EN

“COP29-un Azərbaycanda keçirilməsinə ölkəmizin innovativ inkişafının və yüksəlişinin nəticəsi kimi baxmaq lazımdır”

"COP29-un Azərbaycanda keçirilməsinə ölkəmizin innovativ inkişafının və yüksəlişinin nəticəsi kimi baxmaq lazımdır".

Bu sözləri İqtisadiyyat.az-a Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

Onun sözlərinə görə, COP29-a evsahibliyi üçün Bakının seçilməsi ölkəmizdə ekoloji təhlükəsizliklə bağlı həyata keçirilən nümunəvi siyasətin, bu sahədə ardıcıl və uğurlu fəaliyyətin, davamlı inkişafın, düzgün proqnozların və onların əsasında uzunmüddətli inkişaf strategiyasının həyata keçirilməsinin nəticəsidir6

"Xüsusi qeyd etmək istərdim ki, Azərbaycanı COP29-a aparan yolun ilk əsası 21 il öncə atılıb. Buna misal olaraq Prezident İlham Əliyevin 21 oktyabr 2004-ci il tarixli sərəncamını göstərmək olar. Həmin sərəncamla Azərbaycan Respublikasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə dövlət proqramı təsdiq edilib. Bu o zaman idi ki, torpaqlarımızın 20 faizi işğalda idi, ölkəmizdə yoxsulluq 35 faiz təşkil edirdi, bir milyona yaxın qaçqın və məcburi köçkünümüz var idi. Bütün bunları ona görə deyirəm ki, Ali Baş Komandanın uzaqgörən siyasətinin bir daha şahidi olasınız. Prezident İlham Əliyevin alternativ və bərpaolunan enerji ilə məşğul olması onun dünyada gedən prosesin aktuallığını hər kəsdən qabaq vahid kompleks şəklində görməsindən irəli gəlirdi". 

Komitə sədri bildirib ki, sessiya çərçivəsində iqlim dəyişikliyindən yaranan risklərin maliyyə institutlarının dayanıqlılığına təsirinin neytrallaşdırılması üzrə tənzimləyici və nəzarət çərçivəsinin formalaşdırılması, dayanıqlı maliyyə ekosisteminin formalaşdırılması, maliyyə institutları tərəfindən kredit və investisiyaların iqtisadi sahələrin dekarbonizasiyasını dəstəkləyən layihələrə yönəldilməsi üzrə könüllü maliyyə öhdəliklərinin götürülməsi istiqamətində müzakirələr aparılacaqdır:

"COP29-un bizə nə qazandıracağına gəldikdə, deyə bilərəm ki, 200-ə yaxın ölkənin dövlət və hökumət başçıları, o cümlədən beynəlxalq təşkilatların nümayəndələri, nazirlər, 3 mindən çox dünyanın aparıcı media təmsilçiləri ölkəmizdə olmaqla bizim iqlim müzakirələrinə liderlik etmək, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəmizlə tanış olacaqlar. Eyni zamanda ətraf mühitə mənfi təsirin azaldılması üçün bu sahədə digər qabaqcıl təcrübələrin mənimsənilməsində ölkəmizə kömək edəcək və bu təcrübələrin Azərbaycana inteqrasiya olunması asanlaşacaq".

 

Chosen
19
iqtisadiyyat.az

1Sources