EN

Trampın qələbəsi...

Dünyada nəyi, necə dəyişəcək?

Ağ Evin yeni administrasiyasının xarici siyasətinin əsas istiqamətləri...

Donald Trampın ABŞ prezidenti seçilməsi qlobal dünya üçün bir sıra mühüm yeniliklər yaradacaq. İstər siyasi, istərsə də iqtisadi mənada bu yeniliklər artıq müzakirə edilməkdədir. ABŞ-ın növbəti mərhələdə Aİ ilə, NATO ilə münasibətlərə yenidən baxacağı, paralel olaraq Rusiya-Ukrayna müharibəsi haqqında yeni bir yanaşma sərgiləyəcəyi, Uzaq Şərq siyasətində yeniliklərin yaşanacağı istisna olunmur.

NATO narahatdır, Aİ isə...

İlk olaraq Aİ və NATO məsələsinə yanaşma... Donald Tramp hələ seçki kampaniyası dövründə ABŞ-ın NATO da daxil olmaqla beynəlxalq alyanslarda iştirakının zəruriliyinə yenidən baxacağına söz vermişdi. O, bu fikri 2017-2021-ci illərdə birinci prezidentliyi dövründə də ifadə etmişdi - Amerikanın bir sıra müqavilə və təşkilatlardan çıxmaq üçün cəhd edəcəyini bildirmişdi. Bu fikirdən əl çəkilməsi üçün isə bir yol var - Tramp bildirir ki, NATO müttəfiqləri onları müdafiə etməsi üçün ABŞ-a ödəniş etməlidir.

Aİ-yə gəldikdə isə siyasi münasibətlərin gərgin olacağı gözlənilir. Qərb siyasi analitikləri bildirir ki, Avropanın aparıcı dövlətləri Trampın qələbəsinə inanmadıqları üçün onunla əlaqəni tam “dayandırmışdılar” - hətta qələbəsi etiraf olunduqdan sonra da Trampı təbrik etməyə “tələsməmişdilər”. Trampın mühacir məsələsinə olan radikal yanaşması Aİ-nin maraqları ilə uzlaşmır - Avropa ötən 4 ildə istər Yaxın, istərsə də Uzaq Şərqdən gələn “mühacirət karvanının” üzünü ABŞ-a tərəf yönləndirmişdi. İndiki halda, Trampın mühacir məsələsinə yanaşmasını bilən “köhnə qitə” təmsilçiləri növbəti mərhələdə onsuz da bərbad halda olan Avropanın demoqrafik durumunun daha da ağırlaşacağını proqnozlaşdırırlar. Paralel olaraq, artıq ABŞ öz maraqlarını Avropa ilə də müzakirə etməyəcək - Avropa mediası yazır ki, istər Fələstin-İsrail münasibətlərinə, istərsə də Rusiya-Ukrayna məsələsinə fərqli baxış sərgiləyəcək Tramp adminstrasiyası Avropanı “quru yurdda” qoyacaq. Sirr deyil ki, Tramp İsrailə Fələstinlə düşmənçiliyi dayandırmağa çağırır - həmçinin Ukraynaya təmənnasız yardımın göstərilməsini məhdudlaşdırmaq və Rusiya ilə münaqişəni həll etmək niyyətindədir.

İqtisadi eskalasiyanın yeni mərhələsi...

Trampın seçilməsi ABŞ-ın Çinlə münasibətlərinə də yeni nəfəs gətirəcək - siyasi ekspertlər düşünür ki, Trampın proqramı ilk növbədə tariflərin artırılmasını nəzərdə tutur: bütün idxallar üçün 10-20 faizə, Çindən gələn məhsullar üçün 60 faizə, beynəlxalq ödənişlərdə dollardan imtina edən ölkələrdən gələn mallar üçün isə 100 faizə qədər artırılması olduqca ciddi qəbul edilməlidir. Bunun isə ABŞ ilə Çin arasında gərginliyi artıracağını indidən demək olar. Təsadüfi deyil ki, Çinin əsas indeksi olan “Shanghai Composite” noyabrın 6-da 3 faiz ucuzlaşıb. Ekspertlər Ağ Evdə yeni hakimiyyətin formalaşmasını Vaşinqton və Pekin arasında “iqtisadi eskalasiyanın” yeni mərhələsi kimi qiymətləndirir.

Birinci görüləsi iş...

Ən diqqətçəkən məqamlardan biri təbii ki, Trampın Rusiya-Ukrayna müharibəsinə baxışıdır. Respublikaçı yeni prezident hələ seçki kampaniyası dövründə münaqişəni bitirəcəyinə söz vermişdi - hətta o bildirmişdi ki, seçkinin nəticələri bəlli olan kimi Kiyevə və Moskvaya zəng vuracaq. Ekspertlərin fikrincə, Rusiya üçün Trampın təklif etdiyi siyasətin həm müsbət, həm də mənfi nəticələri ola bilər: Trampın münaqişəni rekord müddətdə bitirmək istəyi Rusiya və dünya iqtisadiyyatı üçün müsbət amildir, çünki sanksiyaların sürətlə ləğvi beynəlxalq ticarət dövriyyəsinin canlanmasına səbəb olacaq. Amma bunun reallaşması vaxt tələb edəcək. Səbəb isə ortadadır - çox güclü səlahiyyətlərə malik olsa belə, ABŞ prezidenti xarici siyasəti təkbaşına müəyyən etmir. Bununla belə, ABŞ-ın yeni administrasiyası iqtisadi artımı daha fəal şəkildə stimullaşdırmaqda qərarlıdırsa, birinci görüləsi iş Mərkəzi Avropada silahları susdurmaq olmalıdır. “Finam” analitikləri qeyd edirlər ki, Tramp sanksiyalar rejiminin yumşaldılmasını və enerji ixracının təşviq edilməsinin tərəfdarıdır. Bu da Rusiya neftinə tələbatın artmasına yol açacaq.

Dünyanı daha gərgin ticarət müharibəsi gözləyir...

Donald Trampın 47-ci prezident kimi Ağ Evə qayıtmasının dünyada hansı yeniliklərə yol açacağı ilə bağlı fikirlərini bölüşən “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, Trampın qələbəsi elan olunan kimi Avropanın, xüsusilə Almaniyanın maşınqayırma sənayesində çaxnaşma başladı. Yeni prezident Avropadan idxal olunan bir sıra mallara, o cümlədən avtomobillərə 10 faizlik rüsum tətbiq ediləcəyini bildirib: “Almaniyanın avtomobil istehsalçıları Assosiyasiyası” ABŞ-ı bu qərardan çəkindirmək üçün lazım olan hər şeyi edəcəyini bildirir. Amma hansısa bir dəyişikliyə nail olacaqları şübhə doğurur”.

A.Quliyev bildirib ki, Trampın birinci prezidentliyi dönəmində Avropa poladına və alüminiumuna tətbiq etdiyi 25 faizlik tarifin götürülməsi ətrafında mübahisələr hələ də davam edir. Bundan başqa Trampın Çin elektromobillərinə 0,6 faiz tarif tətbiq edəcəyi barədə bəyanatı da qarşıdakı dövrdə dünyanı daha gərgin ticarət müharibəsinin gözlədiyini deməyə əsas verir: “Məlumdur ki, buna qədər Avropa Birliyi də Çin avtomobillərinə tarif tətbiq edib. Beləliklə, bir yandan Trampın, digər yandan Avropanın Çini sıxışdırması Pekinin Rusiyaya daha çox sığınmasına səbəb ola bilər. Bəlkə də Tramp Rusiya ilə münasibətləri yumşaltmaq cəhdləri göstərəcək və bununla Çin və Rusiyanın bir- birinə daha çox yaxınlaşmasının qarşısını almağa çalışacaq. Əgər bu taktika oynanılarsa, demək, son hədəf Çini təkləməkdir. Trampın Çin və Rusiyanı bir - birindən qopara biləcəyi isə inandırıcı görünmür”.

P. SADAYOĞLU

Chosen
13
50
yeniazerbaycan.com

10Sources