EN

"Lukaşenko iki ağadan asılı olan nökərdir" - Leonid Kuçma

"Belarus Putin üçün həm bizə qarşı müharibə, həm də Qərblə qarşıdurma üçün strateji cəhətdən çox qiymətlidir..."
 
Özünü Belarus prezidenti elan edən Aleksandr Lukaşenko müstəqil siyasətçi deyil, amma siyasi arenada o, güclü oyunçudur.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın ikinci prezidenti Leonid Kuçma "İnterfax-Ukraina" nəşrinə müsahibəsində bəyan edib. Məlumatı "gordonua.com" nəşri yayıb.
 
Onun fikrincə, ukraynalılar tarixən Rusiyanın Ukraynanın düşməni olacağına hazır olub, lakin bunu Belarusdan gözləməyib, çünki əvvəllər bu ölkə "özünə potensial düşmən kimi baxmaq üçün" bəhanə verməyib.
 
Kuçma deyib ki, özünün prezidentliyi dönəmində Ukrayna və Belarus xalqlarının yaxınlığını qoruyub saxlamağı zəruri hesab edib, ona görə də Belarusla yüksək siyasi və iqtisadi münasibətlərin saxlanılmasına dəstək verib və Lukaşenko ilə bilavasitə təmaslarda olub.
 
"Tez-tez görüşdüyüm Polşa prezidenti Aleksandr Kvasvevskidən fərqli olaraq, mənimlə Lukaşenko arasında dostluq münasibərləri olmayıb. Mən ümumiyətlə onun dostlarının olmasına əmin deyiləm. Amma mən xalqlarımız və dövlətlərimizin dost olmasını istəyirdim və o zaman bu, alınırdı", - Kuçma əlavə edib.
 
O, hesab edir ki, Lukaşenko Rusiyanın qeyri-legitim prezidenti Vladimir Putinə lazımdır.
 
"Belarus Putin üçün həm bizə qarşı müharibə, həm də Qərblə potensial olaraq qaçılmaz qarşıdurma üçün strateji cəhətdən çox qiymətlidir. Lukaşenko isə bu gün öz ölkəsinə səmərəli şəkildə nəzarət edir, bunun üçün Putinin özünün resursları yetərli olmazdı. Ona görə də mən deyərdim ki, bu gün Lukaşenko müstəqil yox, güclü oyunçudur. O, həm Çindən, həm də Rusiyadan asılıdır, bir növ iki ağanın nökəridir", - Kuçma əlavə edib.
 
Lukaşenkonun belə mövqeyi zamanla "Pekin ilə Moskva arasında maraqların üst-üstə düşməməsi və ziddiyyətlərdən" istifadə edərək ona "manevr etmək imkanları qazandırır, o, davam edib, lakin belə "oyunun" potensialının nə qədər böyük olduğunu proqnozlaşdırmayıb.
 
Kuçma hesab edir ki, Ukrayna rəhbərliyinin müharibə şəraitində seçdiyi münasibətlər modeli doğrudur.
 
"Hamı hər şeyi anlayır. Hamı hər şeyi görür. Heç kim heç nəyi unutmayıb. Lakin hər iki tərəf elə davranır ki, sanki vicdanla hərbi neytrallığa əməl edir. Hazırkı məqamda bu, düzgündür, - o, əlavə edib. - Müharibədən sonra Belarusla münasibətlərə gəldikdə, burada, digər məsələlərdə olduğu kimi, hər şey bu müharibənin necə və nə zaman bitəcəyindən asılıdır".
Chosen
23
1
moderator.az

2Sources