EN

İspaniya hökuməti daşqınlardan zərər çəkənlərə 10,6 milyard avro ayırdı

İspaniya hökuməti daşqınlardan zərər çəkənlərə dəstək üçün ilk yardım paketi çərçivəsində təxminən 10,6 milyard avro ayırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Baş naziri Pedro Sançes bildirib.

“İspaniya hökuməti Nazirlər Şurasının iclasında ev təsərrüfatlarına, şirkətlərə, fərdi sahibkarlara və yerli idarələrə kömək üçün nəzərdə tutulmuş mühüm ilk tədbirlər paketini təsdiqləyib", - Pedro Sançes bildirib.

O qeyd edib ki, bu tədbirlər, dağılmış şərqi Valensiya bölgəsi üçün nəzərdə tutulmuş "dərhal yenidənqurma və bərpa planı"nın bir hissəsidir.

"Bu ilk tədbirlər çərçivəsində ümumi investisiya məbləği 10,6 milyard avrodan (11,5 milyard dollar) çox olacaq", - o əlavə edib.

Bununla yanaşı, fəlakət nəticəsində nəqliyyat vasitələrini itirənlər üçün kompensasiyalar nəzərdə tutulur. Həmçinin, kiçik və orta müəssisələrə kömək ediləcək, eləcə də evlərin təmiri üçün 60 min avroya qədər yardım göstəriləcək.

P.Sançes əlavə edib ki, hazırda daşqın zonasında təxminən 15 min hüquq mühafizə orqanı və hərbi əməkdaş yerləşdirilib.

"Hələ də itkin düşənlər var, onları tapmaq lazımdır", - o qeyd edib.

Qeyd edilir ki, daha əvvəl Valensiya muxtar bölgəsinin hakimiyyəti İspaniyanın mərkəzi hökumətindən daşqınların nəticələrini aradan qaldırmaq üçün 31 milyard avrodan çox məbləğdə yardım paketi tələb etmişdi.

Xatırladaq ki, 29 oktyabrda İspaniyanın Dövlət Meteorologiya Agentliyi ölkənin müxtəlif bölgələrində güclü yağışlar səbəbindən əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq etmişdi. İspaniyanın cənubunda və şərqində leysan yağışları nəticəsində hava təhlükəsi səviyyəsi maksimuma yüksəldilmişdi. Təbii fəlakət daha çox Valensiya muxtar bölgəsini təsir edib, burada daşqınlar qeydə alınıb. Hazırda bölgədə 211 ölüm hadisəsi məlumdur. İtkin düşənlərin axtarışı davam edir.


Müəllif: Teleqraf.com
Chosen
89
16
teleqraf.com

10Sources