EN

"Azərbaycan Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur edə bilər" - Ramil Usubov

“Azərbaycanda təhlükəsizlik sistemində və hərbi sahədə həyata keçirilən tədbirlər, islahatlar davam edir”.

Adalet.az xəbər verir ki, bunu Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubov “Azərbaycan” qəzetində dərc edilmiş məqaləsində bildirib.

“Bütün bunlar da, şübhəsiz, Silahlı Qüvvələrin bütün növ qoşun birləşmələrinin maddi-texniki bazasının gücləndirilməsinə, şəxsi heyətin peşəkarlığının və döyüş ruhunun yüksəldilməsinə töhfələr verir. Hərbi üstünlüyümüzü şərtləndirən və möhkəmləndirən mühüm nailiyyətlər isə faktiki olaraq, Azərbaycanın Qafqazın ən böyük hərbi gücü və etibarlı təhlükəsizliyə sahib olma faktının isbatıdır.

Azərbaycan bölgənin yeni təhlükəsizlik, iqtisadi-sosial, siyasi, humanitar sistemini formalaşdıraraq, onun sabitlik və inkişaf istiqamətlərini müəyyənləşdirir. Son onilliklər ərzində dünyanın qaynar nöqtələri sırasında qeyd edilən Qafqaz bölgəsi Prezident İlham Əliyevin Zəfər missiyasının nəticəsində indi dayanıqlı təhlükəsizlik, davamlı inkişaf, etibarlı əməkdaşlıq ünvanına çevrilib”, - R.Usubov qeyd edib.

R.Usubov qeyd edib ki, Azərbaycan savaşın qalibi və bölgənin hərbi güc mərkəzi statusundan bəhrələnərək, əlindəki real vasitələrlə məğlub Ermənistanı qalıcı sülhə, yəni sülh müqaviləsini imzalamağa məcbur edə bilər:

“Azərbaycan bunu həm beynəlxalq hüququn tələblərinə əsaslanaraq, həm də beynəlxalq təcrübədə olan onlarla fakta istinad edərək gerçəkləşdirmək iqtidarındadır. Son onilliklərdə fövqəldövlətlərin Afrika, Asiya, hətta Avropa qitələrində “Qaliblər mühakimə olunmur” prinsipi ilə hansı “sülhyaratma” fəaliyyətləri göstərdiklərinə şahidik. Azərbaycan isə danışıqlar prosesində qalib ədasından uzaqdır. Problemin həlli qarşılıqlı etimad mühiti əsasında və Ermənistanın onu uğursuzluğa düçar edən yanlış xarici təsirlərdən yaxa qurtararaq, öz dövləti və xalqının gələcəyi baxımından düzgün qərar verməsindədir”.

Onun sözlərinə görə, sülh müqaviləsi bağlanmasa da, bölgədə sülh dövrü faktiki bərqərar olunub:

“Milli təhlükəsizliyə təhdid yaradan amillər zərərsizləşdirilib. Azərbaycan xalqı belə bir münbit təhlükəsizlik şəraitində Qarabağ mövzusunu indi möhtəşəm tikinti və quruculuq məkanı kimi müzakirə edir, bu sahədə qlobal miqyaslı işlər görülür. Regionun tərəqqi, əməkdaşlıq və təhlükəsizlik mühitində Azərbaycan fenomeni əsas tənzimləyici faktordur. Ölkəmizdə və Qafqazda sülh, inkişaf və təhlükəsizlik sistemi dünyaya mühüm töhfədir. Qlobal səviyyədə nüfuzlu dövlət və lider kimi tanınan Azərbaycanla bağlı hər hansı bir proses təbii olaraq, beynəlxalq miqyasda da diqqətlə qarşılanır və onun ciddi təsirləri olur. 

Eyni zamanda Azərbaycanın və onun liderinin müstəqil siyasəti müəyyən xarici dairələrdə, qruplarda, hətta bəzi dövlətlərdə narahatlıq və narazılıq yaradır. Prezident İlham Əliyevin təbirincə desək, Azərbaycan dünya miqyasında çox böyük layları yerindən tərpədib. Ancaq respublikamızın son onillikdə qlobal problemlərin həllinə verdiyi töhfələrlə qazandığı böyük nüfuz, etimad bu müstəqil siyasətin davamlılığını arzulayan dövlətlərin və xalqların əksəriyyət təşkil etdiyini də göstərir”.

Chosen
101
7
adalet.az

10Sources