EN

Tramp öz maraqları üçün ermənilərdən necə istifadə edir?

“ABŞ-də prezident seçkilərinə sayılı günlər qalıb. Məhz digər amerikalı siyasətçilər kimi, Donald Tramp da ermənilərdən öz maraqları üçün siyasi vasitə kimi istifadə edir”. 

Bu sözləri Milli Məclisin deputatı, politoloq Hikmət Babaoğlu “Cebheinfo.az”-a açıqlamasında Amerikanın sabiq prezidenti və prezidentliyə namizəd Donald Trampın ermənilərlə bağlı xoş bəyanatlarının mahiyyətini şərh edərkən bildirib.

Qeyd edək ki, noyabrın 1-də Donald Tramp Böyük Kilikiya Evinin katolikosu Birinci Aramla telefonla əlaqə saxlayıb.

Katolikosluğun məlumatına görə, prezidentliyə namizəd Tramp bu yaxınlarda Birləşmiş Ştatlara səfərini başa vuran I Aramla danışıb, onun rəhbərliyini təqdir edib və  Qarabağdan könüllü gedən ermənilərə dəstəyini ifadə edib.

Tramp həmçinin erməni-amerikan icmasını güclü, ağıllı və dinamik kimi qiymətləndirib. 

Birinci Aram isə cavabında Trampa erməni xalqını dəstəklədiyinə dair açıq bəyanatına görə minnətdarlığını bildirib.

Politoloq qeyd edib ki, seçkilərdən sonra erməni məsələsi yenidən unudulacaq:

“ABŞ-da respublikaçılar və demokratlar arasında siyasi mübarizə radikallaşdıqca, siyasətin məzmunu da radikallaşır. Siyasi hakimiyyət uğrunda mübarizə aparan namizədlər Amerika seçiciləri arasında o qədər də xüsusi çəkisi olmayan erməni icmasının səsini qazanmaq üçün qeyri-ciddi addımlar atırlar.

Ümumiyyətlə, ABŞ-də hakimiyyətin formallaşmasında Amerika erməni icmasının rolu sıfıra bərabərdir. Sadəcə olaraq, Amerika siyasətçiləri ermənilərdən siyasi vasitə kimi istifadə edirlər.

Onların rolunu və imkanlarını böyüdürlər, həlledici faktor kimi göstərirlər. Amma ABŞ-nin xarici siyasəti üçün lazım olmayanda onları unudurlar. 

Göründüyü kimi, Donald Trampın erməni katolikosu Birinci Aramla telefon danışığı məhz bu fəlsəfəndən irəli gəlir. Tramp da erməni icmasından siyasi manipulyasiya kimi istifadə etmək niyyətindədir. Ancaq Tramp da prezident seçiləcəyi təqdirdə o da erməniləri bir kənara atacaq”.

Onun sözlərinə görə, ABŞ-nin sabiq prezidenti Donald Trampın bu cür davranışlar sərgiləməsi təəccüb doğurur:  

“Trampın son addımları siyasətdə qeyri-əxlaqi ənənə yaradır. 

Trampın ermənilərin ünvanına səsləndirdiyi bəyanatlar onun əxlaqı ilə erməni icmasının əxlaqının bir-birinə yaxın olduğunu görsədir.

Bütün hallarda ermənilərə xitab edərkən Azərbaycana qarşı fikirlər səsləndirmək, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almaq qətiyyən yolverilməzdir.

Hesab edirəm ki, ABŞ-də kim prezident seçilirsə, seçilsin o, Azərbaycan-ABŞ münasibətlərinin önəmini, o cümlədən Azərbaycanın regionda nə dərəcədə əhəmiyyətə malik olduğunu dərk edəcək”. 

Chosen
21
cebheinfo.az

1Sources