EN

Yaradan püşkümü atıb - Yeni şeirlər

Kulis.az Qardaşxan Haqqararın "Dualar" silsiləsini təqdim edir.

Göy şeiridi mənim şeirim göydə işarələr olmur

Qoy özü hifz eləsin
bizi bir olan Allah
bu haqq nahaq dünyada
haqqa var olan Allah

zərrən ürəyimizdə
yerin ürəyimizdə
görün ürəyimizdən
ərzə nur olan Allah

sözü seçən kəslərə
sözü keçən kəslərə
düzü seçən kəslərə
özü yar olan Allah

***

Təvəkkül böyük Allaha
yanlışımı naxışlayar
yaşatdığı canım ölməz
ömrü şeirə bağışlayar

necə veribsə Allahım
canımı eləcə alar
söz əlində həlak canım
şeirlə ona ucalar


Allahın verdiyi canı
qoymuşam quru yerdə mən
div şüşədə qoyan kimi
qoydum canı şeirdə mən

***

Allahından səbir dilər
saf eşqin yolçuları
axır haqqa qovuşdurar
əsl eşqin yolları

toxtamaz eşq pirgahında
tanrının yer bargahında
azad olar dərgahında
qolu bağlı qulları

yeri dar haqq aşiqinin
göyü var haqq aşiqinin
haqq arar haqq aşiqinin
qələm olan qolları

***

Allaha qurban olum
canda canı yaşadır
adama bu dünyada
o dünyanı yaşadır

kimi alır qoynuna
göz yaşı bir ahunun
qoyur onun boynuna
millətin günahını

çox şükür gah bağlayır
gah açır yollarını
tanrı sınağa çəkir
sevimli qullarını

***

Allahın izni ilə
can verib ölür anlar
anca da yaşamı yox
can verə ölü canlar

namərdin canı çıxır
comərdin qanı çıxır
damardan ani çıxır
an qədər dəli qanlar

kaş qayıdaydım ana
məni sən doğan ana
o an dönəydim Ona
tək O mən qulu anlar

***

Dəli aşiqi Allahın
yazdığı yazı öldürür
üstündə namaz qılınır
oxunur yasin öldürür

baxıb viran taleyinə
tanrı verən taleyinə
vermirsə can taleyinə
olursa asi öldürür

ruhunu göyə qaldırır
yerini göydə saldırır
rəngini göyə çaldırır
özünü asıb öldürür

***

Yaradan püşkümü atıb
işıq və zülmət qatına
verdi mənim taleyimi
ilahi hökmü altına

mən o qatın o qat mənim
ən qatı qatı mənimdi
ən işıqlı yeri mənim
qatı zülməti mənimdi

ondan o yana yolum yox
mənimki o qatacandı
mənim həyatda taleyim
işıqla zülmətəcəndi

***

Məhəbbət sözündən gözəl
söz yoxdu inan Allaha
sevməyənlərə tanrı da
soyuqdu inan Allaha

dilində Allahın adı
ölən oldusa ağlama
ölüm haqqını sevgidən
alan oldusa ağlama

bizdə o sevgi hardandı
Allah sevdiyi tək bizi
biz sevə bilək Allahı
illah da bir birimizi

***

Qüdrətini yoxlamısan
yoxsa bu səsdə ay Allah
bu səsi hansı taledə
salmısan testə ay Allah

bu səs kimin olacaqsa
onu qana salacaqsan
çoxmu canlar alacaqsan
bu səsin üstə ay Allah

bu səsi versən sözümə
göy də verər can sözümə
bir qurban da mən özüməm
təki sən istə ay Allah

***

Təki Allah deyən olsun
o səssənsə bu sənsənsə
taleyimə xoş gəlmisən
əgər haqdan gələnsənsə

bəlkə adın da sevdadı
özün də əsl sevdamsan
məni yer üzündən alıb
göyə verəcək adamsan

Allah şükür aldığına
şükür olsun verdiyinə
görməsəm də inanıram
sənin məni gördüyünə

***

Sevgiyə xələl gətirən
söz deyilməyir Allaha
o qədər mehribandı ki
siz deyilməyir Allaha

ucasan təksən deyilir
Allah böyüksən deyilir
yüksəyə yüksək əyilir
söz əyilməyir Allaha

sözün dadı duzu Allah
özü əymir sözü Allah
.................................
.................................

***

Allah şükür birliyinə
bu yolu mənə vermisən
bu qanada layiq bilib
bu qolu mənə vermisən

kəlməni kəlmə dalınca
düzüb çatdıra bilmirəm
günlərlə yazmadığımı
yazıb çatdıra bilmirəm

dərgahından gələn yolun
bəlkə də özüdü Allah
bu yol oxuya bildiyim
ilahi yazıdı Allah

***

Allah sənə qurban olum
mənə çox görmə bu yolu
dərgahına gələn bu yol
ümidlə inamla dolu

Allah sənə üz tutmuşam
başqa heç kimə sözüm yox
indi qəzaya bax sənə
üz tutmağa da üzüm yox

söz söz öz başına çevir
məndən üz çevirmə Allah
özün qoyduğun bu yolu
sən mənə çox görmə Allah

***

Allahım göy adamının
qəlbində qaralar olmur
göy şeiridi mənim şeirim
göydə işarələr olmur

Allahın hökmü var dinə
peyğəmbər verib hər dinə
dindar adamın dərdinə
türkücə çarələr olmur

yerin min cəncəl qanunu
göyün bir əcəl qanunu
əcəldən macal qanunu
bir kəsə gör olar olmur

***

Yolsuz adamın üzünü
Allah da güldürə bilmir
kor qəlb öz ağlar gözünün
yaşını sildirə bilmir

su gəlir axdığı yerdən
ildırım çaxdığı yerdən
Ürəyin baxdığı yerdən
ağıl heç nə görə bilmir

əvvəl aləmi yaradıb
sonra Adəmi yaradıb
Allah adamı yaradıb
indi də öldürə bilmir

***

Yerdən ruhlar aləminə
bir ruh uçur ilahi
yer üzündən baş götürüb
bir ruh qaçır ilahi

axı yer hara ruh hara
varlığı çəkilsin dara
perikdirib onu qara
guruh o cür ilahi

yer üzündə qara qullar
göy üzündə azad yollar
dərgahında bağlı qollar
qanad açır ilahi

***

Sözüm sözünə yovuşa
ilahi düzüm alına
sözüm sözünə qovuşa
lahi üzü alına

bir günə qoy bu qələmi
qalmaya tabı qələmin
ilhamın təbin qələmin
ilahi sözü alına

nola ilahi düzümün
ola cilası sözümün
ala ilahi özümü
ilahi özü alına

***

Heç dünya deməyib axı
puç dünya deməyib axı
Allah dünyasız darıxıb
ol deyib dünya yaranıb

dünya qoy gülüb oynasın
tanrı baxmaqdan doymasın
dünyanı gözdən qoymasın
onsuz olmasın bir anı

Allah faniliyi vursun
dünyanı qurduqca qursun
dünyalar durduqca dursun
görüm dünyanı quranı

***

Qəlbimə ilahimin
eşqi dolandan uçuram
könlümün pasibanı
quşlar olandan uçuram

sübhü sübh gülşən ara
quşlar lap düşüb damara
boz şəhərdə zil qara
daşlar əlindən uçuram

düşdüm yerə daş kimi
qalxıram göyə quş kimi
ilahidən eşqimi
peşkəş alıb mən uçuram

***

O cani dildən yaradıb
Adəmi gildən yaradıb
min bir könüldən yaradıb
nə cin, nə şeytan olmağa

sınayıb Musaya qədər
həzrəti İsaya qədər
qədəm qədəm aya qədər
ucaldıb insan olmağa

sən Allahı sal yadına
o da çatsın imdadına
qalxmışam insan qatına
Allaha qurban olmağa

***

Allah sən keç günahımdan
bu dünyadan köçüb gedim
özüm öz meyitim üstən
qalib kimi keçib gedim

özüylə apardı yoxdu
bir çöpündə gözüm olsun
beş günlük dünya beş arşın
bezin də özünə qalsın

haram yerlə halallaşıb
haqq ilə üzbəüz gəlim
nahaqla haqq hesab edib
haqqı salama düz gəlim

***

Ölümdən başqa hər şeyin
çarəsi var gözəl Allah
haqqı qoyub nahaqqına
çarə qılar gözəl Allah

bu dünya ki çarəsi var
çarəsi o dünya olar
çarəni çarəsiz qılar
gözəl olar gözəl Allah

çarəsi var hər düyünün
göy çarəsi yer düyünün
nahaqqa haqq verdiyini
gözəl alar gözəl Allah

***

Birinci şeirim də mənim
birinci iş yerim kimi
bir inci şeirim də yerin
ən birinci şeiri kimi

uyudar sözüm duyanı
özgə sözünə uyanı
yazdığım şeir dünyanın
xeyri kimi şəri kimi

bu ilahi səsi Allah
mənə çox görməsin Allah
dünyaya verməsin Allah
mənim şeir şərikimi

Qardaşxan Haqqarar

Chosen
28
kulis.az

1Sources