EN

Balanslaşdırılmış və çoxşaxəli siyasət

Azərbaycanın beynəlxalq aləmdə rolu...

Azərbaycan bir çox sahələrdə olduğu kimi, region ölkələri, beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətində də islahatlar siyasətinin davamlı tərkib hissəsi olaraq xüsusi addımlar atır.

Son dövrlər ölkəmizə olan marağın və inamın nəticəsində Azərbaycan dövlətinə bir çox sahələrdə çoxşaxəli əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı təkliflər artmaqdadır. Bu da Azərbaycanın güvəniləcək bir dövlət, ölkə başçısı İlham Əliyevin bir şəxsiyyət, dövlət xadimi və ölkə rəhbəri kimi dünya liderləri arasında xüsusi çəkiyə malik olmasının bariz nümunəsidir. Bu baxımdan dünya birliyinə inteqrasiya prosesinin sürətlə getdiyini sadəcə, görmürük, eyni zamanda, bu dövrün müasirləri olaraq hər birimiz öz sahəmizdə bunu hiss edir və yaşayırıq.

Ölkəmizin dünya miqyasında nüfuzu...

Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Azərbaycanda həyata keçirilən siyasətin əsas məqsədlərindən biri də dünya birliyinə inteqrasiya, beynəlxalq təşkilatlarla münasibətlərin daha da genişləndirilməsindən ibarətdir. O, qeyd edib ki, dövlətimiz bu siyasəti 1990-cı illərin əvvəllərindən - Heydər Əliyevin hakimiyyətə gəlməsindən bəri uğurla davam etdirir: “Azərbaycan bu gün bölgə ölkələri ilə qarşılıqlı əməkdaşlıq, beynəlxalq aləmdə öz sözünü demiş böyük dövlətlərlə uğurlu tərəfdaşlıq fonunda, həm də dünyanın aparıcı beynəlxalq qurumlarında kifayət qədər fəal iştirak edir. Möhkəm təməl üzərində yaradılan güclü iqtisadi potensial, toplanmış maliyyə resursları, cəmiyyət həyatının bütün sahələrinin dinamik tərəqqisi, enerji, ərzaq təhlükəsizliyi kimi məsələlərin uğurla həlli Azərbaycana tam müstəqil, milli maraqlara hesablanan xarici siyasət yürütməyə imkan verib. Ümumiyyətlə, həyata keçirilən qlobal miqyaslı tədbirlər Azərbaycanın dövlətlərarası əlaqələrini gücləndirməklə bərabər, həm də ölkəmizin dünya miqyasında nüfuzunun daha da artırılmasını, Cənubi Qafqazda lider dövlətə çevrilməsini şərtləndirib”.

Beynəlxalq aləmdəki mövqelərimiz güclənir

İ.Hüseynovun sözlərinə görə, şübhəsiz ki, dövlətimiz atmış olduğu bütün addımlarda beynəlxalq hüquq normalarına əsaslanaraq, ədalət prinsipinə söykənərək, ən əsası ölkəmizin milli maraqlarını rəhbər tutur: “Bu da yalnız və yalnız Azərbaycan dövlətinə, Azərbaycan xalqına xidmətin vacib bir nümunəsidir ki, dövlət başçımızın rəhbərliyi altında həyata keçirilir.

Azərbaycan Cənubi Qafqazda yaranan yeni reallıqlar kontekstində beynəlxalq təşkilatlarla fəal iş səviyyəsinin həcmini genişləndirir. Bütün bu proseslər Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi və düzgün istiqamətdə görülən işlərin müsbət nəticəsidir. Yaxın zaman çərçivəsində Azərbaycanın bu istiqamətdə daha ciddi uğurlar əldə edəcəyi gözlənilir. Prezidentin uğurlu daxili və xarici siyasəti ölkəmizin beynəlxalq aləmdə mövqelərini ildən-ilə daha da gücləndirir və bundan sonra da gücləndirəcək”.

Azərbaycan beynəlxalq münasibətlərin fəal iştirakçısıdır

Politoloqun sözlərinə görə, bu gün ölkəmizin dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi siyasəti balanslaşdırılmış və çoxşaxəli formada davam etdirilməkdədir: “İkitərəfli əlaqələrin inkişafına önəm verən Azərbaycan ilk növbədə, qonşu dövlətlər olan Türkiyə, Rusiya və Gürcüstan ilə qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlığını genişləndirməkdədir. Azərbaycan həm də region dövlətləri arasındakı münasibətlərin geniş potensialından yararlanmaq məqsədilə yaradılan üçtərəfli formatların fəal iştirakçısıdır. Beynəlxalq münasibətlərin fəal iştirakçısı olan Azərbaycan xarici siyasətində qlobal və regional səviyyəli nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa da böyük önəm verir. Ölkəmiz, həmçinin Avropa İttifaqı, NATO kimi təşkilatlarla siyasi, iqtisadi, təhlükəsizlik kimi sahələrdə sıx əməkdaşlıq edir. Bütün bunlar onu göstərir ki, Azərbaycan beynəlxalq birliyin müstəqil və tamhüquqlu subyekti kimi öz milli maraq və mənafelərini qarşılıqlı hörmət və ortaq faydalanma prinsipləri çərçivəsində həyata keçirir. Reallaşdırılan çoxvektorlu və uzaqgörən xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb, eləcə də ölkəmizin beynəlxalq arenadakı mövqeyi möhkəmlənib”.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.

1Sources