EN

Vətən müharibəsinin xronikası: 8–9 noyabr

Zəfər marafonunun 43 və 44-cü günləri

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

• Noyabrın 8-də Şuşanın azad edilməsi başa çatıb.

• Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərinin işğaldan azad olunması münasibətlə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

• Dövlətimizin başçısı, müzəffər Ali Baş Komandan Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib.

• Ali Baş Komandan Şuşanın işğalçılardan azad olunması münasibətilə Hikmət Mirzəyevə, qala-şəhərin xilasında qəhrəmancasına və rəşadətlə iştirak etmiş hərbi qulluqçulara, silahlı qüvvələrimizin bütün şəxsi heyətinə təbriklərini çatdırıb. General-leytenant Hikmət Mirzəyev şəxsi heyət adından Ali Baş Komandana dərin təşəkkürünü ifadə edib. O, Ali Baş Komandanın əmrlərini yerinə yetirmək və etimadını doğrultmaq üçün şəxsi heyətin hər zaman hazır olduğunu bildirib.

• Prezident İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu və milli müdafiə naziri Hulusi Akarı qəbul edib. Dövlətimizin başçısı qonaqları salamlayaraq deyib: “Bu gün xalqımız üçün çox əziz bir gündür, tarixi bir gündür. Bu gün Şuşa şəhərinin azad edilməsi günüdür. Belə bir gündə bizimlə bərabər olmağınız xüsusi önəm daşıyır. Bu, növbəti qardaşlıq nümunəsidir, növbəti qardaşlıq təzahürüdür. Hər zaman olduğu kimi, yaxşı günlərdə də, ağır günlərdə də biz bir yerdəyik. Bu hadisə bir daha onu göstərir ki, bizim xalqlarımız bir-birinə nə qədər yaxındır, Türkiyə və Azərbaycan bir-birinə nə qədər doğmadır.

Türkiyənin Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan son bir ay ərzində, ondan da çox bir müddət ərzində Azərbaycana dəfələrlə öz dəstəyini göstərmişdir, öz açıq ifadələri ilə siyasi, mənəvi dəstək verməklə bizə əlavə güc vermişdir. Eyni zamanda, siz – hörmətli müdafiə naziri, bizim digər qardaşlarımız dəfələrlə Azərbaycanın yanında olduğunuzu qeyd edirdiniz. Bildirirdiniz ki, Türkiyə Azərbaycanın yanındadır. Əlbəttə ki, bu açıqlamalar, bu siyasi və mənəvi dəstək bu münaqişənin həlli üçün də önəmli rol oynamışdır”.

• Birinci vitse-prezident Mehriban xanım Əliyeva Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə “Instagram” səhifəsində tarixi qələbə ilə bağlı paylaşım edib. Paylaşımda vurğulanıb: “Bu anlarda bütün xalqımız təsvirəgəlməz qürur və sevinc hissləri keçirir! Şuşa işğaldan azad edilib! Bu münasibətlə bütün həmvətənlərimizə səmimi təbriklərimi çatdırıram!

İllər boyu davam etmiş kədər, həsrət, faciəli hadisələrdən sonra tarixi ədalət bərpa olunur! Vətənimizi müdafiə edən və əzəli Azərbaycan torpaqlarını işğaldan azad edən qəhrəmanlar nəslinin bugünkü igidlikləri Azərbaycan tarixinə əbədi daxil olacaq və hər birimizin yaddaşında həmişəlik qalacaq!

Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi bizim rəşadətli əsgərlərimizin qəhrəmanlığı və igidliyi, dözümlülüyü və qələbə əzmi sayəsində mümkün olur! Vətən naminə canlarından keçmiş şəhidlərimizə Allah rəhmət eləsin!

Əziz qardaşlar və bacılar!

Biz Şuşamızı qaytardıq! Bu əlamətdar tarixi hadisə münasibətilə hamınızı bir daha təbrik edirəm. Qoy bizim bütün uğurlarımızın və nailiyyətlərimizin, bütün qələbələrimizin qarantı olan xalq–Prezident birliyi günbəgün möhkəmlənsin! Bu gün məhz bu birlik Azərbaycanın öz gücünü nümayiş etdirməsinə imkan yaradır! Milli həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində bizim Prezidentimiz bütün mürəkkəb məsələlərin öhdəsindən uğurla gəlməyi bacarır! Qoy Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”.

• Noyabrın 7-si gün ərzində və 8-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulub. Cəbhənin bəzi sahələrində düşmən şəxsi heyət və hərbi texnika sarıdan itkilər verərək geri çəkilməyə məcbur edilib.

Cəbhədə müqavimət göstərə bilməyən düşmən çıxış yolunu dinc əhalini və mülki infrastrukturu atəşə tutmaqda görür. Keçən gün ərzində Ermənistan silahlı qüvvələri bölmələrinin Tərtər, Bərdə, Ağdam, Ağcabədi və Qubadlı rayonlarının kəndlərini artilleriya atəşinə tutması nəticəsində dinc sakinlər arasında ölən və xəsarət alanlar var, mülki infrastruktura ziyan dəyib. Azərbaycan Ordusunun gördüyü cavab tədbirləri yalnız düşmənin legitim hərbi hədəflərinə qarşı olub.

Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd T-72 tankı, 2 ədəd D-20 topu və döyüş sursatı ilə dolu bir neçə hərbi yük avtomobili məhv edilib və sıradan çıxarılıb. Hazırda döyüş əməliyyatları davam edir. Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

• Cəbhənin Xocavənd istiqamətində düşmənin yüksək vəzifəli şəxsləri məhv edilib. Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələrinin ön idarəetmə məntəqəsinə hava zərbələri endirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

• Cəbhənin Xocavənd istiqamətində düşmən bəzi mövqeləri ataraq qaçır. Bu istiqamətdə Ermənistan silahlı qüvvələri ciddi itkilər verir.

• Xalqımız Şuşanın azad olunmasını böyük coşqu ilə qeyd edir.

• İşğaldan azad edilmiş Zəngilan rayonu ərazisindəki “Məmmədbəyli”, “Şərifan”, “Muğanlı”, “Tiri” və “Mincivan” sərhəd zastavaları üzərində 9 noyabr – Bayraq Günü ərəfəsində Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb və bu sərhəd zastavaları xidməti-döyüş fəaliyyətinə başlayıblar.

Bu münasibətlə təşkil olunan mərasimdə Azərbaycanın dövlət himni səsləndirilib, şəhidlərimizin xatirəsi yad edilib. Bildirilib ki, Azərbaycan–İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin işğaldan azad edilməsi Azərbaycan Respublikasının dövlət sərhədlərinin təhlükəsizliyinin təminatı üçün son dərəcə vacib hadisə olub və hər bir Azərbaycan sərhədçisi tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

Prezident İlham Əliyevin oktyabrın 19-da Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və Dövlət Sərhəd Xidmətinin (DSX) iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad olunması münasibətilə DSX-nin şəxsi heyətini təbrik etməsi, oktyabrın 22-də isə Azərbaycan–İran dövlət sərhədinin tam nəzarətə götürülməsinin təmin olunması münasibətilə bütün Azərbaycan xalqını təbrik etməsi dövlət sərhədlərinin mühafizəsi məsələlərinə müzəffər Ali Baş Komandan səviyyəsində verilən böyük önəmin xüsusi ifadəsi olub.

Qeyd olunub ki, sentyabrın 27-dən bu günədək işğal altında olan 218 kənd və qəsəbənin, Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı şəhərlərinin, bu gün isə Şuşa şəhərinin düşmən tapdağından azad edilməsinin Müzəffər Ali Baş Komandanı olan Azərbaycan Silahlı Qüvvələrinin, Qüdrətli Prezidenti olan Azərbaycan dövlətinin, müdrik və qətiyyətli lideri olan Azərbaycan xalqının böyük qələbəsi olması xüsusi vurğulanıb. Mərasimdə Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında ən yaxın müddətdə dövlət bayrağımızın işğaldan azad ediləcək bütün ərazilərdə dalğalanacağına əminlik ifadə olunub.

• 9 noyabrda Müzəffər Azərbaycan Ordusu Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkli kəndlərini işğaldan azad edib. Bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün tviter hesabında bildirib.

• Daha 48 kənd, 1 qəsəbə və 8 strateji yüksəklik işğaldan azad edilib. Bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün tviter hesabında məlumat verib.

• Prezident İlham Əliyev “BBC News”a müsahibə verib.

• Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivlikdə davam edib. Sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulub. Çoxlu itkilər verən işğalçı ordu geri çəkilməyə məcbur edilib. Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, bir ədəd T-72 tankı, bir ədəd D-30 topu, bir minaatan heyəti, döyüş sursatı ilə dolu bir hərbi yük avtomobili sıradan çıxarılıb.

• Laçın–Şuşa yolu üzərindəki Zarıslı kəndi yaxınlığında bölmələrimizə hücum etməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin bir tankı və bir piyada döyüş maşını vurulub. Xocalı-Şuşa yolu ilə Xankəndi istiqamətində hərəkət edən Ermənistan silahlı qüvvələrinin canlı qüvvə ilə dolu qoşqusunda D-30 topu olan yük maşını zərbə PUA-ları ilə məhv edilib.

• Xocavənd istiqamətində düşmənin mövqelərinə artilleriya zərbələri endirilir.

• Cəbhənin Xocavənd istiqamətində düşmənin “Tor-M2KM” zenit-raket kompleksi, atəş mövqeyinə çıxarılan “Osa” zenit-raket kompleksi, eləcə də canlı qüvvəsi bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

• Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən noyabrın 9-dək 93 mülki şəxs həlak olub, 407 nəfər xəsarət alıb, 3326 ev, 120 çoxmənzilli yaşayış binası və 504 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

• Noyabrın 10-na keçən gecə Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə Bəyanat imzaladılar. Bununla bağlı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciət etdi.

Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal altında olan hissəsi, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi.

***

Xronikanın əvvəlində dövlətimizin başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət etdiyini xatırlatdıq. Azərbaycan Prezidenti həmin müraciətində deyib: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.

İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin – Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik”.

30 ilə yaxın bir dövrdə aparılan danışıqlarla Azərbaycanın heç bir nəticə əldə etmədiyini, bu müddətdə əzəli tarixi torpaqlarımızın işğal altında saxlanıldığını, uzun zaman ərzində Ermənistanın, sadəcə olaraq, vaxt udmaq, status-kvonu möhkəmləndirmək, əbədi etmək istəyinin sirr olmadığını vurğulayan Prezident İlham Əliyev bildirib ki, ötən illərdə Azərbaycana müxtəlif güc mərkəzlərindən dəfələrlə göndərilən siqnallar bizi vəziyyətlə barışdırmaq məqsədi daşıyıb: “Ancaq biz qətiyyət, cəsarət, siyasi iradə göstərərək Azərbaycan xalqının maraqlarına cavab verməyən heç bir razılaşmaya getmədik. Mən dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişdim ki, torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpa edilməsi bizim əsas vəzifəmizdir və biz bu vəzifəni icra edirik. Danışıqlar heç bir nəticə vermədi. Sadəcə olaraq, bizim başımızı aldadırdılar, sadəcə olaraq, məsələni dondurmaq istəyi müşahidə olunurdu. Biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək bu Qələbəni qazandıq…”.

Yeri gəlmişkən, Şuşa haqqında yazılarımın birində qeyd etmişəm ki, bu əzəli-əbədi qala şəhərimiz işğal edildiyi gündən – 1992-ci il mayın 9-dan ta xilas gününədək heç kimdə onun nə vaxtsa yağı tapdağından xilas olunacağına şübhə yox idi. Hamıda o günün nə vaxtsa gələcəyinə, doğma Qarabağımızın “döyünən ürəyinin” düşməndən təmizlənəcəyinə qəti əminlik var idi. Bu inamı Azərbaycan Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti sayəsində ordumuzun gündən-günə artan güc-qüdrəti yaratmışdı.

2020-ci il sentyabrın 27-də başlayan əks-həmlə əməliyyatları ilə silahlı qüvvələrimiz addım-addım ùuşaya yaxınlaşırdı, bu, dövlətimizin başçısının dediyi kimi, uğura bir nəfəs qədər yaxın olduğumuzdan xəbər verirdi, Prezident İlham Əliyevin o zaman Türkiyə mətbuatına verdiyi müsahibələrin birində “Şuşa azad edilmədən bu əməliyyat tamamlanmış sayılmaz, yarımçıq qalar” – söyləməsi də bu qələbəyə, uğura yönələn ümid və əminliyimizi daha da artırırdı.

Nəhayət, o gün gəldi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də xalqımızı Şuşanın işğaldan azad edilməsi münasibətilə təbrik edərək dedi: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi. Şuşa bizimdir. Qarabağ bizimdir. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.

İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi, Şuşa indi azaddır. Biz Şuşaya qayıtmışıq. Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür”.

Dövlətimizin başçısı müraciətində həm də xalqa Şuşanın işğaldan azad edilməsi müjdəsini verməsini həyatında bəlkə də ən xoşbəxt günlərindən biri olduğunu bildirdi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim,xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik. Bu, böyük Qələbədir. Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün. Gözün aydın olsun Azərbaycan. Gözünüz aydınolsun dünya azərbaycanlıları”.

***

Erməni faşizmi Şuşanın işğalı illərində havadarlarına arxalanaraq sülh danışıqlarından, tapdaq altında saxladığı torpaqları azad etməkdən boyun qaçırdı. Bununla kifayətlənməyib, “Qarabağın döyünən ürəyi”, “musiqi və incəsənət beşiyi” olan Şuşanı gələcəkdə, hətta oyuncaq “dqr”in paytaxtı elan etmək, qondarma rejimin parlamentini bu əzəli, tarixi şəhərimizə köçürmək iddiasını səsləndirdi. Ermənistanın baş naziri Paşinyan beynəlxalq norma və qaydaları pozaraq tez-tez Şuşya gəldi, burada görüşlər keçirdi. Məsuliyyətsiz erməni baş nazir burada keyf məclisləri qurdu, separatçı rejimin nümayəndələri ilə yallı getdi, “Qarabağ Ermənistandır, nöqtə” kimi sərsəm bəyanat verdi. Düşmən bununla da Azərbaycan xalqında bir ümidsizlik yaratmaq, inadımızı qırmaq, inamımızı sarsıtmaq, sonda isə Qarabağı Ermənistana birləşdimək məqsədi güddü.

Lakin Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər ordumuz işğalçının bu planını alt-üst etdi, arzusunu ürəyində qoydu. Prezident İlham Əliyev Şuşanın işğaldan azad edilməsi münasibətlə Azərbaycan xalqına müraciətində 28 il yarım işğal altında saxlanılan bu şəhərin Azərbaycan tarixində xüsusi yeri olduğunu, bizim qədim, tarixi qalamızda əsrlərboyu azərbaycanlıların yaşayıb, qurub-yaratdıqlarını bildirib: “Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik”.

Dövlətimizin başçısı hər zaman olduğu kimi, bu vədinə də əməl etdi. Qala-şəhər azad edilən ilk gündən erməni vəhşiliyinin ürək ağrıdan izlərini aradan qaldırmağı diqqət mərkəzində saxladı. Düşmən Şuşada, necə deyərlər, nəinki daşı-daş üstə qoymuşdu, heç olanı, qərinələrlə saxlanılanı belə qorumamışdı, daşa-torpağa düşmən münasibətini gizlətməmişdi, maddi-mədəni abidələrimizi silməyə, dağıtmağa cəhd göstərmişdi.

Şuşa işğaldan azad ediləndən dərhal sonra şəhərin yaralarına məlhəm qoyulmağa başlandı. Qala divarlarının böyük hissəsi, dahi Bülbülün ev muzeyi, Cıdır düzünə aparan tarixi daş döşəməli yollar, Molla Pənah Vaqifin məqbərəsi, Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa, Saatlı, Təzə məhəllə məscidləri, Mamayı, Xoca Mərcanlı bulaqları, Mehmandarovların malikanə kompleksi və digər tarixi-mədəni abidələr, eləcə də infrastruktur qısa müddətdə tamamlandı.

***

Şuşada genişmiqyaslı quruculuq işləri dövlətimizin başçısının tapşırığına uyğun olaraq şəhərin tarixi memarlıq xüsusiyyətlərinə uyğun şəkildə aparıldı. Qədim mədəniyyət paytaxtımızda tarixiliklə müasirliyin qovuşması diqqətdə saxlanıldı. Bütün görülən işlər, həyata keçirilən layihələrlə Şuşa şəhəri dünyanı öz gözəlliyi ilə valeh edəcəyi əvvəlki görkəminə qaytarıldı.

Şuşa indi əvvəlki xoş günlərini yaşayır, sevinc dolu sabahların ümidi ilə neçə-neçə uğura imza atır, şəhərin abadlıq-quruculuq işləri getdikcə geniş vüsət alır, buradakı müqəddəs ocaqlar, mədəniyyət və incəsənətimizin böyük simalarının ev-muzeyləri yenə də ziyarətgahlara çevrilir. Şuşa dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biri kimi keçirilən mərasimlərə evsahibliyi edir, məşhur turizm məkanı kimi şöhrət qazanır.

***

Şuşanın azad olunması Vətən müharibəsinin kulminasiyası idi. Prezident İlham Əliyev müharibənin gedişində qardaş Türkiyə mediasına müsahibəsində bəyan etmişdi ki, “işğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Ancaq Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Şuşasız bizim işimiz yarımçıq olar”. Bu bəyanat Azərbaycan bayrağının tezliklə alınmaz qala olan Şuşada dalğalanacağının anonsu idi.

Xatırladaq ki, noyabrın 8-də qala-şəhərin işğaldan azad olunmasından sonra müharibənin taleyi həll olundu. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Şuşanın şəhər döyüşləri nəticəsində azad edilməsi tariximizin parlaq səhifəsidir: “Şuşa mədəniyyət ocağı kimi tanınsa da, eyni zamanda, qəhrəmanlıq, zəfər və sülh rəmzidir”.

Onu da deyək ki, noyabrın 9-dan 10-na keçən gecə dövlətimizin başçısı, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Ermənistan ordusu tərəfindən boşaldıldı. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Beləliklə, Azərbaycanın tarixində yeni inkişaf mərhələsi başlandı.

Vətən müharibəsindən sonra regionda yeni reallıqlar yarandı. Azərbaycan öz sərhədlərində möhkəmlənməyə başladı. 2023-cü il aprelin 23-də “Laçın” dövlət sərhədində buraxılış məntəqəsinin qurulması isə Şuşa zəfərindən sonra əldə edilən ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi tarixə düşdü. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü təmin olundu. 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə isə üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması məqsədilə Azərbaycan lokal xarakterli antiterror əməliyyatına başladı. Cəmi bir sutkadan da az davam edən əməliyyatlar nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi. Bu, 44 günlük Vətən müharibəsinin məntiqi sonluğu idi.

Vaqif BİNYATOĞLU
XQ

Chosen
8
xalqqazeti.az

1Sources