EN

Hər bir şüurlu vətəndaş bu aksiyalarda iştirak etməlidir - Ekoloqlardan çağırış

COP29 öncəsi ölkədə sürətlə ağacəkmə aksiyalarına start verilib. Bu aksiyaların əsas mahiyyəti nədən ibarətdir?

Modern.az mövzu ilə bağlı ekoloqların fikrini öyrənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın üzvü Rövşən Abbasov bildirib ki, yaşıllaşdırma fəaliyyətləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi və müvafiq qurumları tərəfindən hər zaman gündəmdə olub:

“Buraya Bakı şəhəri ətrafında, xüsusilə Xocasən gölü və ətrafındakı yaşıllaşdırmaları ais edə bilərik. Meşələrin salınması, meşəlik ərazilərin bərpası kimi fəaliyyətlər nazirliyin daim diqqətində olub. ETSN-nin müvafiq departamentləri var ki, birbaşa bu işlə məşğul olurlar”.
 

Onun sözlərinə görə, 2024-cü ildə bu işlərin intensivləsdirilməsinə təbii baxmaq olar:
 

"Bu işlər "Yaşıl Həmrəylik ili" çərçivəsində həyata keçirilir. Eyni zamanda ölkəmizdə COP29 tədbiri keçiriləcək. Bununla əlaqədar bu işlərin intensivləşdirilməsi, icmaların cəlb olunması baş verir. Demək olar ki, hər həftənin sonu müxtəlif ağacəkmək aksiyası həyata keçirilir. Burada təkcə ETSN işçiləri yox, həm də onların cəlb etdiyi digər icma üzvləri də aktiv  iştirak edirlər”.
 

Ekoloq Cəmşid Bəxtiyar qeyd edib ki, ağacəkmə aksiyaları ölkəmizdə mütəmadi olaraq yaz-payız mövsümündə həyata keçirilir:

"Ümumiyyətlə ağac əkmənin dövrü də bu fəsillərdir. Bitkinin vegetasiya dövrü başlamasından əvvəl və bitəndən sonra bu prosesin həyata keçirilməsi mümkündür. Ona görə də bu addım xüsusilə yaz və payızda həyata keçirilir. Ona görə aksiyaların məhz indi keçirilməsində təəccüblü heçnə yoxdur".
 

C.Bəxtiyar vurğulayıb ki, bu aksiyaların əsas mahiyyəti yaşıllıq ərazilərin artırılmasıdır:
 

"İnanmıram ki, bitkilərin, xüsusilə də ağacların insan həyatında oynadığı rolu izah etməyə ehtiyac var. Digər tərəfdən, bunun COP29 öncəsi baş verməsində də məntiq var. Tədbir əvvəlində ağacəkmə aksiyası keçirilməsəydi, daha təəccüblü olardı. Biz bu böyük tədbirə ev sahibliyi ediriksə, təbiətin mühafizəsi və ətraf mühitə qayğı məsələlərində öncül ölkə olduğumuzu da göstərməliyik. Bu fəsildə ağacəkmə aksiyasının keçirilməsi mövsüm olduğu üçün təəccüblü deyil. Digər tərəfdən isə COP29 oldu-olmadı, biz bu aksiyaları hər zaman keçirməliyik. Bunlar çox lazımlı aksiyalardır, hər bir şüurlu Azərbaycan vətəndaşı imkanı daxilində bu aksiyalarda iştirak etməlidir. Bu aksiyalar alqışlanmalıdır".

Chosen
45
modern.az

1Sources