Azərbaycan xalqı 8 Noyabr – Zəfər Günü ərəfəsindədir. Biz bu tarixi günü böyük təntənə ilə qeyd etməyə hazırlaşırıq. Dörd il öncə dövlətimizin qətiyyəti, ordumuzun gücü, Ali Baş Komandanımızın əzəmətli sərkərdəliyi, xalqımızın birliyi ilə sentyabrın 27-də başlanan Vətən müharibəsində erməni işğalına son qoyuldu. Qarabağ münaqişəsi Azərbaycanın Qələbəsi ilə başa çatdı. Azərbaycan qalib dövlət, xalqımız isə qalib xalq kimi dünya tarixinə öz möhürünü vurdu. Noyabrın 8-də şanlı üçrəngli Bayrağımızın Qarabağın döyünən ürəyində, mədəniyyətimizin beşiyi olan Şuşada dalğalanması hər birimizi qürurlandırdı. Şuşanın işğaldan azad olunması Ermənistanı diz çökdürdü, növbəti qələbələrimizin əsasını qoydu.
Bunu açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilib. Azərbaycan Ordusu maddi-texniki təchizat, döyüş hazırlığı və döyüş ruhu baxımından tam üstünlüyə malikdir. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Biz torpaqlarımızın erməni işğalından azad olunması sevincini məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgərlərimizin, döyüşçülərimizin sayəsində yaşayırıq. Məhz onların qanı, canı bahasına, misilsiz vətənpərvərlik və döyüş ruhu sayəsində bu qələbələri qeyd edirik. Bu yolda 3 minə qədər şəhid verdik, minlərlə qazimiz oldu. Biz şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərə Allahdan şəfa diləyirik, qəhrəman əsgər və zabitlərimizlə, döyüşlərdə iştirak edən hər bir həmvətənimizlə qürur duyuruq. Bu oğulları böyüdüb boya- başa çatdıran ana-atalarımıza minnətdarıq. Vətən bu qəhrəman oğullarla sonsuz dərəcədə fəxr edir.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında qələbə qazandı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmaq niyyətində deyil və barışmadı da. Prezident İlham Əliyevin Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən xalq kimi tanındı. Müxtəlif beynəlxalq dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında Zəfər çaldı. Bu Qələbə sayəsində “Ermənistan ordusu” və “döyüşkən erməni xalqı” kimi miflərə birdəfəlik son qoyuldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini deyil, erməni mifini də məhv edib. Təsadüfi deyil ki, 44 günlük müharibə dünyada XXI əsrin müharibəsi hesab olunur.
“Əlbəttə ki, tarixi Zəfərimizin qazanılmasında dövlət siyasəti, güclü ordu amili ilə yanaşı, milli birliyimizin və həmrəyliyimizin sarsılmazlığı müstəsna əhəmiyyət kəsb edir. Xalqımız Prezidentin və ordumuzun ətrafında sıx birləşmişdi. On minlərlə insan könüllü olaraq ordu sıralarına yazılmışdı. Yaşlı təqaüdçülərimiz öz pensiyalarını silahlı qüvvələrimizə yardım fonduna köçürürdülər. Biz həmin hadisələri qürurla izləyirdik. Çünki bütün bunlar milli birliyimizin necə də möhtəşəm olmasından xəbər verirdi”, – deyən Fatma Yıldırım əlavə edib ki, 44 gün ərzində “Dəmir yumruq” milli birliyimizin və gücümüzün rəmzinə çevrildi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq” kimi səciyyələndirilir. Eləcə də Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərdi.
Məhz bu milli birliyin nəticəsidir ki, son 4 ildə qələbələrimiz davamlı oldu. Ötən il aprelin 23-də “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Eləcə də keçən il sentyabrın 19-20-də ordumuzun Qarabağda keçirdiyi lokal antiterror tədbirləri nəticəsində separatçı rejim təslim oldu. Bununla da, suverenliyimiz tam təmin olundu. Oktyabrın 15-də isə Xankəndi şəhərinin mərkəzi meydanında, Xocalıda Azərbaycan Bayrağının ucaldılması milli birliyimizin təntənəsidir”, – deyə Fatma Yıldırım vurğulayıb.
O qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdikdən sonra qarşımızda böyük çağırışlar dayanır: “Bu çağırışların əsaslarından biri 30 il erməni işğalında olmuş və bu illər ərzində vəhşicəsinə dağıdılmış, talan edilmiş yurdlarımızı bərpa etmək, həmin torpaqlara həyatı yenidən qaytarmaqdır. Bəli, bu gün Azərbaycan xalqı olaraq əsas missiyamız işğaldan azad edilmiş ərazilərimizin bərpa edilməsi, keçmiş məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıtmasını təmin etməkdən ibarətdir. Artıq o torpaqlara həyat qayıdır. 2022-ci ildə Zəngilanın Ağalı kəndi Böyük Qayıdışın ilk müjdəsi oldu. Daha sonra Tərtərin Talış kəndinə, Laçına, Füzuliyə, Xocalıya və Cəbrayıla insanlar qayıtmağa başladılar. Bu il Xankəndidə fəaliyyətə başlayan Qarabağ Universitetində min nəfərdən çox tələbə təhsil alır. Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın təmin olunması yeni strateji mərhələdə Azərbaycanın əsas prioritetləri sırasında yer alır. Döyüş meydanında düşməni diz çökdürən və kapitulyasiyaya məruz qoyan qalib Azərbaycan bərpa və quruculuq işlərini də qısa müddətdə və yüksək səviyyədə həyata keçirmək əzmindədir”.