EN

İspaniyada DANA qasırğasına görə xalq etiraz edir - FOTO

Xəbər verdiyimiz kimi, İspaniyada  29 oktyabr tarixində DANA qasırğası baş verib. Bu təbiət hadisəsi hökumətin fəlakət idarəçiliyindəki zəif cəhətlərini üzə çıxararaq ictimaiyyətdə geniş tənqidlərə səbəb olub. 

Milli.AZ xəbər verir ki, təbii fəlakətin əsas təsir etdiyi Valensiya və ətraf bölgələrdə baş verən dağıntılar, insan itkiləri və iqtisadi ziyan ölkədə ciddi narazılıq doğurub. 

Rəsmi rəqəmlər müstəqil xəbər portallarından fərqli olaraq, həlak olanların sayını aşağı göstərir, bu isə ictimaiyyət arasında daha da dərin məyusluğa səbəb olur. Kral VI Filip və Baş Nazir Pedro Sançezin xalqa müraciətlərinə baxmayaraq, xalq onların bu məsələdəki reaksiyalarını qeyri-kafi hesab edir. Siyasi liderlərin həmrəylik mesajları səmimiyyətsiz görünmüş, vətəndaşlar isə real tədbirlər tələb edirlər.

Sosial mediada vətəndaşların rəhbər şəxslərə qarşı sərt tənqidlər səsləndirməsi insanların yalnız sözlərlə deyil, konkret addımlarla dəstək gözlədiklərini göstərir. İspaniyanın Müdafiə Naziri Marqarita Noblesin çıxışı da cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Əhalinin fikrincə, hökumət və əlaqədar qurumlar bu fəlakətin gələcəyini əvvəlcədən görə bilmədiklərinə və lazımi hazırlıqları görmədiklərinə görə məsuliyyət daşıyır.

Ərzaq mağazalarında yaranan qıtlıq, axtarış-xilasetmə işlərindəki gecikmələr və xalqın yaşadığı çətinliklər, İspaniyanın təbii fəlakətlərə qarşı hazırlıqsız olduğunu bir daha sübut edir. Bu vəziyyət hökumətin idarəetmə bacarıqlarını ciddi şəkildə sual altında qoyur və ispan xalqı artıq daha güclü və çevik müdaxilə mexanizmləri tələb edir.

Baş verən təbii fəlakətlə bağlı ictimaiyyət qarşısına çıxan İspaniyanın kralı VI Filip dünyasını dəyişən insanların ailələrinə başsağlığı  verib, həmçinin dağıntıların miqyasının böyük olduğu və qurbanların dəqiq sayının hələ məlum olmadığını bildirib.

Sosial şəbəkələrdə xalqın kralın bu çıxışına münasibəti birmənalı olmamış, ona müsbət rəy yazanlarla bərabər mənfi rəy yazanların sayı da diqqəti cəlb edir.

"Bu cənab zərər çəkənlər üçün nə edir? Necə yardım edir?"

" Yaxşı insan teatrı qurub. Atasından öyrənib."

"Kömək etmək üçün məvacibindən pul ayır!"

Digər tərəfdən, reytinqi gündən günə aşağı düşən baş nazir Pedro Sançez də çıxış edərək, "İspaniya hökuməti və bütün İspaniya cəmiyyəti adından Valensiya Vilayətində və Kastilya la-Mançada baş vermiş bu faciədə həlak olan insanların ailələrinə və bu anda həlak olanlara bütün həmrəylik və sevgiləri çatdırmaq istəyirəm. Bir çoxları hələ də öz yaxınlarını axtarırlar. Biz sizə dövlətin bütün resursları ilə kömək edəcəyik. Lazım gələrsə, Avropa İttifaqı ilə də", deyə bildirmişdir.

"elpais" xəbər portalı baş nazirin videosunu öz instaqram hesabından paylaşandan sonra,  bir çox izləyicilər bu dövlət rəsmisinin əleyhinə şərhlər yazıblar.

"Rədd ol"

"Sançez, sən Monkloadakı DANA-ya görə narahat ol..."

"İstefa ver artıq!"

"Sən və hökumət "komandan" rədd olun!"  kimi şərhlər yazıblar.

İspaniyanın Müdafiə Naziri xanım Marqarita Nobles də çıxış edərək, təbii fəlakətin miqyasından və aparılan xilasetmə işlərindən danışıb. İspan xalqı birmənalı şəkildə təbii fəlakətin bu qədər itkiyə səbəb olmasını lazımi hazırlıqların vaxtında görülməməsində görür.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
23
milli.az

1Sources