EN

BRİKS ölkələri “Oyunları” Rusiyada keçirməkdən niyə çəkinir?- Azərbaycan namizəd ola bilərmi?..

Image

Hüseyn İbrahimov: “İstəmirlər ki, Rusiya ilə yaxınlıq Qərblə iqtisadi əlaqələrə zərər vursun”

Beynəlxalq Dostluq Assosiasiyasının (IFA) baş katibi Jerom Valke bildirib ki, Dostluq Oyunları Rusiyada deyil, başqa BRİKS ölkəsində keçirilə bilər: “Əgər dünyada vəziyyət dəyişərsə, o zaman yarış 2026-cı ildə Rusiyada keçirilməlidir. Geosiyasi vəziyyət dəyişməzsə, o zaman Dostluq Oyunları BRİKS-in başqa bir ölkəsində keçirilə bilər”.

Rusiya Olimpiya Oyunlarına alternativ olaraq Dostluq Oyunlarının keçirilməsi təşəbbüsü ilə çıxış edib. İlkin olaraq müsabiqənin 2024-cü il sentyabrın 15-dən 29-dək Moskva və Yekaterinburqda keçirilməsi planlaşdırılırdı. IFA Oyunların təşkilinə cavabdehdir. İyunun 7-də təşkilat komitəsinin baş direktoru Aleksey Sorokin tədbirin təxirə salınacağını təsdiqləyib. Rusiya Ukraynada xüsusi hərbi əməliyyata başladıqdan sonra Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya və Belarus idmançılarını beynəlxalq yarışlardan kənarlaşdırıb və federasiyalara onların iştirakına icazə verməməyi tövsiyə edib. 2023-cü ilin dekabrında BOK rusiyalı idmançıların 2024-cü il Olimpiadasında iştirakına icazə verdi, ancaq neytral bayraq altında və müəyyən şərtlərlə.

Görünən odur ki, məlum səbəblərdən oyunlar Rusiyadan kənarda keçiriləcək. Bu baxımdan oyunlar Bakıda da keçirilə bilər. Azərbaycan BRİKS-in üzvü olmasa da, hər halda bu birliyə yaxın bir ölkədir. İkincisi, bütün bunlar BRİKS ölkələrinin Rusiya ilə münasibətdə müəyyən məsafə saxlamaq cəhdinin ifadəsi kimi nəzərdən keçirilə bilərmi? Oyunların Rusiyada keçirilməsinə BRİKS ölkələri niyə razı olmurlar? Əgər doğrudan da bir qurumda təmsil olunurlarsa, onun Rusiyada keçirilməsinin nəyi pisdir ki? Əslində bu, BRİKS ölkələrinin aralarında müəyyən məsafə saxlamaq niyyətindən xəbər vermirmi? Zatən üzv ölkələr həmin oyunlarda iştirak edəcək. Yoxsa Rusiyanın sanksiyalar altında olmağının buna nə dəxli var? Necə olur ki, BRİKS tədbiri Rusiyada keçirilir, amma idman oyunlarını keçirə bilmirlər? Özü də bunun geosiyasi məsələlərlə bağlı olduğuna eyham vururlar. Deməli, etiraf etmək lazımdır ki, BRİKS ölkələri arasında münasibətlərdə müəyyən məsafələr var və bu, sözügedən məsələdə özünü göstərir. 

“Ən optimal yol Dostluq Oyunlarının Azərbaycanda keçirilməsidir”

Məsələni “Bakı-Xəbər”ə şərh edən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimov hesab edir ki, BRİKS ölkələrinin Rusiyaya məsafəli davranması ortadadır: “Bunu göstərən təkcə Dostluq Oyunlarının Rusiyadan kənarda keçirilməsi ilə bağlı müzakirələr deyil. Bunu göstərən həm də odur ki, Kazanda keçirilən BRİKS tədbirində qarşıya qoyulan məqsədlə bağlı qərar qəbul edilmədi. Rusiya istəyirdi ki, üzv ölkələr vahid valyuta ilə bağlı razılıq əldə etsinlər. Ancaq bu baş vermədi. Üstəlik, tədbir ərəfəsində Hindistanla, Braziliya və Cənubi Afrika Respublikası bəyan etdilər ki, BRİKS hansısa ölkəyə qarşı deyil. Məsələ ondadır ki, BRİKS-in bir sıra üzvləri ABŞ və Avropa İttifaqı ilə böyük iqtisadi əlaqələrə malikdir. Tərəflər arasında ticarət dövriyyəsi triliyon dollarlarla ölçülür. Bu səbəbdən həmin ölkələr Rusiya ilə məsafəli davranırlar. İstəmirlər ki, Rusiya ilə yaxınlıq Qərblə iqtisadi əlaqələrə zərər vursun. Bax, məsələnin kökündə dayanan əsas faktor bununla bağlıdır. Qərb tərəfindən hansısa məhdudiyyət bu ölkələrin iqtisadiyyatına ciddi mənfi təsir edə bilər. Xüsusən də Hindistan bu məsələdə daha ehtiyatlı hərəkət etməyə çalışır. Nəzərə almaq lazımdır ki, yayda Fransada keçirilən 33-cü Yay Olimpiya Oyunlarında Rusiya idmançıları bir sıra məhdudiyyətlə iştirak ediblər. Bütün bunlardan xilas olmaq üçün ən optimal yol Dostluq Oyunlarının Azərbaycanda keçirilməsidir. Azərbaycan BRİKS-ə üzv olmaq üçün müraciət edib. Eyni zamanda, BRİKS üzvləri ilə normal münasibətlərə malikdir. Başqa bir tərəfdən, Azərbaycan beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmək təcrübəsinə malikdir”.

Vidadi ORDAHALLI





Chosen
59
baki-xeber.com

1Sources