COP29-un Bakıda keçirilməsi beynəlxalq ictimaiyyətin üzləşdiyi qlobal problemlərin və çağırışların aktuallaşmasına töhfə verəcək.
“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC -a eksklüziv müsahibəsində Ukrayna Ali Radasının deputatı, Energetika və mənzil-kommunal təsərrüfat komitəsinin üzvü, enerjiyə qənaət və enerji səmərəliliyi üzrə alt komitənin rəhbəri Sergey Naqornyak bildirib.
“Mən Bakıda iki dəfə - birinci dəfə Mədəniyyətlərarası Dialoq Forumunda, ikinci dəfə parlament seçkilərində müşahidəçi kimi olmuşam. Azərbaycan yüksək səviyyəli beynəlxalq tədbirlərin təşkilinin öhdəsindən çox gözəl gəlir. Əminəm ki, Bakıda keçiriləcək COP29 ölkənizin ev sahibliyi etdiyi növbəti uğurlu beynəlxalq konfrans olacaq. Bundan əlavə, Azərbaycanın beynəlxalq hüquq normalarına riayət edən, humanizm və ümumbəşəri dəyərlərə sadiq olan regional lider statusunu təmin etməsi vacibdir. Ona görə də Azərbaycan COP29 kimi səviyyəli tədbirlərə ev sahibliyi etmək üçün etibar edilən ölkədir”, - deyə S.Naqornyak qeyd edib.
Deputat vurğulayıb ki, hərbi vəziyyətə baxmayaraq, Ukrayna iqlim və ekoloji təşəbbüslərin həyata keçirilməsi üzərində fəal işləməyə davam edir.
“Düşünürəm ki, COP29 çərçivəsində müzakirə olunan məsələlərin mühüm aspekti müharibənin ətraf mühitə təsiri olacaq: Rusiya və Ukrayna arasında genişmiqyaslı müharibə şəraitində bizim üzləşdiyimiz ekoloji problemlər misilsizdir. Ukrayna hərbi əməliyyatlar nəticəsində yaranmış ekoloji problemlərin həlli yollarını təqdim edəcək və bütün planetin ətraf mühitinə hansı zərərin dəydiyini göstərəcək.
İşğal olunmuş ərazilərdə ekosid və ətraf mühitə zərərin vurulması məsələsi - bunlar təəssüf ki, Azərbaycanın da üzləşdiyi problemlərdir. Ukraynanın iqlim siyasətinin mühüm istiqaməti işğal olunmuş və döyüşdən zərər çəkmiş ərazilərdə ekologiyanın bərpasıdır. Bunun üçün biz beynəlxalq tərəfdaşları cəlb edirik”, - deyə Ukrayna Ali Radasının deputatı əlavə edib.
Onun sözlərinə görə, Kiyev “yaşıl” bərpaya sadiqdir. COP29-da Ukrayna nümayəndə heyəti qlobal iqlim məqsədlərinə nail olmaq planlarının təkcə reaktiv deyil, həm də proaktiv olmasını təmin etmək üçün gördüyü strateji tədbirləri ətraflı şəkildə təqdim edəcək.
“Bizim üçün Azərbaycanın işğal olunmuş ərazilərinin bərpası, texnoloji innovasiyaların və “yaşıl” enerjinin tətbiqi təcrübəsi də mühüm və maraqlıdır.
Bakıda keçiriləcək COP29 tədbiri təkcə iqlim dəyişmələri çağırışlarına qlobal reaksiyaların formalaşdırılması ilə bağlı deyil, həm də ayrı-ayrı ölkələrin üzləşdiyi problemlərin bütün bəşəriyyətə və ətraf mühitə təsir göstərməsi ilə bağlı olacaq. Biz bəşəriyyətimizin ümumi xeyirxah məqsədlərinə nail olmaq üçün ölkələr arasında konstruktiv qarşılıqlı fəaliyyəti təmin edəcək dəyərlər naminə həmrəy olmalıyıq”, - deyə S.Naqornyak vurğulayıb.