EN

Rusiya və Qərbin Zəngəzur planı – Ermənistanı belə razı salacaqlar

Son günlər Rusiya və İran arasında mövcud münasibətlərdə yaxınlaşma müşahidə olunur. Belə iddialar var ki, Moskva ilə Tehranın Azərbaycanda bir çox maraqları üst-üstə düşür. Bunun önündə isə Zəngəzur dəhlizi gəlir. Bu da öz növbəsində İranla Rusiyanın yaxınlaşmasının Azərbaycanın Zəngəzur dəhlizi planına hansı mənfi təsir edib-etməyəcəyi ilə bağlı suallar yaradır. Bakının ABŞ və Aİ ilə də münasibətinin gərgin qalmasında Rusiya ilə İranın maraqlı olduğu sirr deyil.

Hər iki ölkəyə bu koridorun açılması sərf edirsə, o zaman niyə buna qarşıdırlar? Belə bir gərgin və mürəkkəb geopolitik şəraitdə rəsmi Bakının addımları nə olacaq? İranı, Rusiyanı Zəngəzur dəhlizi, Ermənistanla sülh sazişi məsələsində necə neytrallaşdıracaq?

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, bu suallar mütəxəssisləri çox maraqlandırır:

“Rusiya-Ukrayna müharibəsi, eyni zamanda Yaxın Şərqdə davam edən müharibə şəraitində Tehranla Kreml arasında münasibətlər hər keçən gün daha da inkişaf edir. Çünki bu iki regional dövlətin qarşılarında olan problemləri həll etmək və xarici düşmənlərə qarşı dayana bilmək üçün bir-birinə ciddi ehtiyacları var. Biz bu iki ölkənin münasibətlərinin təsirini artıq hər iki dövlətin baş rolda çıxış etdiyi cəbhələrdə hiss edirik. Hesab etmək olarmı ki, münasibətlər situativ münasibətlərdir və qarşı-qarşıya dayandıqları düşmənlərə qarşı mübarizə aparmaqla kifayətlənəcək? Təbii ki, yox. Ona görə ki, Rusiyanın Qərb dövlətləri və Amerika ilə münaqişəsi təkcə Şərqi Avropa ilə kifayətlənmir. Bu iki tarixi düşmən bir-birinə qarşı mübarizə apara biləcəyi bütün regionlarda bu işi görürlər. Cənubi Qafqaz da istisna deyil. Gürcüstan və Ermənistanda mövcud olan qarşıdurma buna gözəl misaldır. İran da Avropa İttifaqı və ABŞ-ın Ermənistanda öz mövcudluğunu genişləndirilməsi səbəbindən ciddi narahatlıq keçirir. Amma hələ ki, bu narazılıq ortalığa çıxmış durumda deyil”.

Əlimusa İbrahimov

Politoloqun sözlərinə görə, Rusiya ilə Azərbaycanın mövqeləri regional siyasətdə əksər halda üst-üstə düşür:

“Azərbaycan da Rusiya kimi Avropa İttifaqının Ermənistanda artan mövcudluğundan narahatdır və bunu özünə qarşı yönəlmiş addım kimi qiymətləndirir. Eyni zamanda Zəngəzur dəhlizinin fəaliyyətə başlaması hər iki dövlətin mənafeyinə xidmət edir və hətta Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyanı üçtərəfli bəyanatdan doğan vəzifələri yerinə yetirməyə çağırıb. Bu da Zəngəzur dəhlizi məsələsinin Azərbaycan və Rusiya üçün eyni dərəcədə əhəmiyyət kəsb etdiyini göstərir.

Bu məsələdə İranla Azərbaycan və İranla Rusiya arasında müəyyən problemlər var. Bu da İranın Zəngəzur dəhlizinin açılması ilə bağlı narazılığıdır. İran ümumiyyətlə, bu dəhlizin açılmasının əleyhinədir. Bunu siyasi, iqtisadi, beynəlxalq nüfuzuna zərbə kim qiymətləndirir. Qeyd olunmalıdır ki, Rusiya İranla bu məsələnin razılaşdırılması istiqamətində danışıqlar aparır. Hesab edirəm ki, Rusiya-İran münasibətlərinin daha da inkişaf etdirilməsi Zəngəzur dəhlizinin nəinki açılmasına, hətta bu dəhlizin İran, Rusiya və Azərbaycanın mənafeyinə xidmət etməsinə səbəb olacaq. Çünki Rusiya və Azərbaycan Zəngəzur dəhlizinin açılması zamanı İranın düşə biləcəyi ziyanı qarşılamaq imkanlarına malikdirlər. Bütün bunları nəzərə alaraq unutmaq olmaz ki, Prezident İlham Əliyev bütün digər sahələrdə olduğu kimi bu sahədə də Azərbaycan dövləti üçün uyğun olan variantın seçilməsinə nail olacaq”.

Chosen
111
50
turkustan.az

10Sources