EN

Tramp 7 vədini yerinə yetirəcəkmi? - Gözlər ABŞ-də

ABŞ prezident seçkilərində qalib gələn Donald Tramp immiqrasiyadan tutmuş Ukrayna müharibəsinə qədər bir çox sahə ilə bağlı vədlər verib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Tramp qələbə nitqində "Vədlər verilir və vədlər yerinə yetirilir. Biz vədlərimizə əməl edəcəyik" sözləri ilə diqqət çəkmişdi.
D.Trampın seçki ərəfəsində verdiyi 7 vədi təqdim edirik:

1. Qeyri-qanuni immiqrantların deportasiyası
Kampaniya zamanı Tramp ABŞ tarixindəki ən böyük “qanunsuz immiqrantlara qarşı kütləvi deportasiya kampaniyasına” başlayacağını bildirib.
O, həmçinin prezident kimi ilk dövründə başladığı Meksika sərhədində divarın tikintisini başa çatdıracağına söz verib.
ABŞ-nin cənub sərhədlərindən keçidlər keçən il Bayden-Harris dövründə rekord səviyyəyə çatsa da, bu il azalıb.

BBC-yə danışan ekspertlər Trampın vəd etdiyi miqyasda deportasiyaların böyük hüquqi və logistik problemlərlə üzləşəcəyini və iqtisadi artımı ləngidə biləcəyini bildiriblər.

2. İqtisadiyyat, vergi və gömrük sahələrində addımlar

Exit-poll nəticələri göstərdi ki, seçicilər üçün əsas məsələ iqtisadiyyatdır. Tramp tarixi səviyyələrə yüksələn və daha sonra Bayden dövründə aşağı düşən inflyasiyaya son verəcəyini vəd edib. Bununla belə, prezidentin qiymətlərə birbaşa təsir etmək səlahiyyəti məhduddur.

Tramp həmçinin böyük vergi endirimləri vəd edib. O, bəxşiş alan sənayelərdə çalışanları vergidən azad edəcəyini, sosial sığorta ödənişləri üzrə vergini ləğv edəcəyini və korporativ vergiləri aşağı salacağını bildirib.

O, cari hesab kəsirini bağlamaq üçün xarici məhsullara ən azı 10 faizlik yeni gömrük rüsumlarının tətbiq edilməsini təklif edib. O, Çindən gələn məhsullara əlavə 60 faiz vergi tətbiq edəcəyini bildirib. Bəzi iqtisadi ekspertlər belə addımların istehlak qiymətlərini artıra biləcəyi barədə xəbərdarlıq ediblər.

3. Konqresə hücum edən bəzi məhkumlar üçün amnistiya

Tramp, Co Baydenin 2020-ci il seçkilərində qələbəsini devirməyə cəhd etdikləri Kapitol hücumunda məhkum olunmuş bəzi tərəfdarlarını azad edəcəyini söyləyib. Ölümlərin də olduğu bu hücumlara Trampın təşviq etdiyi iddiia edilir.
Tramp hücumu “əhəmiyyətsiz” kimi qələmə verməyə çalışıb və mühakimə olunan yüzlərlə tərəfdarını “siyasi məhbus” kimi xarakterizə edib.
O, bəzilərinin “bəlkə də nəzarətdən çıxdığını” etiraf edərək, bir çoxlarının “haqsız yerə həbs edildiyini” söyləyib.

4. Prokuror Cek Smitin işdən çıxarılması

Tramp ona qarşı iki cinayət araşdırması aparan veteran prokuror Cek Smiti “iki saniyəyə” işdən çıxaracağını bildirib.

O, Trampın 2020-ci il seçkilərinin nəticələrini ləğv etməyə çalışdığını və məxfi sənədləri qorumadığını iddia edərək ona qarşı iki cinayət araşdırması başladıb.
Tramp ittihamları rədd edir. O, seçkidən əvvəl hər iki işin məhkəməyə getməsinə mane ola bilib. Tramp Nyu York məhkəməsində biznes sənədlərini saxtalaşdırmaqda təqsirli bilinən ilk prezident kimi Ağ Evə qayıdır.

5. Ukrayna müharibəsinin başa çatması

Tramp Ukraynanı Rusiya ilə müharibəsində dəstəkləmək üçün xərclənən milyardlarla dolları tənqid edib və “24 saat ərzində” danışıqlar yolu ilə müharibəni bitirəcəyini vəd edib.

Tramp hansı tərəfin təslim olması barədə heç nə deməsə də, demokratlar belə bir addımın Rusiya lideri Vladimir Putini cəsarətləndirəcəyini deyirlər.

Yeni prezident ümumiyyətlə, Birləşmiş Ştatların xaricdəki münaqişələrdən uzaqlaşmasını istəyir. O, İsraili hücumlarına son qoymağa çağırıb, həmçinin Livandakı zorakılığa sonlandıracağına söz verib, lakin detalları açıqlamayıb.

6. Abort qadağası

Tramp Kamala Harrislə teledebat zamanı deyib ki, o, aborta qadağa qoyulan milli qanun layihəsini imzalamayacaq. 2022-ci ildə bütün ölkə üzrə abort etmək hüququ Ali Məhkəmə tərəfindən ləğv edildi.

Trampın özü deyib ki, ştatların öz abort qanunlarını çıxarmaq hüququ olmalıdır, lakin bu sahədə tutarlı açıqlamalar verməmişdi. 

7. İqlim dəyişikliyi qaydalarında yumşalma

İlk prezidentliyi dövründə Tramp yüzlərlə ətraf mühitin mühafizəsi proqramını geri götürüb və ABŞ Paris İqlim Sazişindən çıxan ilk ölkə olub.

Bu dəfə o, xüsusilə Amerika avtomobil sənayesinə kömək etmək üçün qaydaları yenidən yumşaldacağını vəd edib. O, tez-tez elektrikli nəqliyyat vasitələrinə sözlə "hücum edib" və Baydenin daha təmiz nəqliyyat vasitələrinə keçidi təşviq edən məqsədlərini geri çevirəcəyinə söz verib.

Tramp Arktika bölgəsi kimi əraziləri neft kəşfiyyatına açmağı və beləliklə də enerji xərclərini azaltmağı hədəfləyir. Lakin ekspertlər buna şübhə ilə yanaşırlar.

Billurə Yunus

Chosen
2
1
olke.az

2Sources