EN

Rusiya Türkiyədən inciyib - Lavrovun AÇIQLAMASI

“Ankara və Kiyev arasında hərbi-texniki əməkdaşlığın davam etdirilməsi Türkiyə hakimiyyətinin Ukrayna böhranının həllində kömək etməyə hazır olduğu barədə bəyanatları fonunda çaşqınlıq yaradır”.

Modern.az xəbər verir ki, bunu Türkiyənin “Hürriyet” qəzetinə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Təəssüf ki, Ankara Kiyev rejimi ilə hərbi-texniki sahədə əməkdaşlığı davam etdirir. Ukrayna silahlı qüvvələri rus əsgərlərini və mülki insanları öldürmək üçün türk silahlarından istifadə edir. Bu, Türkiyə rəhbərliyinin vasitəçilik xidmətləri göstərməyə hazır olması ilə bağlı bəyanatları fonunda çaşqınlıq yaratmaya bilməz”, - deyə o bildirib.

Lavrov əlavə edib ki, Moskva Türkiyənin Ukrayna böhranının nizamlanmasına dəstək səylərini yüksək qiymətləndirir və qeyd edib ki, məhz Ankara 2022-ci ilin yazında Kiyev nümayəndələri ilə məsləhətləşmələr üçün İstanbul platformasını təmin edib.

Lavrovun sözlərinə görə, Rusiya siyasi nizamlamaya açıqdır, lakin o, müvəqqəti atəşkəsdən deyil, münaqişənin əsas səbəblərini aradan qaldırmaqla bitməsinə istinad etməlidir.
O, bu səbəbləri sadalayıb: NATO-nun şərqə doğru genişlənməsi, Rusiyanın həyati təhlükəsizlik maraqlarına təhdidlərin yaradılması, Ukraynada yaşayan rusların və rusdilli sakinlərin hüquqlarının pozulması.

“Sülh hazırda rəqiblərimizin planlarının bir hissəsi deyil. Bu ilin iyununda prezident Vladimir Putinin irəli sürdüyü sülh təşəbbüsünə cavab olaraq Ukrayna silahlı qüvvələri Kursk vilayətini işğal etdi, digər sərhədyanı rayonlardakı obyektlərə hava zərbələri endirdi. Vaşinqton və müttəfiqləri Kiyevə hərtərəfli dəstək verir, Rusiyanın dərinliklərinə zərbə endirmək üçün Qərbin uzaqmənzilli raketlərindən istifadə imkanlarını müzakirə edirlər. Vladimir Zelenski Moskva ilə danışıqları qadağan edən fərmanını ləğv etməyib. Belə bir vəziyyətdə hər hansı bir ölkənin, o cümlədən Türkiyənin vasitəçilik səylərinin uğur qazanmaq şansı çətindir”,- Lavrov bildirib.

Chosen
5
1
modern.az

2Sources