EN

“Neftçi”yə oyuna öndə başlamaq da yetmədi

Belə başlanğıca “Neftçi” özü də hazır deyildi. Ardıcıl xal itkilərindən əziyyət çəkən komanda çətin rəqiblə ağır matça çıxır və 3-cü dəqiqə tamam olmamış özünü 2:0 öndə görür.

İkinci dövrədə qələbəsiz seriyaya malik olan “Şamaxı” üçün bu, ikiqat zərbə olmalı idi. Misli Premyer Liqasının 13-cü turundan sonra başlayacaq fasiləyə kimi özünə gəlmək istəyən komandanın ümidləri elə startdaca suya düşmüşdü.

Sonradan bəlli olacaqdı ki, bu qəfil partlayış “Neftçi”nin özünə gəlməsinin siqnalı deyil. Sadəcə, oyuna start heyətdə başlayan gənc Murad Məmmədov fərdi bacarığı hesabına bir anda bakılılara böyük üstünlük qazandırdı. O, ilk qolun məhsuldar ötürməsini verdi, daha sonra özü də gözəl zərbə ilə fərqləndi. Bəri başdan deyək ki, matçın gedişində istedadlı olmasına rəğmən, o da flaqmanın ümumi problemlərinin girdabına düşdü, çatışmazlıqları üzə çıxdı.

“Şamaxı”ya bu zərbədən özünə gəlmək üçün yarım saat lazım oldu. Oyunu yavaş-yavaş bərabərləşdirən qonaqlar fərqi azaldanda “Neftçi”də həyəcan başladı. Ayxan Abbasov məhdud heyətə rəğmən, əlində olan futbolçuları daha çox hücum etməyə inandıra bildi. Bu, özünəəminlik hesabın fasiləyədək bərabərləşməsinə gətirib çıxartdı.

Meydan sahiblərinin dadına fasilə çatdı. Samir Abasov paltardəyişmə otağında futbolçularına nə dedisə, onlar ikinci hissədə daha fəal oynamağa başladılar. Bunda bir xala razı olan “Şamaxı”nın keyfiyyətli ehtiyat qüvvənin olmaması üzündən müdafiəyə daha çox diqqət yetirməyə məcbur olması da rol oynadı. Ancaq qonaqlar təzyiqə davam gətirdi və ilk dövrədə olduğu kimi, yenə rəqibindən bir xal qopartdı. Bu, həm də şamaxılıların rəqibi ilə 3 xallıq fərqi qorumağa kömək etdi.

“Şamaxı”nın ilin sonunadək xal ehtiyatını artırmaq ehtimalı var. Komanda çətin təqvimi başa vurdu, bundan sonra daha münasib rəqiblərlə qarşılaşacaq. “Neftçi”nin böhranı isə bitmir. Kluba dönüşünü qələbə ilə qeyd edən Samir Abasov gördüyü sonuncu 3 xalı elə “Səbail”lə matçda əldə edib. Ardınca baş tutan 3 oyunda cəmi 2 xal əldə edilib. Xüsusilə ev matçlarındakı uğursuzluqlar qeyd edilməlidir.

Uğursuzluğun davam etməsi təsadüfi deyil. “Şamaxı” ilə matç komandanın çempionata hazır olmadığını növbəti dəfə göstərdi. Heyətin komplektləşməsindən fiziki hazırlığadək heç nə qaydasında deyil. Və bunun həlli üçün zaman lazımdır. Qışadək xal itkilərinin davam edəcəyi dəqiqdir. Rəhbərlik Abasova məhz bu səbəblərdən səbr edə bilər, amma məşqçinin komandanı böyük uğursuzluqla tərk etməsi ehtimalı realdır. “Neftçi”nin problemi Samir bəyin də öhdəsindən gələ bilməyəcək qədər böyükdür.

Emin Mahmudovun ikinci qola səbəb olan top itkisi, oyunboyu orta sahənin ləngliyi, yaradıcılığın olmaması “Neftçi”nin dərdinin qısa icmalıdır. Roman Qriqorçukun ayağının altının qazılmasına səbəbkar olan bir qrup oyunçu komandanın bugünkü durumunun birbaşa günahkarıdır. Abasov bu günü qurtarmaq üçün sabiq kapitanla “yaxşı dolanmağa”, onu dilə tutmağa çalışır. Amma bəlkə də Emini ümumiyyətlə, kənara atmaq kollektivə daha çox xeyir verər. “Neftçi”nin heyəti Mahmudovsuz da kifayət qədər güclüdür. Ab-havanı düzəltmək üçün bütün sistemi pozan “detal”ı qoparmağa dəyər. Əks halda, ölkənin ən geniş büdcəli komandası ardıcıl ikinci mövsüm avrokuboka gedə bilməyəcək.

ABBAS

Chosen
31
futbolinfo.az

1Sources