İctimai şuralara qarşı mənfi ictimai rəyin formalaşmasına gətirib çıxarır. Həmçinin bir sıra hallarda İctimai şuralar yanında yaradılgı qurumlar ilə çox sıx əməkdaşlıq etdikdə, ictimaiyyət onları müstəqil yox, daha çox dəstəkçi kimi qəbul edə bilər. Bu vəziyyət ictimai etimadın azalmasına səbəb olur. Çünki İctimai şuraların əsas funksiyası dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarət etməkdir, onların hər addımını müdafiə etmək deyil.

- İctimai şuralarla bağlı problemlərin kökü nədən qaynaqlanır?

- Birincisi, müstəqilliyin olmaması: Bəzi İctimai şuraların üzvləri yanında yaradılan dövlət orqanına yaxın şəxslərdən və ya birbaşa həmin qurumların təyin etdiyi adamlardan ibarət ola bilər. Bu isə onların fəaliyyətində obyektivliyi və balanslı yanaşmanı sual altına alır.

İkincisi, çox məhdud tənqid imkanları: Bəzi İctimai şuraların dövlət qurumlarını tənqid etməkdən çəkinməsi, hətta zəruri hallarda belə tənqid etməməsi cəmiyyətin gözündə onların “formal” strukturlar olduğunu göstərir. Nəticədə ictimai nəzarət mexanizmi zəifləyir və şuralar ictimai maraqları təmsil etməkdə çətinlik çəkirlər.


- İctimai şuraların nüfuz qazanması üçün hansı vacib prinsiplərə riayət olunmalıdır?

- İctimai şuraların effektiv fəaliyyət üçün əsas prinsiplər aşağıdakılardı:

A) Müstəqillik və obyektivlik:

İctimai şuraların dövlət orqanlarına qarşı obyektiv və müstəqil mövqe tutması vacibdir. Müstəqillik anlayışı həm maliyyə, həm də institusional (idarəetmə) baxımından əhəmiyyətlidir. Şuraların üzvlərinin seçimi tam olaraq vətəndaş cəmiyyəti institutları (ictimaiyyət) tərəfindən həyata keçirilməli və dövlət orqanları tərəfindən müdaxilə olunmamalıdır. Həmçinin, şuraların fəaliyyətinə maliyyə dəstəyi yanında yaradıldığı dövlət qurumlarından asılı olmamalıdır. Bu, şuraların daha obyektiv qərar qəbul etməsinə və ictimai nəzarət funksiyasını layiqincə yerinə yetirməsinə imkan yarada bilər.

B) Şəffaflıq və hesabatlılıq:

İctimai şuraların fəaliyyətinin şəffaf olması cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edir. Şuraların iclasları ictimaiyyətə açıq keçirilməli, qəbul olunan qərarlar və təqdim olunan təkliflər geniş yayımlanmalıdır. Hesabatlılıq ictimaiyyətin şuraya inamını artıran ən önəmli vasitələrdən biridir. Bu proses eyni zamanda, dövlət orqanları ilə ictimaiyyət arasında körpü rolunu oynayır.

C) Cəmiyyətin iştirakının genişləndirilməsi:

İctimai şuraların üzvləri yalnız dövlət qurumlarına yaxın şəxslərdən ibarət olmamalı, cəmiyyətin müxtəlif təbəqələrinin və maraq qruplarının nümayəndələrindən təşkil edilməlidir. Bu cür tərkib müxtəlif maraqların və ehtiyacların təmsil olunmasına imkan verir. Məsələn, vətəndaş cəmiyyəti təşkilatları, müstəqil ekspertlər və medianın təmsilçiləri şura üzvləri kimi fəaliyyət göstərə bilərlər.

D) Tənqidi yanaşma və konstruktiv təkliflər:

Tənqid və təkliflərin balanslı şəkildə verilməsi ictimai şuraların ən vacib funksiyalarından biridir. Dövlət qurumlarının fəaliyyətindəki problemləri aşkar etmək və ictimai rəyə zərər verən qərarları tənqid etmək şuranın roludur. Eyni zamanda, şuralar tənqidə alternativ olaraq konstruktiv təkliflər də irəli sürməlidir. Bu, onların fəaliyyətini daha səmərəli və məqsədli edir.
 

- Bəs şuralar ictimai nüfuzu necə qazana bilər?

- İctimai nüfuzun qazanılması yolları bunlardır:

A) Sosial dialoq və vətəndaşların iştirakı:

İctimai şuralar cəmiyyətlə müntəzəm olaraq dialoq qurmalıdır. Sosial dialoq yalnız dövlət qurumları ilə yox, həm də vətəndaşlar və qeyri-hökumət təşkilatları və özəl sektor ilə aparılmalıdır. Cəmiyyətin problemlərini və ehtiyaclarını birbaşa öyrənmək, onların rəyini dinləmək və qərar qəbulunda bu rəyləri nəzərə almaq, ictimai şuraların daha geniş ictimai nüfuz qazanmasına kömək edəcək.

B) Açıq debatlar və rəy sorğuları:

İctimai şuralar öz fəaliyyətlərini geniş kütlələrə çatdırmaq üçün açıq debatlar, ictimai dinləmələr, ictimai müzakirələr və ictimai rəy sorğuları təşkil edə bilər. Bu vasitələrlə onlar həm öz fəaliyyətləri barədə hesabat verə, həm də cəmiyyətin gözləntilərini daha yaxşı öyrənə bilərlər.

C) İnnovativ yanaşma və rəqəmsal alətlərdən istifadə:

Müasir texnologiyaların və rəqəmsal platformaların imkanları ictimai şuraların fəaliyyətini geniş kütlələrə tanıtmaq və onlarla interaktiv əlaqə yaratmaq üçün istifadə edilə bilər. Online forumlar, sosial media kanalları və rəqəmsal sorğular vasitəsilə daha geniş və müxtəlif auditoriyalara çatmaq mümkündür.

İctimai şuraların uğurlu nümunələri var. Beynəlxalq təcrübədə bir çox ölkələrdə İctimai şuralar cəmiyyətlə dövlət orqanları arasında uğurlu əlaqə mexanizmi kimi çıxış edirlər. Məsələn, Şimali Avropa ölkələrində İctimai şuralar dövlət orqanlarının qərar qəbul etmə prosesinə real təsir göstərən və cəmiyyətin maraqlarını aktiv şəkildə müdafiə edən qurumlar kimi fəaliyyət göstərirlər. Bu modellərdən öyrənmək və Azərbaycan şəraitinə uyğunlaşdırmaqla İctimai şuraların rolunu gücləndirmək mümkündür. Ölkəmizdə də, İctimai şuraların uğur hekayələri yaranmaqdadır.


- İctimai şuraların ictimai nüfuz qazanması üçün hansı təklifləri sadalaya bilərsiniz?
 

Şura üzvlərinin seçilməsi prosesi tam şəffaf və açıq olmalı, ictimaiyyətin nümayəndələri bu prosesə cəlb edilməlidir. Çox zaman görürük ki, şura üzvlərinin seçilməsi ilə bağlı elanların verilməsi yetərli auditoriyanı əhatə etmir, eyni zamanda bu proses bəzi hallarda qapalı keçir. Biz hesab edirik ki, burada geniş məlumat olmalıdır. Müxtəlif vasitələrlə şuraya seçkilərin təyin olunması, seçki komissiyasının seçilməsi ilə bağlı məsələlər daha geniş məlumatlar olmalıdır. Bu baxımdan açıqlıq prinsipinə əməl etmək vacibdir. Doğrudur, son illərdə bu prinsiplərə əməl edilir, o cümlədən DİN yanında İctimai Şuraya seçkilər prosesi də tam şəffaf keçirilib. Burada həm şura üzvlüyünə namizədlərin sayı yetəri qədər çox olmuşdur. Eyni zamanda seçkidə iştirak edən vətəndaş cəmiyyəti nümayəndələri kifayət qədər çox olmuşdur. Bir çox digər ictimai şuraların seçkilərində də biz çoxsaylı axının şahidi oluruq. Bəzilərində isə ümumiyyətlə rəqabət olmayıb.

Şuraların maliyyə müstəqilliyi təmin edilməli və onların fəaliyyətində hər hansı maraq toqquşmasının qarşısı alınmalıdır. Bu çox vacib məsələdir. Şuralardan tələb olunur ki, müstəqil olmalı, problemləri açq şəkildə deməli, tədbirlər keçirməlidirlər.

- İstənilən tədbirin həyata keçirilməsi üçün resurslar lazımdır. Bu resurslar varmı?

- Bununla bağlı İctimai şuraların yetərli qədər imkanları yoxdur. Qanunvericilikdə nəzərdə tutulur ki, İctimai şuraların fəaliyyəti texniki baxımdan təşkil olunmalıdır. Amma ictimai dinləmə, müzakirə və rəy sorğuları keçirməlidir. Bu isə resurslar olmadan mümkün deyil. Resursların mənbəyi ilə bağlı məsələlər isə açıq qalır. Doğrudur Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və digər dövlət fondları bu istiqamətdə müəyyən layihələrə maliyyə ayıra bilərlər. İctimai şuranın müstəqil fəaliyyət göstərməsini istəyiriksə, şuranın keçirdiyi tədbirlərlə bağlı dövlət büdcəsində ayrıca vəsait olmalıdır. O vəsaitlər birbaşa həmin istiqamətə yönəlməlidir. İctimai şura bu zaman real olaraq dinləmə və rəy sorğuları keçirə bilər, normativ aktların layihələrinə tam obyektiv rəylər verə, bu prosesə peşəkar ekspertlər cəlb edə bilər. İstənilən fəaliyyəti həyata keçirmək üçün resurslar vacibdir.

Bir misal deyim, Yerli Özünü İdarəetmə Avropa Xartiyası var. Orada deyilir ki, bələdiyyələrə nə qədər səlahiyyət verilirsə də, onları həyata keçirmək üçün resurslarla da təmin edilməlidir. İctimai şura da eyni şəkildə, səlahiyyətləti hansı həddədirsə, eyni səviyyədə resurslarla təmin etmək lazımdır.

Şuraların fəaliyyəti barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılmalı və onların qərarları açıq şəkildə dərc edilməlidir. Qanunvericilik şuralar üzərində hesabatların verilməsi ilə bağlı tələb qoyur. Bəs biz hesabatları harada yerləşdirək?! Dövlət qurumunun yanında şura yaradılırsa, onun saytında yerləşdirməlidir. Bu,  həmin hesabatlara əlçatanlığı təmin etmək üçün yetərlidirmi?

Daxili İşlər Nazirliyi yanında İctimai Şura 1 və 2 illik hesabatını təqdim etdi. Hesabatlarımız ictimaishura.az saytında yerləşdirildi. Bu zaman Daxili İşlər Nazirliyi tərəfindən bizə texniki dəstək də verildi. Hesabatımız Nazirliyin mətbəəsində çap olundu. Bu nüsxələr kitabxanalara və və digər qurumlara təqdim etdik.

Şuraların qərar qəbul etmə prosesi ictimai rəy sorğuları və açıq məsləhətləşmələrlə müşayiət olunmalıdır. Biz rəy sorğularını ən yaxşı halda onlayn formada keçirə bilirik və böyük qrupları bu prosesə cəlb edə bilmirik. Çünki rəy sorğularının keçirilməsi xüsusi institutdur. Buraya həm peşəkar rəyçiləri dəvət etməliyik, həm də obyektivliyi təmin etməliyik. Bütün rəy sorğularında 3% qeyri-dəqiqlik ola bilir. Bu proses çox əhəmiyyətli dərəcədə bizim fəaliyyətimizə təsir göstərə bilir. Biz bu yolla öz fəaliyyətimizlə bağlı kənar qiymətyləndirməni öyrənə bilər, eyni zamanda yanında olduğumuz qurumun ayrı-ayrı funksiyaları necə yetirməsi ilə bağlı daha dəqiq proqnozlaşdırıla bilən təkliflər hazırlaya bilərik.

Beləliklə, ictimai şuralar öz əsas funksiyalarını yerinə yetirməklə, dövlət və cəmiyyət arasında səmərəli əlaqə yarada və ictimai etimadı qazana bilərlər.
 

- Sizin İctimai Şuranın fəaliyyətində prioritet istiqamətlər nələrdir?
 

1. Vətəndaş Müraciətlərinin İcmalı: İctimai Şura ictimaiyyətin DİN-in fəaliyyəti ilə bağlı narahatlıqlarını və müraciətlərini qəbul edir. Bu müraciətlər polis orqanlarının fəaliyyəti, insan hüquqlarının pozulması, saxlanılan şəxslərin vəziyyəti, yaxud polis tərəfindən qanunsuzluq kimi mövzuları əhatə edə bilər. Şura bu müraciətləri araşdıraraq, nazirliyin daxili strukturuna, iş metodlarına və qərarlarına nəzarət etməyə çalışır. Vətəndaş müraciətləri ictimai nəzarət üçün əsas vasitələrdən biridir, çünki onlar cəmiyyətdə baş verən real problemlərə işıq tutur.

2. Məlumatların Təhlili və Tövsiyələr: İctimai Şura DİN-in fəaliyyətini izləyərək müxtəlif məlumatları təhlil edir və tövsiyələr hazırlayır. Bu, daxili işlər orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi üçün vacibdir. Təhlillər, polis məmurlarının davranış kodeksi, insan hüquqlarına riayət olunması və nazirliyin daxili idarəetmə sistemində şəffaflığın artırılması kimi məsələlər ətrafında aparılır. Tövsiyələr isə nazirliyə fəaliyyətinin inkişafı üçün təqdim edilir.

3. İctimai Dinləmələr və Müzakirələr: İctimai Şura vaxtaşırı ictimai dinləmələr və müzakirələr təşkil edir ki, bu da DİN-in fəaliyyətinə dair müxtəlif mövzuların açıq müzakirə edilməsinə imkan yaradır. Bu müzakirələrdə dövlət qurumları, vətəndaşlar, vətəndaş cəmiyyəti nümayəndələri və ekspertlər iştirak edir. İnklüzivliyin təmin edilməsi şuranın verdiyi tövsiyələrin geniş əsaslı olmasına şərait yaradır. Müzakirələr ictimaiyyətin fikirlərini toplamaq və real problemləri müəyyənləşdirmək baxımından vacibdir.

4. Monitorinq Qruplarının Təşkili: İctimai Şura müəyyən hallarda müstəqil monitorinq qrupları təşkil edərək DİN-in müxtəlif bölmələrində və fəaliyyət sahələrində monitorinqlər həyata keçirir. Bu monitorinqlər nazirliyin müxtəlif strukturlarının fəaliyyətində mümkün çatışmazlıqları aşkarlamaq və onların aradan qaldırılması üçün təkliflər irəli sürmək məqsədi daşıyır. Monitorinq qrupları saxlanılan şəxslərin hüquqlarının pozulması halları, polis orqanlarında vətəndaşlara qarşı qanunsuzluqlar kimi sahələri əhatə edə bilər. Ötən müddət ərzində Bakı şəhəri və Abşeron rayonunda saxlama yerlərində monitorinqlərm keçirdik. Bunun nəticəsində nazirliyə müxtəlif təkliflər təqdim etdik. O təkliflərin bir hissəsi qəbul edildi və müvafiq tədbirlər görüldü.

Monitorinqlərin üstün cəhəti ondan ibarətdir ki, biz bu məsələlərlə bağlı məlumatları birbaşa daxili işlər nazirinin şəxsən özünə çatdırırıq. Daxili işlər nazirinin şəxsən göstərişi əsasında İctimai şura tərəfindən göndərilən bütün məlumatlar birbaşa ona məruzə edilir. Bu, bizim üçün çox yaxşı avantajdır ki, təkliflərimizə sürətli reaksiya verilir. Məsələn, ötən illər ərzində bizim bir çox müraciətimiz birbaşa cənab nazirə məruzə edildikdən sonra öz həllini tapmışdır.

Məişət zorakılığı, polis və vətəndaş cəmiyyəti əməkdaşlığı ilə bağlı ictimai müzakirə keçirdik. Dövlət qurumları və vətəndaş cəmiyyəti nümayəndələri burada iştirak etdilər. Eyni zamanda narkotiklərə qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolu ilə bağlı ictimai dinləmə keçirdik. Bu dinləmələrə cənab nazirin göstərişi ilə Daxili İşlər Nazirliyinin əlaqəli qurumlarını cəlb edə bildik. Dinləmələrdə çox maraqlı debat mühiti yaranır və hər kəs arqumentlərini söyləyə bilir.

5. Qanunvericiliyə Təkliflər: İctimai Şura dövlət orqanlarının fəaliyyətində şəffaflığı artırmaq və ictimai maraqları qorumaq üçün qanunvericilik təşəbbüsləri irəli sürə bilər. Şura DİN-in fəaliyyəti ilə bağlı qanunlarda dəyişikliklərin və ya yeni qanun layihələrinin hazırlanmasında iştirak edərək, ictimai maraqları nəzərə alır. Bu, şuranın nəzarət funksiyalarını gücləndirir və vətəndaşların hüquqlarının müdafiəsinə yönəlir.
 

- Bəs çətinliklər və məhdudiyyətlər də varmı?

- Təbii ki, var. İctimai Şuranın nəzarət funksiyasını həyata keçirməsi zamanı bəzi çətinliklər də mövcuddur:

Resursların məhdudluğu: Şuranın resursları, xüsusilə kadr və maliyyə resursları məhdud ola bilər ki, bu da onun fəaliyyətinin miqyasını məhdudlaşdıra bilər. Effektiv ictimai nəzarət üçün geniş resurslar və davamlı dəstək tələb olunur.

Səlahiyyətlərin məhdudluğu: İctimai Şura qanunvericiliyin verdiyi səlahiyyətlər çərçivəsində fəaliyyət göstərsə də, onun  icrası məcburi olan hüquqi qərar vermək və ya icra səlahiyyətləri yoxdur. O, daha çox tövsiyə xarakterli fəaliyyət göstərir və bəzi hallarda bu, effektivliyin azalmasına səbəb ola bilər. Nazirlik bu tövsiyələrə əməl etməyə borclu deyil, buna görə də bəzi hallarda şuranın təklifləri gözardı edilə bilər.

Bürokratik maneələr də var: Dövlət strukturlarının işləmə prinsipləri, bəzi hallarda ictimai nəzarətin həyata keçirilməsini çətinləşdirə bilər. Dövlət orqanları ilə olan əməkdaşlıqda müəyyən bürokratik çətinliklər və informasiyanın əldə olunmasında məhdudiyyətlər yarana bilər.

İctimai Şuranın fəaliyyəti vətəndaş cəmiyyətinin DİN ilə səmərəli əməkdaşlığa və effektli ictimai nəzarəti təmin etməyə yönəlib və bu baxımdan əhəmiyyətli töhfə verir. Onun fəaliyyəti nəticəsində vətəndaş cəmiyyətinin iştirakçılığı artır, ictimaiyyətin səsi dinlənir və DİN-in şəffaflığı, hesabatlılığı gücləndirilir. Lakin səlahiyyətlərin məhdudluğu və bəzi bürokratik maneələr şuranın tam potensialını həyata keçirməsini çətinləşdirə bilər.

İctimai nəzarətin gücləndirilməsi üçün şuranın səlahiyyətlərinin genişləndirilməsi, resursların artırılması və dövlət orqanlarının tövsiyələrə daha çox riayət etməsi vacibdir. Bu sahədə davamlı vətəndaş cəmiyyəti dəstəyi və hökumətin siyasi iradəsi həlledici rol oynaya bilər.
 

- Nazirliyin fəaliyyətinə ictimai nəzarət həyata keçirə bilirsinizmi?
 

- Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın rəyi, onun fəaliyyətinin effektivliyini müəyyən edən əsas göstəricilərdən biridir. İctimai Şuranın məqsədi və rolu, nazirliyin fəaliyyətinə ictimai nəzarət etmək və şəffaflığın təmin olunmasına töhfə vermək olsa da, onun rəylərinin nazirlik tərəfindən qəbul edilməsi və nəzərə alınması prosesi mürəkkəb və çoxsəviyyəli ola bilər:

İctimai Şura hüquqi səlahiyyətlər baxımından tövsiyəverici və məsləhət xarakterli bir orqandır. Bu, onun verdiyi qərarların və təkliflərin DİN üçün məcburi olmadığını göstərir. Bununla belə, şuranın rəyinin nazirlik tərəfindən nəzərə alınıb-alınmaması aşağıdakı bir neçə faktordan asılıdır:

Tövsiyələrin  əsaslı, reallıq və praktik uyğunluğu

İctimai Şuranın rəyləri və təklifləri DİN-in fəaliyyətinə uyğun, realist və praktik olduğu halda, nazirlik həmin təkliflərə daha böyük maraq göstərə bilər. Məsələn, polis əməkdaşlarının təlimi, ictimaiyyətlə münasibətlər, insan hüquqlarının qorunması və korrupsiya ilə mübarizə, cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin qorunması kimi sahələrdə şuranın konkret tövsiyələri DİN-in fəaliyyətinin səmərəliliyini artırmağa yönəlibsə, nazirlik bu rəyləri nəzərə alır.

Şuranın rəylərinin nazirlik üçün dəyərli olması, həm də rəylərin strukturlaşdırılmış və yaxşı əsaslandırılmış olmasından asılıdır. Bəzi hallarda, yaxşı təhlil və praktik tətbiqetmə mexanizmləri ilə müşayiət olunan təkliflər qəbul edilir və DİN-in fəaliyyətində tətbiq olunur.

Cəmiyyətin Dəstəyi:

İctimaiyyətin və vətəndaş cəmiyyətinin şuranın təkliflərinə dəstək verməsi, rəyin DİN tərəfindən qəbul edilməsinə mühüm təsir göstərə bilər. Şura ictimai dəstəyə malik olduğu hallarda, onun rəyləri daha güclü şəkildə nazirlik tərəfindən qəbul edilir. Məsələn, ictimaiyyət arasında ciddi narahatlıq doğuran məsələlər, vətəndaşların şikayətlərinə əsaslanan tövsiyələr DİN tərəfindən diqqətə alınır, çünki bu cür rəylərə məhəl qoymamaq ictimai imicə zərbə vura bilər.

Bu baxımdan, İctimai Şura ilə vətəndaş cəmiyyəti, KİV və qeyri-hökumət təşkilatları arasında güclü əlaqələr və əməkdaşlıq, şuranın tövsiyələrinin qəbul edilməsində böyük əhəmiyyət kəsb edir.

İctimai şura təşkil olunandan sonra sosial şəbəkə üzərindən bütün vətəndaşlarımıza müraciət edərək hazırlanacaq fəliyyət planı haqqında təkliflər vermələrini xahiş etdik. O zaman bizə 30-a yaxın təklif daxil oldu. O təkliflərin çoxu fəaliyyət planına daxil edildi. Amma bəzi hallarda təkliflər realist məzmuna malik olmur. Həmin təklifin həyata keçirilməsi ilə bağlı mexanizmlər anında tapıla bilmir yaxud elə böyük resurslar lazım olur ki, bizdə olmur. DİN-in fəaliyyətinin daha çevik, operativ təşkil edilməsi hər bir vətəndaşımızın marağındadır. Amma DİN-in fəaliyyətlərini həyata keçirənlər də bizim vətəndaşlarımızdır. Bu fəliyyətləri həyata keçirmək yüksək peşəkarlıq tələb edir, yüksək peşəkarlığın da təmin edilməsi ilə bağlı nazirlik daim təlimlər, treyninqlər aparır. Amma DİN əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi vacib məsələdir. Polislərimiz vətəndaşlarımızın hüquqlarını qorumaq üçün faəliyyət göstərirlər. Amma bunu yerinə yetirən qurumun da əməkdaşlarının hüquqlarının müdafiəsi barədə fikirlərimizi cəmiyyətə çatdırmalıyıq. Hesab edirəm ki, DİN əməkdaşlarının əməkhaqlarının artırılması ilə bağlı qərarları daha da səmərəli etmək və məsələni diqqətdə saxlamaq lazımdır.

Siyasi iradə və dövlət orqanlarının əməkdaşlığı:

Şuranın rəylərinin qəbul olunması üçün dövlət orqanlarının, xüsusən DİN-in rəhbərliyinin siyasi iradəsi və bu tövsiyələrə açıq olması vacibdir. Belə bir iradə var...

Biz bir çox hallarda rəsmi formalılıqdan da imtina edirik. Vətəndaş müraciəti daxil olduqdan sonra onun ötürülməsi çox vacib məsələdir. Tutaq ki, bu gün vətəndaş ona qeyir-qanuni hərəkət olduğunu hesab edərək müraciət edirsə, biz daxil o məlumatları Daxili İşlər Nazirliyinə çatdırmağa çalışırıq. Bizim 2 mühüm kanalımız var.

1) İctimai Şura ilə əlaqələr üzrə cənab nazir tərəfindən DİN-in müvafiq strukturu təyin olunub. Nazir müavini bu məsələlərə cavabdehdir. Cənab nazir və müavini bildirdi ki, 24 saat ərzində siz bizim müvafiq səlahiyyətli şəxslə əlaqə saxlaya bilərsiniz.

2) Başqa bir məsələ ilə DİN-in İctimaiyyətlə Əlaqələr şöbəsidir. Elşad Hacıyevlə çox yüksək əlaqələr qurmuşuq. Biz vətəndaşın müraciətini olduğu kimi ona göndəririk. Təsəvvür edin ki, 1-2 saat ərzində məsələ öz həllini tapır. Burada əks əlaqələr sistemi qurulub. Bu İctimai Şuranın səmərəliliyinin artırılmasında vacib məsələdir. Bu baxımdan mən Daxili İşlər Nazirliyinin həmin qurumlarının nümayəndələrinə də təşəkkür edirəm ki, müraciətlərimizə çevik, yüksək səviyyəli reaksiyalar verirlər.

Hesab edirəm ki, növbəti istiqamətlərdən biri də İctimai Şuranın DİN-in bütün strukturlarına tanıdılması prosesi baş verməlidir. Bu istiqamətdə xeyli işlər görülüb. 2022-2023-cü illərdə İctimai Şuranın tanıdılması həyata keçirilirdisə, indi qəbul edilmə prosesi baş verir. Amma mən hesab edirəm ki, bunu daha da genişləndirmək lazımdır. Biz İctimai Şura olaraq DİN-in bütün strukturları ilə görüşməliyik. Bu bir-birimizlə münasibətlərin dərinləşməsinə kömək etmiş olar, həm də hər bir qurumun fəaliyyətinə müsbət təsir göstərə bilər.

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov bütün səviyyələrdə lazım olan bütün zəruri olan şəraiti İctimai Şura tam təmin etmişdir. İradənin davamlı olması İctimai Şuranın verdiyi tövsiyələrin tətbiqi prosesi asanlaşır. Lakin bir sıra hallarda, bəzi tövsiyələr mərkəzi qərar mexanizmlərinə və ya dövlət siyasətinə uyğun olmadığı üçün qəbul edilməyə bilər.

Bu baxımdan, dövlət orqanlarının şuraya münasibəti, onun rəylərinin nə dərəcədə ciddi qəbul olunacağını müəyyən edir.
 

- Hazırladığınız rəylərin qəbulundakı çətinliklər nələrdən ibarətdir? 

- Bu çətinlikləri aşağıdakı kimi qruplaşdırmaq olar:

1) Bürokratik Maneələr: DİN kimi iri dövlət orqanlarında qərar qəbuletmə prosesi bəzən yavaş ola bilər və bürokratik maneələr, təkliflərin həyata keçirilməsinə əngəl yarada bilər. İctimai Şuranın tövsiyələrinin nazirlik daxilində müxtəlif departamentlər tərəfindən icra olunması üçün tələb olunan mexanizmlərin kompleksliyi rəylərin tez bir zamanda tətbiq edilməsinə mane ola bilər.

2) İcra səlahiyyətlərinin olmaması: Şuranın rəyvermə funksiyası olsa da, qərarların tətbiqi səlahiyyətinə malik deyil. Bu səbəbdən, şuranın tövsiyələri çox vaxt tövsiyə səviyyəsində qalır və onların praktiki həyata keçirilməsi üçün əlavə icra mexanizmlərinə ehtiyac duyulur. Bəzi hallarda bu, tövsiyələrin gözardı edilməsinə və ya tətbiqinin gecikdirilməsinə səbəb ola bilər.

Maraqların konflikti bir sira hallarda tövsiyyələriin qəbul edilməsini ləngidə bilər.
 

- Bəs rəylərin qəbulunun yaxşı təcrübələr də varmı?
 

- Bəli. İnsan hüquqlarının qorunması ilə bağlı tövsiyələri qeyd edə bilərəm: DİN zaman-zaman İctimai Şuranın tövsiyələrini nəzərə alır, xüsusilə insan hüquqlarının qorunması sahəsində. Məsələn, saxlanılan şəxslərin hüquqlarının təmin olunması ilə bağlı tövsiyələr DİN-in daxili qaydalarında müəyyən dəyişikliklərə gətirib çıxara bilər.

Polis əməkdaşlarının Davranış Kodeksi ilə bağlı məsələni də vurğulamaq lazımdır: Şuranın polis məmurlarının etik davranışlarına dair tövsiyələri və təlimatları bəzən nazirliyin daxili təlimatlarında əksini tapır. Bu da polis-vətəndaş münasibətlərinin yaxşılaşdırılmasına, şəffaflığın artırılmasına və vətəndaşların hüquqlarının qorunmasına töhfə verir.

İctimai Şuranın DİN-ə verdiyi rəylər və tövsiyələr nazirlik tərəfindən əsasən qəbul edilir, DİN ilə İctimai Şura arasında möhkəm əməkdaşlıq və dialoq mexanizmləri qurulduqca, bu rəylərin qəbul edilməsi və tətbiq olunması daha da səmərəli olacaq.

İctimai nəzarətin gücləndirilməsi və şəffaflığın artırılması üçün tövsiyələrin hüquqi qüvvəsinin artırılması və DİN ilə İctimai Şura arasında institusional əlaqələrin daha da möhkəmləndirilməsi vacibdir. Bu həm dövlət orqanlarının şəffaflığını artıracaq, həm də vətəndaş cəmiyyətinin qərar qəbuletmə prosesində daha fəal iştirakını təmin edəcək.


Vətəndaşlarla əməkdaşlığın əsas mexanizmlərindən də bəhs edərdiniz...


- Daxili İşlər Nazirliyi yanında İctimai Şura vətəndaşlardan daxil olan müraciətlərin toplanması və təhlili vasitəsilə nazirliklə sıx əməkdaşlıq edir. Şura vətəndaşların problemlərini dinləməklə yanaşı, DİN-in fəaliyyətini təkmilləşdirmək üçün konkret tövsiyələr verir. Bu tövsiyələr, polis məmurlarının davranışının yaxşılaşdırılması, şəffaflığın artırılması və cinayətkarlıga qarşı mübarizədə və ictimai asayişin qorunması istiqamətində mühüm rol oynayır.

Vətəndaş müraciətləri ictimai nəzarətin əsas mexanizmi kimi çıxış edir və onların düzgün təhlili və həll olunması İctimai Şuranın effektiv fəaliyyətinin əsas göstəricilərindən biridir. Lakin bu prosesin tam şəkildə reallaşması üçün DİN-lə daimi və konstruktiv əməkdaşlıq həlledici rol oynayır.

İctimai Şura vətəndaşlardan müxtəlif vasitələrlə, o cümlədən elektron müraciət, telefon zəngləri və şəxsən qəbul vasitəsilə müraciətlər qəbul edir. Vətəndaşlar DİN-in fəaliyyətindən narazılıq yaradan məsələlərlə bağlı birbaşa İctimai Şuraya müraciət edə bilərlər. Bu müraciətlər əsasən aşağıdakı sahələrdə olur:

Polis fəaliyyəti ilə bağlı şikayətlər: Vətəndaşlar polis məmurlarının qeyri-etik davranışı, qanunsuzluqlar və hüquq pozuntuları ilə bağlı şikayətlər edir.

Saxlanılan şəxslərin hüquqlarının pozulması: Polis tərəfindən saxlanılan şəxslərin hüquqlarının qorunmaması, saxlanma şəraiti və prosessual qaydaların pozulması ilə bağlı narazılıqlar daxil olur.

İctimai təhlükəsizlik və asayişin pozulması: Vətəndaşlar öz məhəllələrində, şəhərlərində və ya kəndlərində baş verən ictimai asayiş pozuntuları və hüquq-mühafizə orqanlarının bu məsələyə müdaxiləsi ilə bağlı müraciətlər edirlər.

İctimai dinləmələr və müzakirələr: İctimai Şura vaxtaşırı Vətəndaş cəmiyyəti təşkilatları, dövlət qurumları, özəl sektorun nümayəndələri və ekspertlərin iştirakı ilə ictimai dinləmələr və müzakirələr təşkil edir. Bu tədbirlər vətəndaşların qarşılaşdıqları problemləri açıq şəkildə ifadə etməsinə və bu problemlərə DİN tərəfindən cavab tapılmasına imkan yaradır. Müzakirələr zamanı əldə edilən nəticələr Şura tərəfindən təhlil olunur və DİN-ə təqdim olunur. Bu cür tədbirlər, eyni zamanda vətəndaşların hüquqları haqqında məlumatlandırılmasını artırmağa yönəlib.

Məlumatlandırma və maarifləndirmə kampaniyaları: Vətəndaşların hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqələrində daha məlumatlı olması üçün İctimai Şura maarifləndirmə kampaniyaları həyata keçirir. Bu kampaniyalar vətəndaşların öz hüquqlarını bilməsi və qanun pozuntularının qarşısının alınması ilə bağlı məlumatlılığını artırmağa xidmət edir. Bu təşəbbüslər çərçivəsində müxtəlif sosial aksiyalar, seminarlər və təlimlər təşkil olunur.

Elektron platformalar və onlayn əməkdaşlıq: Müasir texnologiyaların genişlənməsi ilə İctimai Şura vətəndaşlardan elektron vasitələrlə müraciətlərin qəbulunu genişləndirib. Bu həm də vətəndaşların müraciətlər etməsi və problemlərini birbaşa ifadə etməsi üçün əlavə imkanlar yaradır. Vətəndaşlar onlayn platformalar vasitəsilə öz şikayətlərini göndərir, şuranın qərarlarını izləyir və tövsiyələr haqqında məlumat əldə edirlər.
 

İctimai Şuraya daxil olan müraciətlər hansı mövzuları əhatə edir?

- Müxtəlif mövzuları, lakin onlar əsasən daxili işlər orqanlarının fəaliyyəti və sosial problemlərlə bağlı olur. Daxil olan müraciətlər aşağıdakı istiqamətlərdə toplanır:

1. Polis əməkdaşlarının davranışı: Vətəndaşların müraciət etdiyi mövzulardan biri polis məmurlarının qeyri-etik davranışı və qanun pozuntularıdır. Bu müraciətlərdə saxlanılan şəxslərə qarşı zorakılıq, polis tərəfindən qanunsuz saxlanma halları və prosessual hüquqların pozulması kimi məsələlər yer alır. İctimai Şura bu müraciətləri araşdıraraq, nazirliklə birgə mümkün həll yolları axtarır.

2. Korrupsiya halları: Bəzi müraciətlər polis və ya daxili işlər orqanları əməkdaşlarının korrupsiya halları ilə bağlı olur. İctimai Şura bu şikayətləri diqqətlə araşdırır və zərurət olduqda daxili təhqiqatların aparılması üçün DİN-ə müraciətlər ünvanlayır.

3. İnsan hüquqlarının pozulması: Vətəndaşlar saxlanma zamanı, istintaq prosesində və ya məhkəmə prosesləri öncəsi hüquqlarının pozulması barədə müraciətlər edirlər.4. Cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizlik: Şuranın qəbul etdiyi müraciətlərin bir qismi də cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin olunması ilə bağlıdır. Vətəndaşlar bölgələrində baş verən cinayətlər, narkotik vasitələrin yayılması və zorakılıq halları barədə məlumat verir və bu hallara qarşı daha ciddi tədbirlərin görülməsini tələb edirlər.
 

- İctimai Şura hansı vacib məslələr dair sorğuların keçirilməsini vacib sayır?
 

Daxili İşlər Nazirliyi yanında İctimai Şura, əhalinin rəyinin öyrənilməsi məqsədilə vaxtaşırı müxtəlif mövzularda sorğular keçirə bilər. Bu sorğular vətəndaşların hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı düşüncələrini, narahatlıqlarını və təkliflərini öyrənmək məqsədi daşıyır. Əsasən, sorğular aşağıdakı mövzularda təşkil olunur:

1. Polis-vətəndaş münasibətləri: Ən çox keçirilən sorğular vətəndaşların polis məmurları ilə qarşılıqlı münasibətləri, polisin fəaliyyətindən məmnunluq səviyyəsi və etik davranışlarına dair rəylərin öyrənilməsinə yönəldilir. Bu sorğular, ictimaiyyətin polisə olan etibarını və onların fəaliyyətinin şəffaflığını ölçmək üçün əhəmiyyətlidir.

2. İnsan hüquqlarının qorunması: Saxlanılan şəxslərin hüquqlarının qorunması, polis tərəfindən qanun pozuntularının olub-olmaması və vətəndaşların hüquqlarının müdafiə olunması ilə bağlı ictimai rəyi öyrənmək məqsədilə sorğular keçirilir. Bu, hüquq pozuntuları ilə mübarizədə daha çox vətəndaş iştirakını təmin etmək üçün vacibdir.

3. İctimai təhlükəsizlik: Sorğuların digər bir istiqaməti vətəndaşların öz bölgələrində təhlükəsizlik məsələlərinə dair rəylərinin öyrənilməsidir. Bu sorğular vasitəsilə ictimai asayişin təmin olunması, cinayətkarlıqla mübarizə və polis fəaliyyətinin effektivliyi ilə bağlı əhali arasında məmnuniyyət səviyyəsi ölçülür.

Sorğuların nəticələri vətəndaşların rəy və təkliflərini nəzərə alaraq, DİN-in fəaliyyətinin təkmilləşdirilməsi və İctimai Şuranın tövsiyələrinin hazırlanması prosesinə mühüm töhfə verir.

Lakin resurs yetərsizliyi genişmiqyaslı sorğular keçirilməsi imkanlarını məhdudlaşdırır.


Medianın İctimai Şura ilə əməkdaşlığını necə qiymətləndirirsiniz?


- Burada hər iki tərəfdən addımlar atılmalıdır. İctimai Şuralar fəaliyyətini elə qurmalıdırlar ki, onların fəaliyyəti media üçün maraqlı olsun. Bu maraqlılıq nədən irəli gəlir? Həm aktual məsələlər qaldırılmalıdır, həm də kifayət qədər peşəkarlıq nümayiş etdirilməlidir. Bu gün İctimai şuralarda peşəkarlıq yetərli qədər deyil. Bəzi hallarda vətəndaş cəmiyyətinin nümayəndələri bütün şuralarda üzv olmağa çalışırlar. Bu o qədər də yaxşı əlamət deyil. Əgər biz peşəkar səviyyədə buna nail ola bilsək, proseslərdən məlumatlım olan şəxsləri cəlb edə bilsək, şuranın təşəbbüskarlığı da artacaqdır. Hesab edirəm ki, ictimai şuraların fəaliyyəti ilə bağlı media üçün ixtisaslaşmış təlimlərə ehtiyac var. Yaxşı ki, bir çox media nümayəndələri yetərli qədər peşəkardırlar. Burada verdiyim üçün demirəm, sizin medianız daha tez-tez bu mövzulara toxunursunuz, İctimai şuraların fəaliyyəti ilə bağlı mövularla çıxış edirsiniz. Mənim özümə dəfələrlə müraciət etmisiniz. Buna görə də kollektivinizə təşəkkür edirəm. Eyni zamanda sizin medianızda İctimai şuralarla bağlı ixtisaslaşma da baş verir, bu da çox yaxşı məsələdir.

Amma bəzi media qurumlarımızda bu sahədə yetərli qədər peşəkarlıq yoxdur.

Siz məlumatın alıcısısınız. Əgər o maraqlı olacaqsa, kimin verməsindən asılı olmadan ictimai maraqlara uyğundursa, bu və ya digər dərəcədə tərpədirsə, sizin üçün maraqlı olacaqdır. Ona görə də mən məsuliyyəti daha çox İctimai şuraların üzərinə qoyuram. İctimai şuralar daha maraqlı, fəaliyyətli, məsuliyyətli, peşəkar olmalıdır. O zaman media da bizim fəaliyyətimizin daha geniş miqyasda işıqlandıracaqdır. Bizim fəaliyyətimizin işıqlandırılmasının yeganə mənbəyi də mediadır. Biz mediasız bütünlükdə cəmiyyətə öz fəaliyyətimizi çatdıra bilməyəcəyik. Əlbəttə alətlər vardır, amma onlar özləri də mediadan törəmədir. O baxımdan bugünkü müsahibəyə təşəkkür edirəm. Mən öz həmkarlarımdan da bu məsələdə həssas olmağı xahiş edirəm. Biz media ilə işləməliyik, bizim layihələrimizdə media əsas komponentlərdən olmalıdır. Həm də nəzərə almalıyıq ki, media özü də bir biznes təsisatıdır.

Chosen
52
10
modern.az

10Sources