BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçıları Qarabağa səfər ediblər.
Nümayəndə heyəti təyyarə ilə Füzuli Beynəlxalq Hava Limanına gəlib. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov qonaqlara işğalçı Ermənistanın 30 il ərzində Füzuli rayonunun ərazisində törətdiyi dağıntılar, vandalizm aktları, həmçinin şəhərin Baş planına uyğun olaraq həyata keçirilən və görüləcək işlər barədə məlumat verib.
Diqqətə çatdırılıb ki, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib.
***
Həmin gün dini liderlar Ağdama səfər ediblər. Onlar əvvəlcə Ağdam şəhərindəki Şəhidlər xiyabanına gəliblər. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov qonaqlara Şəhidlər xiyabanı, ermənilərin burada törətdiyi vandalizm haqqında məlumat verib.
Dini liderlər sonra Ağdam şəhər Cümə məscidinə gəliblər. Bildirilib ki, erməni vandalları Ağdam Cümə məscidində mal-heyvan saxlamaqla azərbaycanlılara, müsəlman aləminə qarşı öz nifrətlərini nümayiş etdiriblər. Ağdam şəhəri işğaldan azad olunduqdan sonra Cümə məscidi bərpa olunaraq əvvəlki görkəminə qaytarılıb.
Müsəlman din xadimləri məsciddə namaz qılıblar.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə nümayəndə heyətinə ermənilərin müharibə cinayətləri barədə məlumat verib.
***
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçıları Xankəndi və Şuşa şəhərlərində də olublar.
Nümayəndə heyəti əvvəlcə Xankəndi şəhərinin Zəfər meydanına gəlib. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov onlara Xankəndi şəhəri haqqında məlumat verib.
Qonaqlar sonra Şuşa şəhərinə səfər ediblər. Cıdır düzündə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov məlumat verib.
Dini liderlər Şuşanın azad olunması uğrunda şəhid olanların ruhuna dua oxuyublar.
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçıları sonra Azərbaycanın tanınmış şəxsiyyətləri Bülbül, Xurşidbanu Natəvan və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin yerləşdiyi Şuşa şəhər mərkəzi meydanı və qala divarları ilə tanış olublar.
Daha sonra müsəlman dini liderlər Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar.
XQ