EN

Dünya dini liderləri tərəfindən Bakı Bəyannaməsi qəbul edildi

Image

Prezident İlham Əliyevin təşəbbüsü və himayədarlığı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf Mühit Proqramı tərəfindən "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda keçirilən Dünya dini liderlərinin qlobal Bakı Sammitinin iştirakçıları tərəfindən noyabrın 6-da Bakı Bəyannaməsi qəbul edilib.

Sammit iştirakçıları Bəyannamədə qlobal iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi, səhralaşma, quraqlıq, torpaqların deqradasiyası, meşə yanğınları, ətraf mühitin çirklənməsi, ərzaq təhlükəsizliyi və su qıtlığından dərin narahatlıqlarını bildirərək, bu problemlərin səbəblərini müzakirə etmək üçün birgə səylərin sürətləndirilməsinin, sağlam ekosistemlərin yaradılması və təkmilləşdirilməsinin vacibliyini qeyd ediblər.

Həmçinin COP29 çərçivəsində Dini liderlərin qlobal Sammitinə himayədarlığına, göstərdiyi özəl diqqətə və tədbirin ünvanına dərin məzmunlu müraciətinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq bildirilib və COP29-un işində uğurlar arzulanıb.

Dini liderlər qarşılıqlı etimad, birlik, harmoniya və iqlim dəyişikliyi ilə bağlı maarifləndirmə işində sivilizasiyalararası və dinlərarası münasibətlərin, milli-mədəni dəyərlərin və biliklərin, o cümlədən multikulturalizm ənənələrinin gücləndirilməsinin vacibliyini vurğulayıblar. Eyni zamanda, Azərbaycanın iqlim böhranı ilə mübarizədə və ekoloji problemlərin həllində liderlik etməsini və bu kontekstdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini alqışlayıblar.

Bəyannamədə Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi”nin və sivilizasiyalararası dialoqun inkişafına yönəlmiş Qlobal Mədəniyyətlərarası Dialoq forumlarının, eləcə də Bakı Beynəlxalq Humanitar Forumlarının, Dünya Dini Liderlərinin Zirvə toplantılarının, eləcə də BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun və Bakı Beynəlxalq “Dinlərarası və mədəniyyətlərarası əməkdaşlıq” Konfransının əhəmiyyəti vurğulanıb. Həmçinin dünyanın müxtəlif regionlarından olan xristian, müsəlman, yəhudi, hinduist, buddist və digər din və inanc nümayəndələrinin müasir dünyanı təhdid edən problemlərlə bağlı vahid və yekdil mövqe bildirmək üçün bir araya gəldikləri buna bənzər dinlərarası tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb. Silahlı münaqişələrin, terror aktlarının, dini və etnik zəmində baş verən zorakılıqların insan tələfatı ilə yanaşı, ekoloji fəlakətlərlə, habelə mədəni və dini irsin talan və məhv edilməsi ilə müşayiət olunmasından, ekosid və urbisid aktlarının və onların ağır nəticələrindən, habelə iqlim dəyişikliyi ilə mübarizəyə etdiyi mənfi təsirlərdən dərin narahatlıq ifadə edilib.





Chosen
83
11
baki-xeber.com

10Sources