EN

General rütbəsi verilənlərdən biri REKTORDUR

Prezident İlham Əliyev bir qrup hərbçiyə general rütbəsinin verilməsi barədə sərəncam imzalayıb.

 

Modern.az-ın məlumatına görə, "general-mayor"  ali hərbi rütbəsi verilən şəxslərdən biri Azərbaycan Milli Müdafiə Universitetinin rektoru Gündüz Əbdülovdur.

 

O, 1976-cı ildə Şuşa şəhərində anadan olub. O, 2000-ci ildə Türkiyə Milli Müdafiə Universitetində "sistem mühəndisliyi" ixtisası üzrə bakalavr, 2007-ci ildə yuxarı təhsil pilləsi üzrə ABŞ Quru Qoşunları Baş Komanda və Qərargah Akademiyasında operativ və strateji səviyyədə idarəetmə təhsili alıb, 2016-cı ildə Azərbaycan Milli Müdafiə Üniveristetinin Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu bitirib.

 

2000-ci ildən etibarən Azərbaycan Ordusunda leytenant hərbi rütbəsində hərbi xidmətə başlayıb, döyüş bölgəsində yerləşən hərbi hissələrdə və Müdafiə Nazirliyinin Mərkəzi Aparatında müxtəlif komanda-qərargah vəzifələrində polkovnik hərbi rütbəsinədək yüksəlibvə 2019-cu ilin sonunda öz arzusu ilə ordu sıralarından ehtiyata buraxılıb.

 

Xidmət müddəti ərzində NATO-nun Beynəlxalq Hərbi Qərargahında qərargah zabiti, daha sonra isə NATO-nun Brüsseldəki Qərargah Mənzilində Hərbi Komitə yanında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndəsi — Azərbaycan Respublikasının NATO-dakı Missiyasının hərbi məsələlər üzrə müşavirinin müavini vəzifələrində hərbi diplomat missiyasını yerinə yetirib.

 

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Əməkdaşlıq İdarəsində şöbə rəisi və idarə rəisinin müavini vəzifələrində xidmət etdiyi dövr ərzində xüsusi ilə Avro-Atlantik məkanda yerləşən xarici dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində NATO-nun Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı və ABŞ-ın Beynəlxalq Hərbi Təhsil və Treninq Proqramı da daxil olmaqla bir sıra hərbi təhsil və təlim proqramlarının Azərbaycan Ordusunda tətbiqinə rəhbərlik edib.

 

Azərbaycan Ordusunun NATO və BMT ilə əməkdaşlığı çərçivəsində missiyaya açılan kontingentinin fəaliyyətinin təşkilinə, habelə Beynəlxalq Qızıl Xaç Komitəsi və Müdafiə Nazirliyi arasındakı ikitərəfli planın icrasına rəhbərlik edib.

 

2020-ci ildə TƏBİB-in Aparat rəhbəri vəzifəsində təyin olunub. Bu vəzifədə çalışdığı müddət ərzində TƏBİB-in nəzdində yaradılmış COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Koordinasiya Qrupunun fəaliyyətinə və Vətən Müharibəsi dövründə döyüş əməliyyatlarının aparıldığı ərazilərdə TƏBİB tərəfindən həyata keçirilən tibbi xidmətin və təxliyyənin təşkilinə rəhbərlik edib.

 

2022-ci il aprelin 29-da Gündüz Əbdülov, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayon təhsil şöbələrinin əsasında yaradılmış Qarabağ Regional Təhsil İdarəsinə Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə müdir vəzifəsinə təyin edilib.

 

2023-cü ilin oktyabrında Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin müdiri təyin olunub.

 

2024-cü il yanvarın 12-də Azərbaycan Milli Müdafiə Universitetinin rektoru təyin olunub.

Chosen
25
1
modern.az

2Sources