EN

“Ağ-qara” günlər

“Neftçi” Azərbaycan Premyer Liqasında növbəti dəfə uduzub. “Ağ-qaralar” XII turda azarkeşləri önündə “Araz-Naxçıvan”la bacarmayıb – 0:1.

Samir Abasovun gəlişindən sonra birinci matçda “Səbail”ə qalib gələn “Neftçi”də fanatlar yenidən ümidləndi. Komanda geri qayıdır, oyun tempi artıb və qələbələr də yavaş-yavaş sıralanacaq düşüncəsində olanlar az deyildi. Lakin daha sonra “Sabah”la səfərdə dişsiz oyun, ardınca “Neftçi Arena”da “Araz-Naxçıvan”a məğlubiyyət yenidən sualları gündəmə gətirib.

“Neftçi” “Araz-Naxçıvan”la oyunda qol vurmaq bir yana, demək olar, real qol şansı belə yarada bilmədi. Sürətli hücumlarla irəli çıxan “ağ-qaralar” epizodları tamamlamaq sarıdan ciddi sıxıntılar yaşayır. Hücumun mərkəzində topsuz qalan Dembo Darbo effektiv ola bilmir. Cinahlarda Kilan Lebon və Ramil Şeydayev fərq yaratmağa çalışır, lakin bunlar da nəticə vermirdi. “Neftçi”də oyunçular arasında ciddi anlaşılmazlıq sezilir. Hərçənd, yeni transferlərin uyğunlaşması üçün ehtiyac olan zaman geridə qalıb, amma problemlər bitməməkdədir.

“Araz-Naxçıvan” isə uğurlu seriyasını davam etdirir. Turnir cədvəlində “üçlük”də möhkəmlənən Elmar Baxşıyevin yetirmələri 4-cü “Zirə” ilə xal fərqini 7-yə yüksəldib. Bu mövsüm yeganə məğlubiyyətini “Qarabağ”la oyunda alan naxçıvanlıların performansı təqdirəlayiqdir. Xüsusilə oyun intizamı ilə seçilən komanda mövsümün ən yaxşılarındandır.

Kamil Əhməd

Chosen
24
futbolpress.az

1Sources