EN

Tarixi Zəfər: Təkcə bayram yox, həm də milli hesabat

“Başqa orduların illərlə nail ola bilmədiyi Zəfərə Azərbaycan Ordusu 44 gün ərzində nail oldu. Bu tarixi qələbə heç bir zaman xalqımızın yaddaşından silinməyəcək”. 

Bu sözləri Milli Məclisin deputatı Hikmət Babaoğlu “Cebheinfo.az”-a açıqlamasında 8 Noyabr – Zəfər Gününün xalqımızın tarixində əhəmiyyətini şərh edərkən bildirib.

 H.Babaoğlu deyib ki, dövlətimiz bu qələbəni əldə etmək üçün mühüm strateji hazırlıq mərhələsindən keçib: 

“Milli qürurla qeyd etdiyimiz Zəfər Günü çox böyük tarixi hadisədir. Heç şübhəsiz ki, bu tarixi qələbəyə gedən yol özü-özlüyündə tarixi bir yol idi. Çünki qələbəni əldə etmək üçün dövlətimiz, xalqımız və ordumuz mühüm strateji hazırlıq mərhələsindən keçməliydi. Bu ümummilli qələbəyə çatmaq üçün gücümüz səfərbər olmalı idi. 

Prezident cənab İlham Əliyev işğal dövründə dəfələrlə çıxışlarında bəyan edib ki, Azərbaycan dövləti və ordusu torpaqlarımızı işğaldan azad etməyə və tarixi qələbəyə nail olmağa yaxınlaşır. Şükürlər olsun ki, dövlətimiz də, xalqımız da, ordumuz da bu şanlı qələbəyə nail ola bildi. 

Hər bir Azərbaycan vətəndaşının bu qələbədə payı var. Kimi dövlətə ödədiyi vergi, kimi öz iqtisadi və peşəkar fəaliyyəti, kimi mənəvi ruh yüksəkliyi, kimi gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə etmək, kimi tarixi yaddaşımızı gənc nəslə ötürmək, vətənpərvər, mərd və qürurlu gənclərdən ibarət güclü ordu yaratmaq, ordumuzu müasir silahlarla təzcih etmək, o cümlədən beynəlxalq münasibətlər sistemində müttəfiqlər və dostlar tapmaqla bunu təmin etdi və bütün bunlar fonunda tarixi Zəfərə şahid olduq. Başqa orduların nail ola bilmədiyi qələbəyə müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərlik etdiyi ordumuz 44 gün ərzində nail olmağı bacardı. Əlbəttə ki, strateji tarixi qərar vermək anı çatanda tərəddüd etmək lazım deyil. 

Böyük siyasi şəxsiyyət, böyük strateq müzəffər Ali Baş Komandanımız İlham Əliyev bütün siyasi, diplomatik və hərbi hazırlıqları qiymətləndirərək, ən əsası da optimal anı müəyyənləşdirərək ordumuza “İrəli” əmri verdi”. 

Deputat deyib ki, ordumuz da bu əmri səbirsizliklə gözləyirdi: 

“Ordumuz 44 gün ərzində Ali Baş Komandanımızın əmirini və tapşırığını müvəffəqiyyətlə yerinə yetirdi. Şanlı ordumuz qısa müddət ərzində işğalçı ordunu tamamilə məhv etdi. Ona görə də hesab edirəm ki, tarixi Zəfərimizi sadəcə bayram kimi yox, həm də böyük strateji hədəf və milli hesabat kimi qiymətləndirməliyik. Zəfər Gününü yaddaşlarda qorumaq üçün daim milli yaddaşımızı yeniləməliyik. Milli məqsədə çatmağın, milli dövlətçiliyin formallaşmasının yolu elə budur”. 

Chosen
9
cebheinfo.az

1Sources