EN

Təbiətə bağlı ömür - OÇERK

Yaxşı yadımdadır, Gəncə Dövlət Aqrar Universitetində Azərbaycan Yazıçılar Birliyinin üzvü yazıçı-ekoloq Bəxtiyar Hüseynovun “Azərbaycan təbiəti”, “Dünən, bu gün, sabah”, “Qarabağın təbiəti və ekologiyası” kitablarının təqdimetmə mərasimi keçirilirdi. İstər müəllimlərdən, istərsə də tələbələrdən çıxış edənlər çox idi. Hamının yekdil fikri bu oldu ki, hər iki kitabda müəllif dünyada Azərbaycan təbiətinin bənzərsizliyi, zəngin flora və faunaya malik olduğunu diqqətə çatdırmaqla bərabər həm də təbiətimizin ekoloji tarazlığının pozulmasına gətirib çıxaran yaralarını da təfərrüatları ilə ortaya qoyub. Universitetin rektoru Akademik İbrahim Cəfərovun yazıçının ünvanına söylədiyi fikirləri indiki kimi xatırlayıram. O dedi: - Akademik Həsən Əliyevdən sonra Azərbaycan təbiətşünaslığında nədənsə bir boşluq yaranmışdı. Doğrusu, təbiətimizin gələcəyi üçün narahatlıq keçirirdim. Axı, Həsən Əliyev təbiətşünaslıq elminə samballı töhfə verməklə kifayətlənmirdi, eyni zamanda ekosistemin pozulmasına qarşı barışmaz mövqedə durur, həyəcan təbili çalırdı. Sevinirəm ki, bu gün böyük alimin yolunu davam etdirən var. Bu, bir çox elmi-publisistik kitabların müəllifi Bəxtiyar Hüseynovdur...

Akademik İbrahim Cəfərovun sözlərində böyük həqiqət vardı. Bəxtiyar üçün Vətən təbiətdən, təbiət isə Vətəndən başlayır. Təbiət sevgisi, yanğısı bəlkə də ona Azərbaycan təbiətinin patriarkı sayılan Akademik Həsən Əliyevin müəllifi olduğu və dönə-dönə oxuduğu, mütaliə etdiyi kitablarından gəlir. Bəlkə də ana südüylə, ana laylası ilə ürəyinə axıb, qanına keçib. Əgər belə olmasaydı Bəxtiyar “Təbiət layla çalır” adlı yazdığı bir şeirdə ana təbiətin də layla çaldığına və bu laylayın quşların cəh-cəhi, ağacların pıçıltısı, şəlalələrinə kövrək səsi, küləyin uğultusu, çayların və bulaqların şırıltısı... ilə bizə çatmasına poetik don geydirməzdi. Əgər belə olmasaydı təbiət hər gün onu öz dostu kimi ecazkar qoynuna çağırmazdı. Çağırırdı ki, bulaqlar ürəyinin yanğısını söndürsün, gül-çiçəklərin xoş ətrini, dağların, Mavi Xəzərin şəffaf ab-havasını ciyərlərinə çəksin, dənizin üstündə uçuşan qağayıların həzin nəğməsini eşitsin...

Bəxtiyar özü də ecazkar təbiətə malik Sinovlu kəndində dünyaya göz açıb. Lənkəranın ucqar yaşayış məskəni olan bu kənd özünü dağlara söykəyib, həm də böyük ziyalı potensialına malikdir. Bəxtiyarın dediyinə görə, atası Baloğlan kişi ailəsində hər dəfə bir övlad həyata göz açanda həyətlərində bir ağac əkərmiş. Bəxtiyarın öz bəxtinə isə çox sevdiyi dəmirağacı düşüb. Sonradan həyətində meyvə ağacları ilə bərabər dünyanın heç yerində təsadüf olunmayan, dünya ekoloqlarının diqqətini cəlb edən, yalnız Lənkəranı özünə məskən seçən dəmirağaclarının sayını artırıb...

... Onda Bəxtiyar hələ orta məktəbdə oxuyurdu. O, bir gün Məktublar Şöbəsinin müdiri işlədiyim “Leninçi” (indiki “Lənkəran”) qəzeti redaksiyasına gəldi. ̶ Tənqidi bir məktub gətirmişəm, - dedi – Yollarımız bərbad vəziyyətdədir. Hətta məktəbə gedə bilmirik. Yolların ətrafındakı ağacları da kəsib odun kimi satırlar...Həmin məktubu “Abadlıq yoldan başlanır” adı ilə qəzetin növbəti nömrəsində dərc etdik. Sonralar tənqiddən nəticə çıxarmaq, kənd yolunu abadlaşdırmaq əvəzinə haqlı tənqidə görə məktəblinin gözümıxdıya salındığını, təzyiqlərə məruz qaldığını gördük. Təbii ki, redaksiya onun müdafiəsinə qalxdı və problem öz həllini tapdı...
Yəni demək istəyirəm ki, hələ uşaq ikən təbiət sevgisi Bəxtiyarın qanına, sümüyünə işləyib. Təbii ki, zaman gözləmir. Quş qanadlı illər sürətlə ötüb keçdi. Ana təbiətə bağlılıq onun bütün varlığına hakim kəsildi. Daha təbiətin sadəcə seyrçisi, vurğunu deyil, ixtisaslı, peşəkar ekoloqa çevrildi. Artıq 20 ildən çoxdur ki, həm təbiətin yaralarına məlhəm qoyur, həm də onu təbliğ edir. Müntəzəm olaraq teleekranlarda çıxışları səslənir, respublika mətbuat səhifələrində publisistik məqalələri dərc olunur. Bu məqalələr əhalinin, xüsusilə gənc nəslin ekoloji cəhətdən maarifləndirilməsi və Vətənə, təbiətə məhəbbət ruhunda tərbiyyə olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bəxtiyar eyni zamanda Azərbaycan Təbiətşünaslığına töhfə kimi bir çox fundamental kitabların müəllifidir. “Heydər Əliyev və Azərbaycan təbiəti”, “Azərbaycan təbiəti: Dünən bu gün və sabah”, “Təbiətin qızıl tacı”, “Qarabağın təbiəti və ekologiyası”, “İnsan təbiətlə nəfəs alanda...” və s. elmi –publisistik kitablarını buna misal göstərmək olar.

Yuxarıda qeyd etdik ki, Bəxtiyar Hüseynov təkcə öz işini ekoloji maarifləndirmə və təbliğatla məhdudlaşdırmır. O, həm də ekologiyanın, doğma təbiətin döyüşən əsgəridir. Axı, məlum olduğu kimi Cənub təbiəti öz füsunkarlığı, bənzərsizliyi ilə həmişə diqqəti cəlb edib. Təsadüfi deyil ki, bir tərəfi əsrlərin şahidi qocaman Talış dağları, digər tərəfi Mavi Xəzərlə əhatələnən bu təbiət məşhur ekoloq-alimlərin, tədqiqatçıların, səyyahların və böyük turist axınının ünvanına çevrilib. Elə buna görə də ixtisaslı ekoloqun qənaətinə görə ecazkar təbiətimizi mühafizə etmək və gələcək nəslə çatdırmaq təkcə ekoloqların deyil, bütün sakinlərin ümdə vəzifəsi olmalıdır. Axı, təbiət bizə həyat, sağlamlıq bəxş edəndə, səxavət göstərəndə, heç də ayrıseçkiliyə yol vermir. Hamını bir gözdə tutur. Elə buna görə də onun qorunub gələcək nəslə çatdırılmasında hər kəsin öz payı olmalıdır.

Nə gizlədək, təbiətə qazanc mənbəyi kimi baxanlar da az deyil. Lakin belələrini Vətən təbiətini, ekologiyanı mühafizə etməyə məsul olan şəxslərin arasında görəndə təəssüflənməmək olmur. Bu yerdə istər-istəməz Azərbaycan Milli Mətbuatının banisi, təbiətşünas alim Həsən bəy Zərdabinin sözləri yada düşür. O deyirdi: “Meşəni ilk növbədə meşəçilərdən qoru...” Bəxtiyar vəzifəsindən sui-istifadə edən, təbii sərvətləri gəlir mənbəyinə çevirən, ekosistemi pozan təbiət düşmənlərinə qarşı uzun illər necə deyərlər, ekoloji bir əsgər kimi vuruşub. Harda bir ağac kəsilibsə dərhal reaksiya verib. Dəniz sahillərinin qumu inşaat materialı kimi daşınıbsa, nadir bitki örtüyü, heyvanat aləmi məhv edilibsə, dənizin sərvətləri hərraca qoyulubsa, vaxtında etiraz səsini qaldırıb. Göndərdiyi saysız-hesabsız məktublarla öz fikirlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi şəxsləri ilə bölüşüb. Təbii ki, onun həyəcan təbili heç də birmənalı qarşılanmayıb. Yerlərdəki brokonerlərlə, talançılarla işbirliyi quranlar ona qarşı vahid cəbhədə birləşsələr də sonda haqq qələbə çalıb. Nə yaxşı ki, ömründə ağacın bir budağını qırmayan, daim ekoloji tarazlığı qorumaq üçün həm vəzifəsindən, həm də qələmindən istifadə edən təcrübəli ekoloqun, daha dəqiq desək, təbiətin haqqını dəstəkləyənlər oldu.

Təsadüfi deyil ki, şəffaflığına, vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə Bəxtiyarla nəinki əməkdaşı olduğu 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsində, Ekologiya və Təbii Sərvətlər Nazirliyində də hesablaşırlar. Dəfələrlə hörmətli nazir Muxtar Babayev tərəfindən şəxsən qəbul edilib, vicdanlı əməyinə görə ona təşəkkür elan olunub. Uzun illər səmərəli fəaliyyətinə görə yazıçı-ekoloq “Dövlət qulluğunda fərqlənməyə görə” müdalı ilə təltif edilib.

Bəxtiyar Hüseynov həm elmi-publisistik, həm də bədii yaradıcılıqla paralel məşğul olur. Dəfələrlə Lənkəranda, Gəncədə, Astarada və respublikanın digər rayonlarında yazıçı-ekoloqla görüşlər keçirilib, “Heydər Əliyev və Azərbaycan təbiəti”, “Təbiətin qızıl tacı”, “Hirkandan dünyaya uzanan yollar”, “İnsan təbiətlə nıfəs alanda...” və s. kitablarının təqdimetmə mərasimləri keçirilib...

Yazıçı-ekoloq nədən yazırsa yazsın, ekologiyanın ön plana çəkir. Başqa sözlə desək, təbiət sevgisi qırmızı xətt kimi onun yaradıcılığından keçir. B.Hüseyovun yenicə işıq üzü görmüş “Yaşıl dünya naminə” kitabı da adından göründüyü kimi ekoloji mövzuda qələmə alınıb. Başqa kitablarından fərqli cəhəti budur ki, oxucuların mühakiməsinə verilən yeni kitabı möhtərəm Prezident cənab İlham Əliyevin sərəncamına əsasən həyata vəsiqə olan 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakıda keçiriləcən COP-29 Beynəlxalq sammitinə hazırlıqla əlaqədar ölkəmizdə görülmüş işlərə, qlobal iqlim dəyişmələrinin fəsadlarına qarşı mübatizədə Azərbaycanın ekoloji təcrübəsinə həsr olunub.

Azərbaycan təbiətşünaslığına daha bir töhfə olan “Yaşıl dünya naminə” kitabına AMEA-nın Vitse-Prezidenti İradə xanım Hüseynova elmi rəy yazıb. Kitabın redaktorları Akademik İlham Ələkbərov, Elm və Təhsil Nazirliyinin məsul işçisi Cela xanım Hüseynovadır.

Bəxtiyar Hüseynovun sayca 14-cü kitabı olan “Yaşıl dünya naminə”nin Lənkəranda baş tutan təqdimetmə mərasimi rayonun həyatında daha çox yadda qalan hadisəyə çevrildi. Millət vəkillərinin, tanınmış alim-ekoloqların, rayon rəsmilərinin və ziyalıların iştirak etdiyi bu tədbirdə müəllifin zamanın nəbzini tutan publisistik yaradıcılığı, kitabın mövzu aktuallığı, gənc nəslin ekoloji maariflənməsinə yeni töhfə ilə bağlı dəyərli fikirlər səsləndi. Təbii ki, bəzi çıxışları diqqətə çatdırmağı lazım bilirik:

Anar İskəndərov – (Azərbaycan Respublikası Milli Məclisinin Elm və Təhsil Komitəsinin sədri):

- Azərbaycan həmişə ətraf mühitin mühafizəsinə və qlobal iqlim dəyişmələrinindən doğan fəsadların, təbii fəlakətlərin aradan qaldırılmasına xüsusi önəm verir və bu istiqamətdə mühüm işlər görür. Dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına yekdil qərarla ölkəmizin ev sahibi seçilməsi bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, beynəlxalq ictimaiyyətin respublikamıza böyük diqqət və etimadın göstəricisidir.

Yazıçı-ekoloq Bəxtiyar Hüseynovun “Yaşıl dünya naminə” kitabı məhz belə bir mötəbər tədbirə həsr olunduğu üçün mühüm əhəmiyyət kəsb edir...

Rəşad Mahmudov - (Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin sədr müavini):

- Yazıçı – ekoloq Bəxtiyar Hüseynovun təqdimat mərasiminə toplaşdığımız “Yaşıl dünya naminə” kitabı təbiətşünaslıq elminə töhfə olmaqla bərabər, həm də ekoloji maariflənmə baxımından daha bir yaradıcılıq uğurudur. Hesab edirəm ki, müəllif bu kitabla cənab Prezidentin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi ilə əlaqədar imzaladığı sərəncamına vaxtında verdiyi mənəvi dəstəkdir. Eyni zamanda kitabda “Yaşıl dünya naminə həmrəylik ili”ndə Bakının evsahibliyi edəcəyi COP-29 Beynəlxalq sammitinə hazırlıqla əlaqədar həyata keçirilən kompleks tədbirlər və görülən işlər də yer alıb. Müəllif həmçinin bəşəriyyətə çağırış edərək dünyada ekoloji tarazlığın pozulmasından doğan fəsadlarla bağlı haqlı narahatlığını bildirir və yaşıl dünya naminə bütün səylərin birləşdirilməsini həmişəkindən daha vacib sayır. Təbii ki, bütün bunlar həyati faktlarla diqqətə çatdırılır.

Xalıq Mirzəyev – (Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini):

- Bəxtiyar Hüseynov təcrübəli ekoloq kimi həm hazırda çalışdığı 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsində, həm də Nazirlikdə hörmət və nüfuza malikdir. Təbii ki, o, bu nüfuzu hər şeydən öncə vicdanlı əməyinə, səmərəli ekoloji maarifləndirməyə və deyərdim ki, bütün varlığı ilə təbiətə bağlılığına görə qazanıb. Əməkdaşımız həm öz işi, həm də qələmi ilə təbiətimizin xidmətindədir. Ekoloji mövzuda bir çox kitabların müəllifi olan Bəxtiyar Hüseynov səmərəli ekoloji təbliğatına, ətraf mühitin mühafizəsinə verdiyi mənəvi dəstəyə görə həmişə Nazirliyimizin diqqətindədir. “Yaşıl dünya naminə” növbəti kitabına gəldikdə isə deməliyəm ki, bu, təkcə müəllifin deyil, Nazirliyin COP-29 Beynəlxalq sammitinə ekoloji mövzuda qələmə alınan yaradıcılıq töhfəsidir. Çünki kitabda həm BMT-nin Qlobal İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) mahiyyəti açılır, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu mühüm tədbirə hazırlıqla əlaqədar gördüyü işlər öz əksini tapıb...

Qafar Cəfərli (Azərbaycan Yazıçılar Birliyi Lənkəran Bölməsinin sədri, yazıçı – dramaturq):

- Azərbaycan Yazıçılar Birliyinin üzvü Bəxtiyar Hüseynov ixtisasca ekoloq olmaqla bərabər həm də tanınmış yazıçıdır. Onunla istər Lənkəranda, istərsə də rayon xaricində keçirilən əksər görüşlərdə və kitablarının təqdimetmə mərasimlərində iştirak etmiş, bir ekoloq, yazıçı kimi ünvanına deyilən xoş sözlərin şahidi olmuşam. Bu gün isə yazıçı-ekoloqun “Yaşıl dünya naminə” yeni kitabının təqdimat mərasimində iştirak edirəm. Müəllif yaradıcılıq ənənəsinə sadiq qalaraq bu kitabında da ekoloji mövzuya müraciət edib. Yalnız fərq bundadır ki, “Yaşıl dünya naminə” təkcə ölkəmizin deyil, narahat dünyamızın ekoloji problemlərinə həsr olunub, hansı ki, qarşıda Bakının evsahibliyi edəcəyi COP-29 Beynəlxalq sammitində dünya xalqları bu problemlərin həlli üçün bir araya gələcəklər. Müəllif eyni zamanda göstərir ki, təbiətə münasibətdə ölkəmizin xüsusi təcrübəsi var. Təbiətə davamlı diqqət və qayğı dövlət siyasətimin tərkjib hissəsidir, başqa sözlə desək, onun mühafizəsi ümumxalq işinə çevrilib...

Ceyhun Hüseynov (1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi) :

- Cənub təbiəti öz füsunkarlığı, zənginliyi, rəngarəngliyi ilə həmişə diqqət çəkib. Bölgənin təbii sərvətlərinin mühafizəsinə nəzarət funksiyası kollektivimizə etibar edilib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-ekoloq Bəxtiyar Hüseynovun kollektivimizdə xüsusi yeri var. Başqa sözlə desək, idarəmizdə çalışan gənclər bir təcrübəli ekoloq kimi, onun peşəkarlığına və məsləhətlərinə həmişə böyük ehtiyac duyurlar. Uzun illər idarədə ekoloji təbliğat sektoruna rəhbərlik edən təcrübəli ekoloq hazırda həmin sektorun baş məsləhətçisidir. Həmişəki kimi əhalinin ekoloji biliklərlə maariflənməsində, gənclərin təbiətə məhəbbət ruhunda tərbiyələnməsində, onlara təbiət sevgisi aşılanmasında mühüm rol oynayır... Biz eyni zamanda Bəxtiyar Hüseynovun publisistik və bədii yaradıcılıq uğurlarına sevinirik. “Yaşıl dünya naminə” kitabı mənim gözümün qabağında ərsəyə çatıb. Desəm ki, kitabın ilk oxucuyam, yanılmaram. Əsasən qarşıdakı COP-29 Beynəlxalq sammitinə ölkəmizdə aparılan genişmiqyaslı hazırlıq işlərinə həsr olunan kitabda kollektivimizin də bu mötəbər tədbirə ekoloji töhfələri yer alıb. Təbii ki, bu ruh yüksəkliyimizi daha artırır...

Kamran Kazımov (Astara Pedaqoji Kollecinin direktoru, filologiya elmləri doktoru) :

- Mən şəhid atasıyam və bununla qürur duyuram. Təbii ki, şəhidlik Vətənə hədsiz sevgidən yaranır. Vətən isə təbiətdən başlanır. Fikrimcə, təbiəti sevməyən Vətəni sevə bilməz. Yazıçı – ekoloq Bəxtiyar Hüseynov bütün kitablarını ətraf mühitin mühafizəsinə və təbii gözəlliklərin təbliğinə həsr edib. Kollecimizdə onunla dəfələrlə görüş keçirilib. Ekoloji tədbirlərimizdə həmişə iştirak edib, ağacəkmə aksiyalarımıza qatılıb. Bu gün müəllifin ekoloji mövzuda qələmə aldığı daha bir kitabının təqdimat mərasiminə yığışmışıq. Bu, COP-29 Beynəlxalq Sammitinə ölkəmizdə aparılan genişmiqyaslı hazırlıq işlərindən, həyata keçirilən maarifləndirmə tədbirlərdən bəhs edən “Yaşıl dünya naminə” kitabıdır. Kitabda həmçinin Qarabağın işğaldan əvvəlki və işğaldan sonrakı təbiəti ilə bağlı mühüm faktlar da diqqətə çatdırılır. Təbii ki, məhv edilmiş Qarabağın ecazkar təbiətinin yenidən bərpası şəhidlərimizin ruhuna da xoş gedər. Çünki bu torpaq onların qanı ilə suvarılıb... Bütün bu məsələlər kitabda öz ifadəsini tapıb.

Təqdimat mərasimində eyni zaanda millət vəkillərindən siyasi şərhçi Cavanşir Feyziyev və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə telefon əlaqəsi saxlayaraq tədbirin mühüm əhəmiyyətindən danışmış və mərasim iştirakçılarını təbrik etmişlər.

Bəxtiyar Hüseynovun poetik yaradıcılığında təbiət mövzusu mühüm yer tutur. Bu mövzuda yazdığı şeirlər “Dəniz ömrü yaşayıram”, “Təbiət laylay çalır” kitablarında toplanıb.

Bütün ömrünü təbiət qoynunda keçirən, hələ uşaqlıqdan onun ana laylasını dinləyən, yaşa dolduqca təbiət sevgisi ilə yaşayan və nəhayət ixtisaslı ekoloq kimi ətraf mühitin mühafizəsində nəinki fəallıq göstərən, həm də publisistikasında, kitablarında, teleekranlarda, tədbirlərdə onu təbliğ edən, əhalinin ekoloji maariflənməsinə böyük önəm verən Bəxtiyar Hüseynov gözləməzdi ki, bu tezlikdə yaşın altımış beşi qapısını döyəcək və deyəcək ki, gəlmişəm, gənclik eşqi ilə işləyib yaşasan da məni qəbul elə, əgər təbiət sənə sağlam həyat bəxş edirsə, mən də yaşına, yaradıcılığına müdriklik gətirmişəm...

Bəli, yazıçı-ekoloq 65-in zirvəsindən geri boylananda heç də narahatlıq keçirmir. Çünki yaşanan illərin hər biri isə ona ucalıq gətirib...

Xudaverdi Cavad,
“Respublika həyatı” qəzetinin
baş redaktoru, şair-publisist

Chosen
9
sia.az

1Sources