Noyabrın 8-də Xankəndi şəhər stadionunda Zəfər Günü münasibətilə bayram konserti və atəşfəşanlıq təşkil edilib.
Referans.az xəbər verir ki, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Qələbə sevincini bölüşmək üçün stadiona toplaşan dövlət qurumlarının rəhbərləri və əməkdaşları, Qarabağ Dövlət Universitetinin müəllim və tələbələri, şəhərdə yaşayanlar və qonaqlar konserti böyük maraqla izləyiblər.
Mədəniyyət xadimlərinin və incəsənət nümayəndələrinin ifalarında rəngarəng musiqi nömrələri, o cümlədən vətənpərvər mahnılar səsləndirilib, rəqslər nümayiş olunub.