8 Noyabr Zəfər Günü münasibətilə Ağdam rayonu 68 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə “Zəfərin mübarək, Vətən!” adlı tədbir keçirilib.
"Unikal" xəbər verir ki, Ağdam Muğam Mərkəzində baş tutan tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Farid Muradov, Cəmil Əzimov, ATİAHİ Ağdam Rayon Komitəsinin sədri Xalidə Həsənova, Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun inspektoru, polis mayoru Vüqar Hacıyev, şəhid ailələri, qazilər, valideynlər, məktəbin müəllim və şagird kollektivləri iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən 68 nömrəli tam orta məktəbinin direktoru Sədaqət Həsənova giriş sözündə bildirib ki, Zəfər Günü - ölkə Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 3-də “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı Sərəncama əsasən qeyd edilir.
Tədbir şagirdlərin ifasında musiqi, rəqs nömrələri və şeirlərlə davam edib.